Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İş yox, evdən çıxış yox, amma ipoteka kreditinizi ödəməlisiniz


İş yox, evdən çıxış yox, amma ipoteka kreditinizi ödəməlisiniz
Hökumət bankların problemini düşünür, amma borclu vətəndaşların məsələsi barədə o qədər həssaslıq göstərmir
 
Karantin rejimindən dolayı xeyli sayda vətəndaşın işini, gəlirini itirməsinə baxmayaraq, banklar ipoteka krediti olan müştərilərindən borclarını ödəməyi tələb edir. Söhbətləşdiyimiz bir sıra bank işçilərinin dediklərinə görə, ipoteka krediti tətilləri haqqında müzakirə belə, aparılmır.
 
Bəs, hökumətin qərarı ilə evdə qalmaq məcburiyyətində olan vətəndaşların durumu? Bunu necə anlayaq və ödəniləcək vəsaiti haradan əldə edək?
 
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mətbuat katibi Yeganə Laçinzadə AYNA-ya deyib ki, dövlət səviyyəsində kreditlərlə bağlı qərar verilməyib: "Bu haqda qərar olsa, ictimaiyyətə məlumat veriləcək”.
 
“Yelo Bank”dan (əvvəlki “NikoilBank”) mətbuat xidmətindən də cavab aldıq ki, onlarda ipoteka borcları ilə əlaqədar kredit tətilləri haqqında hər hansı məlumat yoxdur.
 
Məlumdur ki, "İpoteka kreditləşməsi və kreditlərə zəmanət vermə mexanizminə maliyyə dəstəyi proqramı" karantin rejiminin vurduğu ziyanın təsirlərini azaltmaq üçün hazırlanan böhran əleyhinə tədbirlərə daxildir. Bununla belə, hazırda ipoteka ödəməyə məcbur olan borclular var və onların sıxıntısı kimsəni narahat etmir.
 
Nazirlər Kabineti yanında Operativ Qərargah bu istiqamətdə nələr edir? Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə bildirib ki, əmanətçilərlə kredit-maliyyə qurumlarının vəziyyətinin pisləşməsini birləşdirmək lazım deyil: “Çalışmalıyıq ki, bankların işinə xələl gətirməyək, onları iflasa sürükləməyək. Bu baxımdan məsələlərin nəzərdən keçirilməsi, demək olar ki, tamamlanma mərhələsindədir. Yaxın günlərdə təsdiqlənəcək sənədlər hazırlanır və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
 
Deməli, hökumət bankların problemini düşünür, amma borclu vətəndaşların məsələsi barədə o qədər həssaslıq göstərmir. Xatırlatmaq yerinə düşər ki, böhranla mübarizə tədbirlərinin hazırlanmasının ilk vaxtlarında bəzi deputatlar və ekspertlər hökumətə kredit tətilləri (xüsusən ipoteka borcları seqmentində) tətbiq etməyi təklif etdilər. Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, bu vəziyyətdə əhaliyə və biznesə verilən kreditlərin təxirə salınmasını müəyyənləşdirmək lazımdır və Mərkəzi Bank belə bir tövsiyə ilə banklara müraciət edə bilər.
 
Təəssüf ki, Mərkəzi Bankın mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız qaldı. Eyni zamanda, bank mütəxəssisləri hesab edirlər ki, AMB biznes və ictimaiyyəti dəstəkləmək üçün belə bir addım ata bilər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10