Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Rayon sakinləri niyə Bakıya gələ bilməz?" - AÇIQLAMA



“Yanaşma qanunsuzdur və məqsədə yönəlməyib. Bu xəstəliyi lokallaşdırmağa xidmət etmir”.

Bu sözləri Azərbaycan hökumətinin koronavirus təhlükəsilə bağlı rayon qeydiyyatında olan avtomobil və sərnişinlərin Bakı və Sumqayıta girişinə qadağa qoyması, ancaq paytaxtda qeydiyyatda olanlara qadağanın şamil edilməməsi məsələsinə toxunarkən hüquqşünas Ələsgər Əhmədoğlu deyib.

Ekspertin sözlərinə görə, bu diskriminasiya halıdır: “İstənilən halda epidemiyanın geniş yayılmaması üçün önləyici addımların atılması təbiidir və bu xoş qarşılanır. Amma indiki halda rayon əhalisinin Bakıya buraxılmaması, ancaq paytaxt əhalisinin sərbəst gediş-gəlişinə imkan yaradılması xəstəliyi önləməkdən çox, diskriminasiyaya yönəlik məsələdir. Koronavirus təhlükəsi fonunda istisna halları çıxmaq şərtilə hər kəsin başqa yerlərə gedişinə məhdudiyyət qoyulsa, bu təbii haldır”.

Ə. Əhmədoğlu qeyd etdi ki, belə yanaşmanı hüquqi və məntiqi baxımdan əsaslandırmaq mümkün deyil: “İndiki halda baş verən isə anlaşılmaz olmaqla yanaşı, nə hüquqi, nə də məntiqi aspektdən əsaslandırılması mümkün olmayan məsələdir. Bakıdan çıxan şəxs rayonlara gedə və geri qayıda bilər, bu zaman o virusla bağlı yoluxma təhlükəsi yaratmayacaq, amma tutaq ki, Ağdamdan çıxan Bakıya gedə bilməz. Burada hər hansı bir önləyici aspekt yoxdur. Bakı və Abşeron ərazisi fövqəladə rejimə keçməklə karantin zonası elan edilsəydi, o zaman həmin ərazilərdən bütün giriş-çıxışlar qadağan edilməli idi. Bu halda yalnız istisna kimi, təcili yardm, yanğınsöndürən maşınlar və xüsusi buraxılış vərəqəli təbəqə buraxıla bilər. Burada avtomobilin nömrəsinin 02, 05, 10 və ya 99 olmasının heç bir rolu olmamalıdır. İndiki halda isə Avropa Oyunlarının keçirilməsi dövründə olduğu kimi, baş verənlər yenə də qanunvericiliyə söykənməyən qanunsuz haldır”.

Həmsöhbətimiz söylədiyi arqumentlərə əsasən qadağanın legitim olmadığını bildirdi: “Nazirlər Kabineti qanuna söykənməyən istənilən məhdidiyyətə qol qoyursa, bu legitim deyil və Avropa İnsan Hüquqları Konvensiyası baxımından da insan hüquqlarına qoyulan qanunsuz məhdudiyyətdir. Hökumətin bu qadağasından belə anlaşılır ki, Bakıda virusa yoluxma halı daha çoxdur. Yanaşma qanunsuzdur və məqsədə yönəlməyib. Bu xəstəliyi lokallaşdırmağa xidmət etmir”./sfera.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10