Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 dekabr 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- İndi deməyin nədir?
- Deyirəm ki, bu çəpəri-zadı yığışdıraq, başlayaq kitab oxumağa. Bir var Həsənqulu, Badanis sizə gələ, bir də var Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Şekspir sizə gəlib səninlə söhbətləşə.
- Sənin də ağlına elə boş-boş şeylər gəlir. Kitab oxumaq yaxşı iş olsa idi, böyüklərimiz kitab oxuyardı da. Mən adam tanıyıram ki, evinin divarına görkəmli adamların kitablarının şəkilini çəkdirib ki, guya bunun məşhurların əsərlərindən ibarət şəxsi kitabxanası var. Rayondakı məşhur sahibkarların yarısı heç latın qrafikası ilə oxuya bilmir. Bir də bu işin ziyanı var.
- Kitabdan nə ziyan?
- Qıza, kitab oxuyandan sonra bəzi məmurların vicdanı təmizlənəcək, onlar daha saf adam olacaq, rüşvət almayacaq, murdarlıq etməyəcək və sair.
- Vallah, sənin başın xarab olub. Məmur tanıyıram, gecə-gündüz kitab oxuyur, amma rüşvəti də daha savadlı alır. Yəni, o məmurlar ki, mən tanıyıram ha, onların vicdanını nəinki kitabla, heç yanğınsöndürən maşınların yüksək təzyiqlə vurduğu maşın-maşın sular da təmizləməz. İstəyirsən, bir-iki balca misal da çəkim. Məsələn, qəzetdə 10 elanı birdən versək ki, filankəsin böyrəyi xəstədir, filankəsin evi yanıb, başqa bir kəsin ölüm-dirim məsələsidir, ona kömək edin, haya gələn ya bir olar, ya iki. Amma icra başçısı bir dəfə köməkçisinin köməçisi vastəsi ilə balaca eşitdirsə ki, mənə yardım lazımdır, yüzlərlə hacı, kərbəlayi, məmur, ziyalı... sıraya düzülər.
- Məndə bir xəbər də var. Xəstəxanada Bəşir həkim var e, o, bizə sual göndərib soruşur ki, seçkidə saxtakarlıq edən məntəqə üzvləri səhəri gün kollektiv şəkildə məcidə gedib salavat çevirsə, onların günahları bağışlanar, ya yox? Sonra da özü cavab verir ki, Şərəfə kəndində seçki məntəqəsinin üzvləri bu ilki bələdiyyə seçkilərində ağlasığmaz saxtakarlıqlar edəndən sonra səhəri gün dəstə ilə gediblər məscidə. İndi fikirləşirəm ki, bələdiyyə seçkilərinin günahını birtəhər yudular, bəs gələn ilki parlament seçkilərini saxtalaşdıranda günahlarını harada yuya-caqlar?
- Sən belə şeylərin fikrini eləmə. İndi Avropa Şurasına, BMT-yə də asanlıqla xod edirlər, bəlkə, o vaxta kimi bəzi mollalarla dil tapıb o dünyada da işlərini sahmana saldırdılar.
- Bax indi yavaş-yavaş haqq yoluna gəlirsən. Yoxsa, kitab belə getdi, dəftər belə gəldi. Camaat bizdən məmurların pərdəarxası fırıldaqları barədə xəbər gözləyir sən də başlamısan kitabdan-zaddan. Belə şeylərdən çox danışsan, heç bu çəpərüstünü oxuyan da olmaz.
- Qıza, özün bayramqabağı bir az tikanlı söhbətlərdən qaçıb üzdən getdim ki, bu əziz günlərdə camaatın, daha dəqiq desək, məmurların kefinə soğan doğramayım. Bir də, indi bələdiyyələrdən, əlillər üçün tikilən evlərdən, şirkətlərdən, boş qalan vəzifə yerlərindən qaçdı-qovdu ilə çırpışdırdıqları pullara başları elə qarışıb ki, gözlərinə qəzet-filan görsənmir. Sanki bu gün-sabah dünyanın axırıdır. Sağlıq olsun, gələn dəfə görəcəksən ki, “başçı-əmioğlu” savaşlarından, başçının seçki qabağı buraxdığı “quş”lardan hansı söhbətlər edəcəyəm.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10