Lənkəran Şəhər Polis Şöbəsi maraqlı reyd keçirib. Belə ki, polis işçiləri Lənkəran şəhərində gündən-günə çoxalan qaraçı dilənçilərin izinə düşüb. Məlum olub ki, bu dilənçilər demək olar ki, Lənkəran şəhərinin bütün nöqtələrində uğurla işləyirlər. Bu dilənçilər Lənkəranın bir sıra küçələrində evlər kirayələyib və 15-20 nəfərlik qruplarla həmin evlərdə yaşayır, hə ay buna görə 50-100 manat pul ödəyirlər. Reyd nəticəsində o da aydınlaşıb ki, qaraçı dilənçilərin qaldıqları evlər olduqca bərbad və antisanitariya vəziyyətindədir. Natəmizlikdən bu otaqlarda elə pis qoxu yaranıb ki, həmin mənzillərdə bir neçə dəqiqədən artıq dayanmaq mümkünsüzdür.
Evi dilənçilərə kirayə verənlər öncə bunu ört-basdır etməyə çalışıblar. Lakin bu mənzillərdə tapılan dilənçi paltarları, digər əşyayi-dəlillər və dilənçilərin etirafları onların bu evlərdə yaşadıqlarını təsdiqləyib. Bundan sonra qaraçılara mənzil verənlər evdə çəkiliş aparılmasına qəti etiraz ediblər.
Reyd zamanı nə az, nə çox - 50-yə yaxın dilənçi aşkarlanıb. Bu dilənçilərin əksəriyyətinin Yevlax şəhərindən, Qazax və Kürdəmir rayonlardan gəldikləri müəyyənləşib. Bu barədə Lənkəran Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölümünün komandiri Şaiq İbadov aşağıdakıları bildirib:
Bu xoşagəlməz halın qarşısını almaq üçün onları evlərində kirayə saxlayan şəxslər barədə də tədbir görüləcək. Bu dilənçilər qeydiyyatda olduğu rayonlara göndəriliblər.
Bir məqam da maraqlı idi ki, reyd zamanı bəziləri bu prosesi sadəcə seyr etsə də, bəziləri gülərək özlərini heç nə olmamış kimi göstərir, hətta yerə tökülən xırda pulları toplamaqdan da çəkinmirdilər.
Redaksiyadan: Bu reydi faydalı bir əməliyyat kimi dəyərləndirsək də, amma təəccübümüzü də gizlədə bilmədik. Nədən 50 nəfərlik qrup aylarla bu rayonda dilənçiliklə məşğul olur, lakin müvafiq təşkilatların bundan xəbəri olmur.
Onu da qeyd edək ki, Cəlilabad rayonunda da dilənçilərin xüsusi məskəni var. Masallı rayonunda da onlarla dilənçi azyaşlı uşaqlardan tutmuş, yeniyetmə qızlaradək mərkəzi küçələrdə dilənir. Heyf ki, bu məsələlər köklü şəkildə araşdırılmır-bu dilənçiləri kimlər idarə edir, onlar necə idarə olunur? Onların başçıları, haqq verdikləri şəxslər kimdir? Bu sualların cavabları niyə açıqlanmır?