
Viktor Şeymov 1946-cı ildə Moskvada anadan olub. Atası sovet ordusunda xidmət edib, polkovnik rütbəsi daşıyıb, anası həkim-stomatoloq işləyib. Viktor orta təhsilini Moskvanın tanınmış məktəblərinin birində, 45 nömrəli orta məktəbdə alıb, texniki fənnlərə böyük maraq göstərib, bu sahədə həmyaşıdlarından fərqlənib və təhsilini əla qiymətlərlə başa vurub. Viktor Şeymov ali təhsilini Bauman adına Moskva Ali Texniki məktəbində alıb, bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirib.
Kosmos texnikası konstruktoru ixtisasına yiyələnən Viktor Şeymov ilk əmək fəaliyyətinə Moskvadakı qapalı elmi-tədqiqat institutunda başlayıb və o, burada işə başlayarkən DTK tərəfindən nəzarətə götürülüb. Ümumiyyətlə, bu müəssisədə çalışan əməkdaşların hamısı DTK nəzarətində olublar.

DTK kurslarını bitirdikdən sonra Viktor Şeymov rabitə, kriptoqrafiya və məxfi şifrələnmə xidmətini kurasiya edən 8-ci baş idarənin əməkdaşı kimi xidmətə başlayıb. O, mütəxəssis kimi SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin Moskva ilə informasiya mübadiləsində məxfiliyinə və texniki təhlükəsizliyinə cavabdehlik daşıyıb.
Xidməti işi ilə əlaqədar tez-tez xarici ölkələrdə ezamiyyətlərdə olan Şeymov həmin ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında da kifayət qədər məlumatlı olub. Ən mürəkkəb şifrələrin açılmasının mahir ustası olan Viktor Şeymov dövlətlərarası “gizli oyunlar”ın haradan qaynaqlandığını da yaxşı bilib.

Ümumiyyətlə, o, məxfi rabitə sahəsi üzrə ən güclü mütəxəssislərdən biri sayılıb. Elə onun ABŞ kəşfiyyatınının diqqətini cəlb etməsi də məhz güclü mütəxəssis olmasından irəli gəlib. Şeymov Amerika kəşfiyyatı üçün vacib və lazımlı bir fuqur sayılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ xüsusi xidmət orqanları 1979-cu ildə Varşavada Şeymovla danışıqlara giriblər və razılaşma ilə nəticələnən danışıqlardan sonra Viktor Şeymov şərti olaraq “Sapfir” adını alıb.
Danışıqların şərtlərinə uyğun olaraq 1980-ci ilin may ayının 15-də Viktor Şeymov həyat yoldaşı və qızı ilə SSRİ-dən qaçırılıb. Onların sərhəddən necə keçirilməsi dəqiq məlum olmasa da, bu haqda iki versiya irəli sürülüb.
Birinci versiyaya görə, ailə Leninqraddan Finlandiyaya ABŞ kəşfiyyatına işləyən digər bir DTK zabitinin vasitəsi ilə keçirilib.
İkinci versiyaya görə isə, Şeymova ABŞ-ın SSRİ-dəki səfirliyində qərb ölkələrinə reysləri icra edən təyyarələrin birinin pilotunun sənədləri düzəldilib. Həyat yoldaşı və qızı isə məxfi möhürlü yük konteyneri ilə təyyaryə keçirilib.
Maraqlı məqamlardan biri odur ki, Şeymovlar ailəsi yoxa çıxdıqdan sonra onların öldürülməsi versiyası səslənib. Hər halda DTK zabitinin yoxa çıxması adi bir hadisə sayılmayıb. Ölüm faktını təsdiqləyən dəlillərin ortaya çıxmaması DTK rəhbərliyini ciddi narahat edib.

Metrodakı qətl hadisəsi ilə bağlı 4 milis əməkdaşı həbs edilib və istintaq başlanıb. Eyni zamanda Şeymovlar ailəsinin istintaqı da davam edib. 1981-ci ildə milis əməkdaşlarına ölüm hökmü cəzası veriləndə, onlar vaxt qazanmaq üçün məhkəmədə daha bir cinayət törətdiklərini, daha bir DTK zabitini qətlə yetirdiklərini “etiraf” ediblər. Məqsəd ölüm cəzasının icrasının vaxtının uzadılması, yaxınlarının hökmün dəyişdirilməsinin mümkünlüyü söyləmələri olub. Bununla da, Şeymovun SSRİ-dən qaçması ehtimalını heç kim ağlına gətirməyib və 1985-ci ilə qədər Şeymovun yoxa çıxması müəmma olaraq qalıb.

Şeymov sosialist düşərgəsində olan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində əsas fiqurlardan biri olub. Bir sözlə, ABŞ-da Viktor Şeymovun bildiklərindən və imkanlarından maksimum istifadə olunub.
Amma bunların müqabilində Şeymova Varşava sövdələşməsində ona təklif olunan 1 milyon dollar ödənilməyib. Viktor Şeymova mənzil və avtomobil verilib, qızının və həyat yoldaşının təhsil haqqı ödənilib və 200 min dollar pul verilib. Bundan razı qalmayan Şeymov məhkəməyə müraciət edib. Onun iddiası qismən təmin edilib. Amma sonralar özü dediyi kimi, o, amerikalılardan pulunu son sentə qədər ala bilməyib.

Şeymovun ABŞ-da olması haqqında təxmini məlumat isə SSRİ-yə ilk dəfə 1985-ci ildə daxil olub. Həmin vaxt Viktor Şeymov ABŞ vətəndaşı olub. 1988-ci ildə isə sabiq DTK zabitinin Amerika kəşfiyyatında xidmət etməsi tam təsdiqini tapıb.
İlk dəfə 1990-cı ildə jurnalistlərə müsahibə verən Viktor Şeymov SSRİ-dən qaçmasının, Amerika kəşfiyyatına xidmət etməsinin səbəbini belə açıqlayıb:
“Mən bütün gücümlə kommunizmə “gedən” SSRİ-ni dağıtmağa cəhd etmişəm. Bu ölkədə baş verən iyrənc oyunlara bələd olan biri kimi, SSRİ ilə mübarizədə ən yaxşı yolu Amerika kəşfiyyatında xidmət etməkdə görmüşəm və bu seçimimdə yanılmamışam...”
Viktor Şeymov 2019-cu ildə, 73 yaşında Virciniya ştatında ağciyər xəstələyindən vəfat edib.
Qeyd edək ki, amerikalı jurnalist Devid Xoffmanın Viktor Şeymov haqqında yazdığı kitabın əsasında “Milyon dollarıq casus” filmi çəkilib.(musavat.com