Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 mart 2011-ci il ÇƏPƏRSTÜ SÖHBƏT


- Hər şey ürəyincə oldumu?
- Belə də. Oradakı xəsatəxanalarda bizimki kimi “paklıq-paklıq” oynamırlar. Ona görə rüşvət məsələsi əvvəlki axarına düşənə kimi bir çox cərrahlar ya bülleten götürür, ya da məzuniyyətə gedirlər. Danışırlar ki, oradakı vərəm xəstəxanasının müdiri baş həkimlə əvvəl qardaş kimi imiş. Hətta baş həkim başqa mötəbər bir xəstəxanaya rəhbər getmək söhbəti olanda bu vərəm xəstəxanasının müdirindən 60 min dollar alıb ki, səni öz yerinə baş həkim təyin elətdirəcəyəm. İndi baş həkimin işi alınmır, “vərəm”in müdirinin də pullarını qaytarmır. Aləm dəyib bir- birinə, “vərəm” xəstəxanasının müdiri az qala bu məsələyə görə özü vərəmə tutula.
- İndi yəni oranın – Yaşıl Burun adalarının baş həkimi də dübbədüz işləyir, heç kimdən rüşvət almır?
- Belə danışırlar da. Amma mən bir məsələyə məəttəl qalmışam. Baş həkimi evi ilə iş yerinin arası azı 25-30 kilometrdir, bu, “tuda-obratno” eləyir 50 kilometr. Həmin düzlüyə qalsa, heç baş həkim aldığı əmək haqqı onun yol puluna çatmır?
- Deyirlər, orada olanda Yaşıl Burun adalarının paklıqla bağlı rəhbərlərin keçirdiyi möhtəşəm iclasda da iştirak edibsiniz?
- Düzdür. İclas, nə iclas. Baş rüşvətxorlar təmizlikdən, düzlükdən necə həvəslə danışırdılar. Əvvəlki bəd əməllərindən xəbərim olmasa idi, az qala, mən də inamışdım ki, şəhərin mərkəzində büdka yeri üçün torpağın kvadratmetrini min dollara satan bunlar deyilmiş. Oradakı şəhərin meri korrupsiyadan danışanda zalı alqışlar bürüdü. Həmən mer bildirdi ki, mən müəllim ailəsində böyümüşəm, mənəvi təmizlik, paklıq, vicdanlı yaşamaq qanıma işləyib, bizim ailəyə heç vaxat haram tikə gəlməyib, halallıq qanımızdadır, başımdan keçərəm, satqınlıq, işverənlik etmərəm, vicdanımı ləkələmərəm.
- Bəs oranın bir dəfə küçənin ortasında döyülən, söyülən müavini rüşvət barədə nə dedi?
- O da dedi ki, mən də müəllim ovladı oduğum üçün rüşvətə nifrət edirəm. Bəzən zorla, təkidlə, güclə cibimə nə isə qoyurlar. Lakin daxilən mülayim və xeyirxah olduğum üçün etiraz edə bilmirəm. Qısası, bu müavin paklıqla işlədiyini daha savadlı bəzədi. Buranın icra başçısı o qədər səmimi insan, ürəyi yumuşaq adamdır ki, heç kimə əziyyət vermir. Məsələn, şəhər bələdiyyəsinin möhürünü çox vaxt sədrdən alıb özundə saxlayır ki, cavan oğlansan, onu işlətmək sənə əziyyət olar, vicdanın ağrıyar, ona görə, sənədləri özümüz möhürləyərik. Oranın törpaq şöbəsi müdrinə də çox əziyyət vermirlər. Deyirlər ki, elə torpaq kimi qal qaldığın yerində, işi biz düzüb qoşarıq, yeri ölçərik, pulunu alarıq, necə lazımdır bölərik, elə sən sadəcə imzala.
- Yaxşı, bir sual da verim. İndi bu paklıq siyasəti dövründə oranın başçısı “başqa-başqa” xərcləri necə ödəyir?
- Deyilənə görə, başqa rayona təzə icra başçısı təyin edilən, buradakı icra başçısının əzəli rəqiblərindən biri ona sifariş yollayıb ki, darıxmasın, təzə qızıl mədəni tapmışam, özünü yaxşı aparsa, onu da bir pay edərəm.
- Bəs oranın deputatı bu işələrə necə baxır?
- Oranın deputatı kişmiş kim oğlandır. Ona görə, xurma, kişmiş, qaysı və buna bənzər ağır işlərə o qədər quvvə sərf edir ki, bu xırda-para işlərə baş qoşmağa heç marağı olmur. Bu barədə daha ətraflı söhbətimiz olacaq. İndi isə bir-ki kəlmə də bizim tərəfin işlərindən danışaq.
- Danışaq da.
- Deyirlər ki, hörmətil başçımızdan soruşublar ki, sən rəhbərlik etdiyin rayonun mərkəzini əsl şəhərə oxşatmaq üçün nə edirsən? Hörmətli baçşımız da bildirir ki, hər hansı bir yerin şəhər olmasının başlıca göstəricisi oradakı tıxaclardır. Buna görə də rayonun bütün künc-bucaqlarını, eləcə də dayanacaq yerlərini dükan-bazar yeri kimi satıb tıxac üçün əla şərait yaradıb. Bayram və istirahət günləri şəhərimizə nəzər salsanız, elə gözəl tıxacların şahidi olarsınız ki, elə bilərsiniz, Pekindəsiniz.
- Yaxşı, bir şey də sörüşüm. Bu qədər məsələləri tənqid edirik , onların heç biri həll olunmur?
- Niyə olunmur? Məsələn, tənqid etmişik ki, Xətai parkında cəmi 2 oturcaq var, onlar da it günündə. Bu təndiddən sonra rəhbərlik təcili tədbir görərək həmin 2 oturacağı da parkdan yığışdırıb. İndi bizim Xətai parkı dünyada yeganə parkdır ki, orada insanların oturması üçün yer yoxdur.
- Doğrudan da, çox müdrik işdir. Mən də, Hacı, ziyalı, şair-filan olsaydım, belə rəhbəri tərifləməkdən doymazdım.

Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10