Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Belə məsuliyyətsiz insanlarla koronavirusun sürətlə yayılmasının qarşısını almaq çətin olacaq"


İqtisadçı professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a açıqlamasında koronavirusun tuğyan etdiyi bir vaxtda bəzi məsuliyyətsiz insanlarımızın davranışları ilə bağlı yaranmış durumu şərh edib:

"Dünyada koronavirusa yoluxanların sayı hər altı gündə iki dəfə artır. ABŞ-da isə bu virusa yoluxanların sayı hər üç gündə iki dəfə artır. Bu məlumat vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərir. Azərbaycan hökumətinin gördüyü bütün tədbirlərə baxmayaraq, insanlarımızın bir çoxu təhlükənin ölçülərini hələ də dərk etmək istəmirlər. Son bir neçə gündə sükan arxasından apardığım müşahidələr onu göstərir ki, vəziyyəti real dəyərləndirib nəticə çıxartmaq istəməyən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Belə məsuliyyətsiz insanlarla koronavirusun sürətlə yayılmasının qarşısını almaq çətin olacaq. İntizamsızlıq nümayiş etdirənlər kimlərdi? Bu maraqlı sualdır. Sadə bir missalla bu suala cavab vermək istəyirəm. Bunlar, o insanlardır ki, sükan arxasında oturub yediyi bananın, almanın qabığını, çəkdiyi siqaretin qutusunu və kötüyünü məmuniyyətlə avtomobilinin şüşəsində yola ata bilirlər. Bax, Amerika Birləşmiş Ştatlarında buna görə 1000 dollar cərimə var. Ən azından buna görə heç kim belə yaramaz hərəkətə yol vermir. Yeri gəlmişkən mən vaxtılə bu cür davranışa qarşı ciddi cərimələrin tətbiqini təklif edəndə, bəzi özünü ağıllı sayanlar bizdə insanların gəlirlərinin azlığını “əsas gətirib”, belə cərimələrin tətbiqinin real olmadığını yazdılar. Bilmirəm bu təklifi bəyənməyənlər nə düşünürlər, ancaq ortada sadə bir məntiq var - əgər cərimə ödəmək istəmirsənsə, zibili yola atma! 
Heç şübhə etmirəm ki, bu gün də virus təhlükəsinə etinasız yanaşıb, yerli-yersiz bayırda gəzənlərin  böyük əksəriyyəti, küçəyə zibil atmaq səviyyəsində  intizam sahibi olanlardı.
Bir sözlə, vəziyyət ciddidir bunu hər kəs lazımınca dəyərləndirməlidi. Bu durumda bəzi müəssisələrin, o cümlədən, bank işçilərinin tam tərkibdə işə çıxması da heç arzuolunan deyil. 
Ümumiyyətlə isə durumun mürəkkəbliyini və bir çox insanlarımızın yaranmış vəziyyətdəki məsuliyyətsiz davranışını nəzərə alaraq, ölkədə ilkin olaraq bir ay müddətinə fövqaladə vəziyyət elan edilməsini təklif edirəm".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10