Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sovet dövrünün milyonçu univermaq direktoru – Kantorun bağ evindən külli miqdarda nağd pul, 10 kq qızıl çıxıb




Onun kabinetinin qarşısındakı qəbul otağına işıqfor quraşdırılıb. Bəli, sözün əsl mənasında küçələrdə olan işıqforların kiçik formasında olan üç rəngli qurğu. Qurğunun işıqlarını isə kabinetdə əyləşən Vladimir Kantor tənzimləyib. Qırmızı işığın yanması onu göstərib ki, kimliyindən asılı olmayaraq kabinetə daxil olmaq qadağandır. Sarı işıq qəbula gələnlərin gözləməsinə işarə edib. Yaşıl işıq yananda isə katibənin icazəsindən sonra gözləyənlər bir-bir içəri daxil olublar.
1970-ci illərin sonunda, 1980-ci illərin əvvəllərində Moskvadakı “Sokolniki” univermağının direktoru Vladimir Kantor haqqında əfsanələr dolaşıb. Yuri Andropov hakimiyyətə gəldikdən sonra korrupsiyaya, rüşvətə, qanunsuz ticarətə, dövlət əmlakını mənimsəyənlərə qarşı genişmiqyaslı mübarizəyə başlayanda, Vladimir Kantoru tora sala bilməyib. Haqqında bir neçə dəfə materiallar toplansa da, univermaq direktoru haqqında ciniyət işi açmaq üçün kifayət qədər dəlil və sübut tapılmayıb.
Yerli rayon sovetinin deputatı olan Vladimir Kantor “toxunulmaz şəxs” kimi tanınıb. Amma onun toxunulmazlığını təmin edən təkcə cibində gəzdirdiyi deputat vəsiqəsi olmayıb. Yuxarılarla sıx əlaqəsi onun toxunulmazlığını daha da möhkəmləndirib.
Moskva şəhər İcraiyyə Komitəsinin sədri Promıslovla bacanaq olan Vladimir Kantorun Moskva şəhər Partiya Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü Viktor Qrişinlə də yaxın dostluq münasibətləri olub. O, birincilərlə olan dostluq münasibətlərini heç vaxt gizlətməyib, onlarla birgə necə əyləndikləri, ova getməkləri, birgə toplaşdıqları məclislər haqqında ətrafdakılara həvəslə danışıb.

“Sokolniki” univermağında müvafiq qurumların cari yoxlamalarını Vladimir Kantor saya salmayıb. Mövcud dövrdə ticarət sahəsində çalışanların ən çox çəkindiyi SƏDM əməkdaşlarını (OBXSS) Vladimir Kantor heç kabinetinə də buraxmayıb.
İsrefada olan milis general-leytenantı Oleq Aksenov müəllifi olduğu “Qayıdış nöqtəsi” kitabında univermaq direktorunun milis işçilərinə münasibəti ilə bağlı maraqlı faktlar təqdim edib:
“Katibə Vladimir Kantora SƏDM əməkdaşının qəbulda gözlədiyini söyləyib, direktor qəzəblə onun sözünü yarımçıq kəsib:
- Görürəm, burax, gəlsin içəri.

Gənc milis leytenantı içəri daxil olub.
- Eşidirəm sizi, cavan oğlan. Yoxlamaya gəlmisiniz? Kim sizi bura göndərib? Mənim kabinetimə qədər gəlməyə kim sizə haqq verib? Vəsiqənizi təqdim edin.
Milis leytenantı vəsiqəsini ona göstərəndə Vladimir Kantor vəsiqəni onun əlindən alaraq otağın küncündəki zibil səbətinə tullayıb, sonra telefonun dəstəyini qaldıraraq rayon daxili işlər şöbəsinin rəisinə zəng vurub:
- Sergey İvanoviç, biz ciddi adamlarıq, siz mənim üstümə kimi göndərirsiniz? Bu nə özfəaliyyətdir? Mən sizdən xahiş edirəm, bu, bir daha təkrar olunmasın. Təkrar olunarsa, söhbətimiz başqa müstəvidə olacaq.
Direktor sonra dəstəyi leytenanta verib. Rəis gənc leytenanta təcili olaraq kabineti tərk etməyi əmr edib...”

