Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Günəşin doğduğu yerə gedəcəyəm - Orxan Vəlinin şeirləri


Bu gün böyük türk şairlərindən Orxan Vəlinin ad günüdür. Kulis.az bu münasibətlə şairin ən yaxşı seçmə şeirlərini təqdim edir.
Müftə
Müftə yaşayırıq, müftə;
Hava müftə, bulud müftə;
Dərə-təpə müftə;
Yağış müftə, palçıq müftə;
Avtomobillərin
içi yox, çölü müftə;
Kinoteatrların
içi yox, çölü müftə;
Mağazaların
vitrinləri müftə;
Pendir, çörək deyil,
acı su müftə;
Azadlıq baş bahasına,
əsirlik müftə;
Müftə yaşayırıq, müftə.

Maqqaşlı şeir
Nə atom bombası,
Nə London konfransı;
Bir əlində maqqaş,
Bir əlində ayna -
Vecinə də deyil dünya.
Bizim kimi
Əcaba,
bir tank
nə görür yuxusunda
və bir təyyarə
nə düşünür
tək qaldığı zaman?
Həp bir ağızdan
türkü oxumağı
sevməzmi qaz maskaları
Ay işığında?
Və tüfənglərin
mərhəməti yoxdurmu,
heç olmasa, biz insanlar qədər?

Deyil
Bilmirəm ki, necə anladım,
Necə, necə, sizə dərdimi.
Bir dərd ki, ürəklər acısı,
Bir dərd ki,
düşmən başına da gəlməsin.
Eşq yarası desəm, deyil,
Çörək parası desəm, deyil.
Bir dərd ki...
Bir illət ki...
Bir mirət ki...
Tab gətirmək mümkün deyil.
Dedi-qodu
Kim dilə-dişə salmış məni -
Süleyhaya vurulmuşam deyə?
Kim görmüş, kim,
Elifi öpdüyümü,
Yol kənarında
günün günorta çağı?
Əvvəl Məlahəti almışam,
Sonra da Tükəzbanı, eləmi?
Kimin qolunu
çimdikləmişəm tramvayda?
Hə, bir də, guya,
Qalata körpüsünə dadanmışam,
Axşam-səhər demədən ordayam...
Çək,
atam, anam,
bunların üstündən
bir qələm çək...
Bir gün
Nihalı bir qayığa mindirib,
Türkü söyləyə-söyləyə
Günəşin doğduğu
yerə gedəcəyəm...
Qüssələnirəm
Məktub alıram - qüssələnirəm;
Mey içirəm - qüssələnirəm;
Üsküdarda
"Kazımın türküsü"nü oxuyarlar -
qüssələnirəm.
Nə olacaq bunun axırı?
Bilmirəm... Bilmirəm... Bilmirəm...

Gözəl havalar
Məni bu gözəl havalar məhv etdi,
Belə havada
ərizə yazdım,
çıxdım işdən,
Belə havada alışdım
siqaret çəkməyə.
Belə havada aşiq oldum.
Belə havada unutdum
evə duz-çörək aparmağı.
Belə havada şiddətləndi
şeiryazma xəstəliyim.
Qərəz,
bu gözəl havalar
məhv etdi məni.
Hürriyyətə doğru
Gün doğmamışdan,
Dəniz hələ masmaviykən
çıxacaqsan yola,
Əllərində kürəkdən
bərk-bərk yapışmaq ehtirası,
İçində bir iş görməyin sevinci,
Gedəcəksən,
Suların çalxalandığı yerdə
Balıqlar çıxacaq qarşına,
Sevinəcəksən.
Toru silkələdikcə,
Dəniz gələcək əlinə, pul-pul.
Birdən üfüqdə -
qağayıların ruhlarının
susduğu yerdə
qiyamət qopacaq!
Dəniz qızımı deyirsən,
su pərisimi deyirsən,
Bayramlarmı,
Seyranlarmı deyirsən,
Tellərmi,
Duvaqlarmı deyirsən,
Eheyyy?
Düşünmə ki,
arxada gözləyənin var -
At özünü dənizə!
Dörd yanın hürriyyət!
Qayıq ol, yelkən ol,
balıq ol, su ol,
Get
gedə bildiyin yerə!

Birdən-birə
Hər şey birdən-birə oldu:
Göy üzü birdən-birə,
gün işığı birdən-birə,
qırmızı birdən-birə,
mavi birdən-birə.
Hər şey birdən-birə oldu:
Burdən-birə
qalxmağa başladı
duman torpaqdan.
Hər şey birdən-birə oldu:
düymə birdən-birə,
tumurcuq birdən-birə,
meyvə birdən-birə.
Hər şey birdən-birə oldu:
oğlan birdən-birə,
qız birdən-birə,
yollar birdən-birə,
səhralar birdən-birə,
pişiklər birdən-birə,
İnsanlar birdən-birə...
Eşq birdən-birə oldu,
Sevinc birdən-birə.

Romantika
Ağlasam, səsimi duyarmısınız
misralarımda?
Toxuna bilərsinizmi göz yaşlarıma
əllərinizlə?
Bilməzdim türkülərin
bu qədər gözəl,
sözlərin bu qədər
gücsüz olduğunu,
bu dərdə
düşməmişdən əvvəl.
Bir yer var, bilirəm,
Orda,
Hər şeyi demək mümkün.
Yaxınlaşıram, yaxınlaşıram...
Amma deyə bilmirəm.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10