Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ermənistana edilən yardım Azərbaycana atılan güllə deməkdir” - Politoloq



Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın sözçüsü İbrahim Kalın bir neçə gün əvvəl Ermənistan və İsrail də daxil olmaqla 100-ə yaxın ölkənin Türkiyədən koronavirusla bağlı yardım istədiyini açıqlayıb. Bunun ardınca sözçü Türkiyənin humanitar yardım məsələsində dünyada birinci ölkə olduğunu, lakin ilk növbədə öz ehtiyaclarını qarşılamağı hədəflədiklərini bildirib
Son məlumatlara görə isə İbrahim Kalın Türkiyədən Ermənistana yardım ediləcəyini və bu məsələdə heç bir siyasi motivin olmadığını deyib. Maraqlıdır, bu addımın Azərbaycan-Türkiyə münasibətlərinə təsiri nə olacaq? 
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən politoloq Natiq Miri ilk əvvəl hadisənin təfərrüatları barədə danışıb və bildirib ki, əslində tibbi ləvazimat Ermənistan tərəfindən istənilməyib, Türkiyə bunu təklif edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Türkiyədə olan erməni yepiskopluğuna telefon zəngi olub. Bu zaman Ərdoğan yepiskopa koronavirusa qarşı mübarizədə yaradılmış fonda Türkiyədə mövcud olan bəzi erməni dərnəklərinin maliyyə yardımına görə təşəkkür edib və bunun qarşılığında Türkiyənin də Ermənistana konkret dərmanlar göndərməsi ilə bağlı təklif irəli sürüb. Çox maraqlıdır ki, prezident sözçüsü İbrahim Kalın bu informasiyanı tamamilə fərqli yöndə cəmiyyətə təqdim elədi. Guya Ermənistan, hətta İsrail kimi ölkələr bu çətin məqamda Türkiyədən yardım istəyirlər. Lakin bunun ardınca Ermənistan XİN sözçüsü Nağdalyan açıqlama verdi. O bildirdi ki, Türkiyədən xahişləri yalnız Türkiyədə olan 100-ə yaxın erməni vətəndaşının Türkiyədən Ermənistana buraxılması ilə bağlıdır. Bu məsələdə Türkiyə Ermənistanın fikrini məqbul hesab edib, Gürcüstan vasitəsilə onları buraxıb, məsələ də bununla məhdudlaşıb. Nağdalyan həmçinin rəsmi qaydada Ermənistanın Türkiyədən heç bir yardım istəmədiyini də bildirir. Telefon danışığına münasibət bildirərək bu məsələnin hələlik müzakirə predmeti olmadığını deyir. Ortada “arx gəlməmiş çırmanan” Türkiyə tərəfidir. Bunu cəmiyyətə təqdimatda İbrahim Kalın göstərdi. Yalnız insanlıq məsələlərini önə çəkərək guya siyasi motivin olmadığını iddia edir”. 
Ekspert vurğulayıb ki, Türkiyə Ermənistana tibbi ləvazimatla bağlı yardım göstərsə, Azərbaycanla münasibətlər pozulmayacaq, çünki bu, iki qardaş arasında olan minillik münasibət və əlaqələrdən ibarətdir və olduqca dərin kök atıb. Sadəcə AKP hakimiyyəti anlamalıdır ki, Ermənistana olunan hər bir yardım Azərbaycan əsgərinə atılan mərmi və Azərbaycan əsgərinin ölümü anlamına gəlir: “Əgər həqiqətən də dedikləri kimi hər hansı siyasi motiv yoxdursa, AKP hakimiyyəti bir ovuc ermənilərin qəlbini qırmaq istəmirsə, Azərbaycanın düşməni olan Ermənistana yardım etməyi seçirsə, bu məsələyə qarşı çıxan 10 milyon Azərbaycan türkünün qırılan qəlbini hara qoyur? Bu yöndə də düşünsələr, pis olmaz. Birinci Qarabağ savaşı dönəmində Azərbaycan cəmiyyəti İranı məhz Ermənistana yardım etdiyi üçün düşmənin dostu rolunda qəbul elədi və hələ də ictimai rəydə bu belədir”.
Natiq Miri qeyd edib ki, əgər AKP hakimiyyəti də Azərbaycanın düşməninin dostu statusuna “qalxmaq” istəmirsə, bu yardımdan vaz keçməlidir: “Türkiyə yardımı ermənilərin istədiyini deyir. Bariz görünür ki, ermənilər istəmir, onlara təklif edilir. Nağdalyan dolayı yolla deyir ki, Türkiyə xahiş edərsə, xahişi yerinə yetirərik. Bu da qəbul olunan məsələ deyil. Ayrıca informasiyanın arxasında ermənilərin şərhi də yazılıb. Ermənilər Türkiyənin yardım təklifinə şərt qoyurlar. Bildirirlər ki, əgər Türkiyə yardım məsələsində səmimidirsə, onda Azərbaycana satılan silahlardan tamamilə imtina etməlidir, qondarma “erməni soyqırımı”nı etiraf edib üzr istəməlidir. Bu da erməni ictimaiyyətinin fikri. Bunu hara tikəcəklər?” 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10