Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"


Jurnalist Mahir Cavadlının bu günlərdə vəfat etmiş qonşusu, Xalq artisti Rauf Babayevə həsr etdiyi “Qaya”mızın təbəssümlü çöhrəsi” yazısnı təqdim edirik.
On ilə yaxındır ki, hər gün olmasa da, həftədə bir-iki dəfə bu təbəssümdən mənim də əhval-ruhiyyəmə pay düşərdi. Qonşu kimi mehriban, elə ilk baxışdan sadə insan təəssüratı bağışlayan Xalq artisti Rauf Babayevlə hər qarşılaşanda onun pozitiv enerjisindən sanki bir rahatlıq, müsbət duyğusallıq qazanardım.
Uşaqlıqdan “Qaya” vokal ansamblının dördlüyündə məhz təbəssümü ilə daha çox yaddaşımda ilişib qalan bu yaradıcı insan yeni həyətimizdə ilk tanışlıqdan elə o gülərüz siması ilə də ona olan rəğbət hissimi artırdı.
Güman ki, hələ ötən əsrin 60-cı illərindən rayon mühitində yaşayan bir çocuq kimi Azərbaycanın məşhur “Qaya” vokal ansamblının pərəstişkarı olduğumdan xəbərsizdi. Yəqin, adımı da sona qədər bilmədi. Axı bu böyük insana özümü necə təqdim edəcəydim?!... Buna baxmayaraq, həyətdə rastlaşdığımız hər dəfədə o qədər səmimiyyətlə hal-əhval tutardı ki, elə bil neçə illər tanıdığı doğma adamı ilə görüşür. O, hamı ilə belə idimi, deyə bilmərəm, onu bilirəm ki, mən ən çox sevdiyim incəsənət adamlarından və ən mehriban qonşularımdan birini itirdim.
Televiziya kanallarında, o cümlədən acı xəbərdən bir neçə gün əvvəl İctimai Televiziyanın “Ötən günlər” verilişində iştirakı zamanı maraqlı söhbətləri, məntiqli mükalimələri, asta, rəvan nitqi ilə böyük mədəniyyətə, yüksək intellektə, peşəkar yaradıcı insana xas xarakterini əks etdirirdi. Çoxillik səmərəli yaradıcılığı, respublika incəsənətinə layiqli xidməti ilə yanaşı Rauf müəllimin həddindən artıq təvazökarlığı onun daxili insani keyfiyyətlərindən xəbər verirdi. Qonşu olduğumuz binanın sakini kimi də öz ləyaqəti, mehribançılığı, səmimiyyəti ilə hamının rəğbətini qazana bilmişdi.
...Günlərin birində yeni istifadəyə verilmiş çoxmərtəbəli kompleksimizdə bir az da inşaatçıların günahı ucbatından yaranan problemin müzakirəsi zamanı Rauf Babayevin yaşadığı blokdan çıxdığını gördük və sözsüz ki, qızğın mübahisəyə bir sərinlik gəldi. O isə həmişəki kimi gülərüz çöhrəsi ilə hamını salamladı. Maşına oturmazdan əvvəl azacıq dayanıb sanki ona maraqsız gələn müzakirəyə dinməzcə qulaq asdı. Heç nə demədən özünə haqq qazandırmaq istəyən inşaatçını xəfif təbəssümlə süzdü. Sanki məhkəmə hökm veribmiş kimi bu məsələnin müzakirəsi həmin andaca bitdi. Qəribədir ki, problem də tez bir zamanda həllini tapdı. Bu adi görünə biləcək hal əslində Xalq artisti Rauf Babayevə ümumxalq məhəbbətinin bariz təcəssümü idi.
Bir dəfə isə fikirli halda yaşadığım bloka tərəf gedirdim. Mobil telefonuma zəng gəldi. Bir məsələ ilə bağlı nigarançılıqdan tələsik dayanıb cavab verməli oldum. Danışıq uzun çəkmədi, ancaq qarşıdan gələn xidməti personaldan birinin nəyəsə işarə etdiyini anladım. Geri qanrılanda Rauf müəllimin öz avtomobilinin sükanı arxasında danışıb qurtarmağımı gözlədiyini gördüm. Əlimi sinəmə aparıb günahkarcasına üzr istədim. O da eyni tərzdə həmin xoş təbəssümlə əlini sinəsinə apardı.
Xalq artisti Rauf Babayevlə bir həyətdə yaşamaq, bir qonşu olmaq həyata daha çox bağlanmaq, insanlara daha çox sevgi ilə yanaşmaq, mehribanlıq, səmimiyyət dolu hisslər doğururdu. Heyif ki, o təbəssüm dolu nurlu simanı bir daha görə bilməyəcəyik. Və “Qaya” vokal ansamblının ifasında dillər əzbəri olan o mahnı Rauf Babayevi sevənlərin hamısı kimi bizim həyət sakinlərinin də ürək tellərindən qopan sızıltıya çevriləcək:
“Ey həyat, sən nə qəribəsən?!”...
Kulis.az 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10