SSRİ-yə daxil olan xarici malların bölgüsündə “Sokolniki” univermağının xüsusi payı olub. Moskava şəhər ticarət idarəsi “qarşılıqlı anlaşma” nəticəsində Vladimir Kantoru ən defisit mallarla təmin edib. Amma bu malların heç beş faizi univermaqda satılmayıb. Vladimir Kantorun “alverçi şəbəkəsi” malları birbaşa anbarlardan daşıyıblar.
Univermaq direktoru daha çox zinət əşyalarından, brilyant və qızıl məmulatlarından zənginləşib. 1970-ci illərin sonlarından başlayaraq zinət əşyalarının qiymətləri qalxanda, Vladimir Kantor yüz minlərlə rubl dəyərində qızıl və brilyant alıb və onları mənzilində, bağ evində gizlədib. Bir müddət keçdikdən sonra, qiymətlər qalxanda həmin malları yeni qiymətlə özünün daimi müştərilərinə satıb. Təkcə 1981-ci ildə Vladimir Kantor bu işə 322 min rubl pul sərf edib.
Vladimir Kantoru Moskvanın bütün zənginləri tanıyıb. İmkanlı şəxslər defisit sayılan mallar üçün ona müraciət ediblər.
Vladimir Kantor təkcə univermaqdakı gəliri ilə özünü məhdudlaşdırmayıb. Mənzil və avtomobil almaq arzusunda olanlar, işə düzəlmək, prestijli institutlara qəbul olunmaq istəyənlər də ona üz tutublar. O, öz maraqlarını da təmin edərək hamının işinə “yarayıb”.
Onun çoxşaxəli “fəaliyyəti” ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin, həmçinin Kremlin diqqətindən yayınmayıb və hamı onun kimlərə arxayın olduğunu da yaxşı bilib.

Nəhayət, 1985-ci ildə Vladimir Kantorun cinayətlərini açmaq üçün Moskva şəhər Daxili İşlər İdarəsində xüsusi qrup yaradılıb. Mərkəzi Komitənin göstərişi ilə xüsusi qrup Viktor Qrişinin Macarıstanda səfərdə olduğu zaman fəaliyyətə başlayıb. Ən maraqlı fakt isə odur ki, Vladimir Kantorun “şəbəkəsi”ni ifşa etmək üçün nə az, nə çox, ümumilikdə hüquq-mühafizə orqanlarından 400 nəfər əməkdaş cəlb olunub. Əməliyyatın məxfiliyinin qorunması üçün hər bir əməkdaşdan iltizam alınıb.
1 aprel 1985-ci ildə Vladimir Kantor mənzilindən çıxanda, o, milis əməkdaşları tərəfindən saxlanılıb. Direktor əvvəlcə elə düşünüb ki, onunla 1 aprel zarafatı edirlər. Məsələnin ciddiliyini anlayanda, o, son azadlıq məqamında da hikkəsini gizlətməyib:

- Bu nə özbaşınalıqdır? Siz buna görə cavab verməli olacaqsınız? Mən deputatam.
O, bu sözləri dediyi zaman isə, rayon xalq deputatları sovetinin iclası başlayıb, Vladimir Kantorun deputatlıq səlahiyyətinə xitam verilib.
Axtarış zamanı Vladimiri Kantorun mənzilindən və bağ evindən ağılasığmaz miqdarda pul və zinət əşyaları aşkar edilib. SSRİ Daxili İşlər Nazirliyi tərəfindən əməliyyata rəhbərlik edən milis polkovniki Oleq Artyuxin sonralar verdiyi müsahiblərdə axtarış zamanı təəcübünü gizlədə bilmədiyini söyləyib:
“Vladimir Kantorun var-dövlətini sakitliklə qarşılamaq mümkün deyildi. 10 kiloqram xalis qızıl, 619 min rubl, 749 zinət əşyası. Onun 15 otaqlı bağ evi, böyük mənzili yaşayış yerindən daha çox İsveçrə bankını xatırladırdı. Aşkar edilən təkcə saydıqlarım deyil. Bu yalnız axtarışın birinci günü tapılmışdı. Hansı seyf açılırdısa, içərisindən ən azı 100 min rubl çıxırdı...”
Vladimir Kantor elə düşünüb ki, “dost”ları onu dar gündə qoymayacaqlar. Xüsusilə də o, Viktor Qrişinə arxalanıb. Ancaq 1985-ci il SSRİ-də elə bir dövr idi ki, Qrişin heç özünü qoruya bilmirdi.
Məhkəmədə Vladimir Kantoru 7 maddə ilə ittiham ediblər və o, əmlakı müsadirə olunmaqla 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən bir həftə sonra Vladimir Kantor ürək çatışmazlığından vəfat edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10