Bakı Mətbuat Klubu (Press Klub) İdarə Heyəti Azərbaycan vətəndaşlarına və kütləvi informasiya vasitələrinə müraciəti edib.
“Xüsusi karantin şəraitində kütləvi informasiya vasitələrinin normal fəaliyyətini təmin etmək üçün jurnalistlərin hərəkətlərinə məhdudiyyət qoyulmur. Təəssüf ki, “kütləvi informasiya vasitəsi” kimi qeydiyyatdan keçmiş və müvafiq rekvizitlərə malik bəzi fiziki-hüquqi şəxslər bundan sui-istifadə etməyə başlayıblar. Saxta jurnalist vəsiqələrinin hazırlanması və hətta 20-30 manata satılması barədə sosial şəbəkələrdə xəbərlər dolaşır. Həmkarlarımızdan da bu barədə məlumatlar alırıq. Əhalinin sağlamlığına və həyatına təhlükənin reallığını dərk etməyən insanlar isə şəhərdə hərəkət sərbəstliyi qazanmaq üçün saxtakarların “xidmətlərindən” yararlanırlar.
Biz ilk növbədə ölkə vətəndaşlarına müraciət edirik. Hamıdan yüksək məsuliyyət, beynəlxalq təşkilatların və yerli dövlət orqanlarının profilaktik tədbirlərinə ciddi əməl etmək tələb olunduğu şəraitdə qanunsuzluqlara yol verməyin, onların iştirakçılarına çevrilməyin. Dünyanı silkələmiş bu bir neçə çətin ayı mümkün qədər az itki ilə ötürmək üçün biz mütəşəkkillik və öhdəmizə düşən vəzifələrə vicdanlı münasibət nümayiş etdirməliyik, bir-birimizi, əslində özümüzü aldatmamalıyıq.
Biz adi hallarda da, ekstremal vəziyyətlərdə də ictimai maraqlara xidməti, peşə şərəfi və ləyaqətini uca tutmalı olan professional media qurumlarına müraciət edirik. Profilaktik tədbirlərin əhəmiyyətini azaldan, eyni zamanda jurnalist adına ləkə gətirən belə əməllərin qarşısının alınmasına kömək edin.
Saxtakarlara, şərəfli jurnalist vəsiqəsini alver predmetinə çevirənlərə isə müraciətin əhəmiyyətsizliyini başa düşürük. Biz dövlət orqanlarını söz və mətbuat azadlığını məhdudlaşdıran hər cür addımdan çəkindirməklə yanaşı, medianın üstün hüquqlarından çirkli pullar qazanmaq üçün istifadə edənləri şiddətli şəkildə qınayırıq”.