Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 dekabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Eşit, inanma. Yeni il qabağı da çörəkli işlər az deyil. Bunlar Şaxta baba, Qar qızla çoxdan şərikləşiblər, onları da yoldan çıxardıblar. Bilirsən, yalandan kağız üzərində nə qədər uşağa bayram hədiyyəsi verirlər. Elə bilirsən, Şaxta baba bir dənə yalançı saqqal qoydu, “dobrıy Papa”. Bu millət saqqalı çoxdan əldən verib.
- Elə buna görədir də başqa millətlər hər gün başa çatanda fikir çəkir ki, ömürdən bir gün də keçdi, ömrüm bir gün də qısaldı. Bizimki də deyir ki, şükür Allaha bir gün də keçdi, əmək haqqı, pensiya alan günə bir gün də yaxınlaşdıq.
- Düz deyirsən, nənəli. Kitab-dəftər çoxdan itib. Onsuz da Allah təala heç nəyi adama bütöv vermir. Adam var, Allah ona dağ boyda şairlik istedadı verib. Bu tərəfdən də iki o qədər yaltaqlıq istedadı yükləyib çiyninə, həmin adamın istedadı oldu görünməz. Xeyirxahlıqdan, cəsarətdən danışan çox, amma xeyirxah və cəsarətli olan isə çox azdır. İndi yaxşı olmaq üçün kim nə murdarlıq eləsə, nəinki susasan, gərək deyəsən, kişi adamsan.
- Məsələn.
- Məsələn, elə götürək Mərkəzi Xəstəxananı. Burada əksəriyyətinin işi onun-bunun adına yalançı reseptlər yazıb pulsuz dərmanları silməkdir. Yəni yüzlərlə insan dərman deyib mələyir. Amma oradakılar pulsuz verilməli dərmanları elə xırıd eləyib ki, xəstə özü də bilmir, ildə onun adına nə qədər dərman silinir. İndi kitab-dəftəri qaldırırsan, olursan pis adam. Yaxud da Masallıda Mərkəzi Xəstəxananın elə şöbələri var ki, bu qış günündə onun palatalarında iti bağlasan, qalmaz. Lakin sənəddə güya burda adam da yatır, o adama dərman da verirlər, ərzaq da verirlər və bu adam yenə sağalmayıb olur əlil. Palataları təmir etməyə pul tapmayan baş həkim isə bir neçə yüz min manata obyekt, maşın və sair alır və olur kişi adam.
- Eh, ay bacı, yazıq günlərə qaldıq. Başqa millətlər kosmosa ekskursiya sifariş verir, biz isə gör nəyə sevinirik - 5 aydan bir dərman verdilər, bankomat olacaq-olmayacaq, bu ay təhsil müdiri pulumuzun nə qədərinin qulağını kəsəçək, başçı pulları harada əridir və sairə. Şair demşkən, yaxşı bizi yaman günə saldılar.
- Belə şeylərin fikirini eləmə. Uzağı axırda elələri Həccə gedib günahlarını yuyacaqlar. İndi belə söhbətlər dəbdə deyil. Əsas odur ki, rayona rəhbər kim gələcək, kimin adamı olacaq, kimin ulduzu sönüb, kimin çırağı yanacaq.
- Kim gəlir, gəlsin. Bizim ki, belə bəzi-bəzi quyruq bulayanlarımız var, imam övladı da gəlsə, yoldan çıxarıb öz günlərinə salcaqlar. Əgər təzə gələn rəhbər doğrudan iş görmək istəsə, ətrafdakı bütün nömrəddinləri, nökərbəyləri , cəlilləri, xəlilləri, əlil-zəlil pulu yeyənləri, saxta hərbi bilet satanları və bunlara bənzər digər məxluqları, daha doğrusu, o işə baxan rəhbərlərin hamısını yığıb bir yumşaq vaqona, aparıb tökməlidir qəşəng bir sanatoriyaya. Qapılarını da bərk-bərk bağlayıb deməlidir ki, illər boyu xalqı mələdə-mələdə min bir dona girə -girə yığdıqlarınızdan necə istəyirsiniz yeyin-için, amma burdan çölə çıxıb xalqın zəhləsini tökməyin. Qoy xalq bir az da adam kimi yaşasın.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10