Masallida.az Arkivan.az
 

“Dollar 1,95 manata yüksələ bilər”

  • 14.04.2020, 19:44,
Ekspertlər mövcud vəziyyətin devalvasiyaya apardığını düşünürlər
 
Koronavirus pandemiyası ilə yanaşı, neft ölkələri, o cümlədən Azərbaycan başqa bir ciddi sıxıntı yaşayır – neftin qiymətinin kəskin ucuzlaşmasının nəticələrini. Azərbaycanın dövlət büdcəsinin əsas hissəsini neftdən gələn gəlir təşkil etdiyi üçün, neftin qiymətinin düşməsinin təsirlərini bütün sahələrdə hiss edə bilərik. Üstəlik, üçüncü devalvasiya riski də var.
 
Belə şəraitdə bəziləri neft hasilatının və satışının dayandırılmasını yaxud azaldılmasını təklif edirlər. Təbii ki, bunun da öz problemləri meydana çıxa bilər.
 
AYNA-ya şərhində iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, qiymətinin ucuzlaşmasına baxmayaraq, biz neftin satışını dayandıra bilmərik: “Bu, müqavilələrlə tənzimlənir, bizim səlahiyyətimizdə deyil. Parlament tərəfindən tənzimlənən “Hasilatın pay bölgüsü” müqaviləsi ilə həyata keçirilir. “Hasilatın pay bölgüsü” müqaviləsinə görə, neftin hasilatını və satışını dayandıra bilmərik. Bu, mümkün və məntiqli deyil. Başqa heç bir ixracat patensialımız olmadığı üçün çıxış yolumuz da yoxdur. Azərbaycanın ixracatının 91 faizini neft və neft məhsulları təşkil edir. Neft Fondunun büdcə qarşısında öhdəliyi var. Büdcənin 49-50 faizi neftdən gələn gəlir hesabına formalaşır. Və neftin qiymətindən asılı olmayaraq, həmin vəsait Neft Fondu tərəfindən büdcəyə daxil edilməlidir”.



“Amma digər sahələrdən büdcəyə gələn vergilərin və rüsumların ciddi şəkildə azalması müşahidə olunacaq. Çünki iqtisadi aktivlik azaldıqca, təbii ki, vergi öhdəlikləri də azalacaq. Eyni zamanda, iqtisadi aktivlik azalanda gömrükdən keçirilən malların da həcmi azalır. Deməli, gömrük daxilolmaları da ciddi şəkildə azalacaq. Üstəlik, koronavirus təhlükəsi səbəbindən sərhədlərin bağlı olması vəziyyəti bir qədər də ağırlaşdırır. Bir sözlə, vergi və gömrükdə problemimiz yaranacaq”, - iqtisadçı bildirib.
 
Devalvasiya riskinə gəldik, Cəfərli qeyd edib ki, Azərbaycanda məzənnə iqtisadi qaydalara əsasən nizamlanmır: “Bankların iqtisadi qaydalarına uyğun olaraq nizamlanmır. Bunu Mərkəzi Bank da etiraf edir. Artıq “üzən məzənnə” rejimi termin olaraq gündəlikdən çıxıb. Bizdə inzibati tənzimlənmədir. Yəni məzənnənin aqibəti hökumətin verəcəyi qərardan asılıdır. Azərbaycanın indiki iqtisadi durumu devalvasiyanı önləməyə imkan vermir. Devalvasiya baş verməsi ehtimalı çox yüksəkdir. Düşünürəm ki, devalvasiya baş versə, 1 dollar 1.95 manata yüksələ bilər”.
 
Bank və maliyyə mütəxəssisi Əkrəm Həsənov da AYNA-ya deyib ki, neftin qiyməti uzun müddət belə qalarsa, Azərbaycanda devalvasiya qaçılmaz olacaq: “Neftin qiymətinin aşağı olması səbəbindən Azərbaycana dollar az gələcək. Bazar iqtisadiyyatının əsas prinsiplərindən biri də az olan məhsulun qiymətinin baha olmasıdır. Dollar az gəlirsə, qiyməti bahalaşmalıdır. Bu, məntiqlidir. Amma Mərkəzi Bank Dövlət Neft Fondu ilə bərabər bir müddət manatın məzənnəsini saxlaya bilər. Necə ki, indi saxlayırlar. Neft Fondunun 40 milyard dollar, Mərkəzi Bankın 6 milyard ehtiyat valyutası var. Bu ehtiyatların hesabına hələlik manatın məzənnəsini saxlamaq olar. Amma bu ehtiyatları da uzun müddət xərcləyə bilməzlər”.

“2014-cü ilin yayında neftin qiyməti düşəndə valyuta ehtiyatlarımız hesabına manatın məzənnəsini saxlayırdıq. Amma bir müddət sonra, yəni 2015-ci ildə ilk dəfə olaraq devalvasiya baş verdi. Qeyd edim ki, bu böhran dərin və uzunmüddətlidir. Sağlam məntiqlə bu gün neft ölkələrinin məzənnəsində də ucuzlaşma gedir. Sadəcə həmin ölkələrin əksəriyyətində “üzən məzənnə”dir. Həmin ölkələr valyuta ehtiyatlarını məzənnənin saxlanılmasına xərcləmir. Biz isə hələ də xərcləyirik. Amma bunu bir neçə ay saxlaya biləcəyik. Bir neçə aydan sonra onsuz da devalvasiya qaçılmaz olacaq”, - Həsənov vurğulayıb.
 
Ekspert vətəndaşlara məsləhət verməyi də unutmayıb: “Vətəndaşlar devalvasiya təhlükəsi var deyə, əllərində olan pullarını dollara çevirməsinlər. Çünki bir neçə gün sonra pul lazım olanda gedib yenidən manata çevirirlər pullarını və bu zaman pul itirirlər. Amma əllərində xərcləməyəcəkləri pulları varsa, onları dəyişə bilərlər”.


Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Reklam

  • 15:22
  • 340
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter