Feliks Dzerjiniskinin xatirəsinə həsr olunmuş gecədə marşal Kliment Voroşilov marşal Mixail Tuxaçevskini Böyük Teatrın aktrisası Vera Davıdova ilə tanış edir. Voroşilov kənara çəkildikdən sonra Tuxaçevski ilə aktrisa arasında kiçik bir dialoq yaranır:
- Vera Aleksandrovna, sizin gözəlliyinizə səcdə edirəm. Siz səhnədə olduğunuzdan da cazibədarsınız. Təəssüf edirəm ki, sizinlə yaxından tanış olmağa bu qədər gecikmişəm.
Aktrisa gülümsəyərək cavab verir:
- Bəli, bu da növbəti sevgi etirafı. Kirov, Yaqoda, Rıkov, Budyonnı (adları çəkilənlərin hamısı Stalinin ən yaxın silahdaşları olub) və nəhayət, marşal Tuxaçevski...
Marşal aktrisanın sözünü yarımçıq kəsir:
- Hamısını demədiniz, bəs Stalin? Sizin kimi gözəl bir xanımın o qocadan hansı zövqü aldığınıza təəcüblənirəm.
- Təəcüblənməli çox hadisələr var.
Kiçik dialoqdan sonra Tuxaçevski aktrisadan arada ona zəng etmək icazəai istəyir və “buyurun” cavabını alır.
SSRİ-nin siyasi və hərbi elitası İosif Stalinlə Vera Davıdovanın isti münasibətlərindən xəbərdar olublar. Onlar aktrisanın tez-tez Stalinin bağında gecələməsini də yaxşı biliblər və Kreml tədbirlərində, qeyri-rəsmi ziyafətlərdə Vera Davıdovanın Stalinin yanında əyləşməsinin də dəfələrlə şahidi olublar.
Amma bütün bunlara baxmayaraq Kreml məmurları, yüksəkçinli hərbçilər, ən əsası isə Stalinin ən yaxın silahdaşları sayılanlar aktrisanın gözəlliyindən vaz keçə bilməyiblər, məqam düşdükcə aktrisaya öz sevgilərini bəyan ediblər.
Bunlardan biri də məhz marşal Tuxaçevski olub. Zadəgan nəslindən olan, yüksək hərbi təhsilli, mədəniyyəti və davranışı ilə fərqlənən, çılğın və yaraşaqlı Tuxaçevskiyə qadınlar heç vaxt biganə qalmayıb. Elə gözəlliyi ilə öyünən Vera Davıdova da.
Tanışlıqlarından bir neçə gün sonra həyat yoldaşını Kislovodskiyə göndərən Tuxaçevski aktrisaya zəng vurub:
- Vera Aleksandrovna, mən ay yarım tək olacağam. Nə vaxt görüşə bilərik? Mən bu gün tamaşadan sonra sizi gözləyəcəm, ikinci çıxışın qarşısında.
Sonralar marşalın bu ilk zəngini Vera Davıdova belə xatırlayıb:
“Mən bilirdim ki, o, zəng vuracaq. Özlüyümdə bu zəngin cavabını da hazırlamışdım. Görüşdən imtina edəcəkdim. Amma heç də düşündüyüm kimi olmadı. Zəng vurdu, görüşməyimizi xahiş etdi, mən susdum, elə bil düşünmək qabiliyyətini itirmişdim. Yalnız sonda bir söz deyə bildim – yaxşı. Tamaşadan sonra o məni qarşıladı, maşına minib bağa getdik. Onun bağ evi çox gözəl idi, qədim əşyalar, mebellər, gümüş və farfor qablar evə xüsusi gözəllik verirdi. Süfrə açılmışdı, şamlar yandırılmışdı, hər şey romantik idi. Amma o, məni qucaqlayandan sonra bu gözəlliklərin heç birini hiss etmirdim, yalnız döyünən iki ürəyin səsi eşidilirdi...”
Bağ evindən başlanan görüş mehmanxanalarda davam edib. Görüşləri nə qədər gizli saxlamaq istəsələr də, cütlük Stalinin əlaltılarından yayına bilməyib.
Nəhayət, Stalin aktrisa ilə açıq danışmağa qərar verib, onu bağna dəvət edib:
- Mən sənə Tuxaçevski ilə danışmağı və görüşməyi qadağan edirəm. Onun arvadı xəstədir, o, hər gün bir qadınla əylənir, sən də onlardan birisən. Bu yaramaz marşal boş-boş danışmaqdan savayı heç nə bilmir. Özü də bizi müharibə ilə qorxudur.
Vera Davıdova Stalinin bu hədəsinin nə ilə nəticələnəcəyini yaxşı anlayıb. Amma o, Tuxaçevskidən də ayrıla bilməyib. 1937-ci ildə aktrisa Finlandiyaya qastrola getməmişdən bir gün əvvəl də marşalla görüşüb. Bu görüşün bütün təfsilatlarını Stalinə çatdırıblar.
Vera Davıdava səfərdən qayıdanda onu Moskvanın Leninqrad vağzalında Stalinin katibi Poskrebışev qarşılayıb. O, əlindəki böyük gül buketini aktrisaya təqdim etdikdən sonra onu ötən gecə baş verən hadisə ilə məlumatlandırıb:
- Hərbi kollegiyanın qərarı ilə satqın marşal Tuxaçevski güllələnib.
Xəbərdən sarsılan aktrisa müvazinətini itirib, elə vağzalda yerə əyləşib. Poskrebışev onu sakitləşdirməyə çalışıb:
- Sakit olun, Vera Aleksandrovna, satqınların aqibəti başqa cür ola bilməz. Özünüzü ələ alın, sabah siz İosif Stalinin bağında olmalısınız.
Səhərisi günü Stalinlə aktrisa görüşüblər. Xoş əhvalda olan Stalin onu mehribanlıqla qarşılayıb:
- Vera Aleksandrovna, narahat görünməyinizin səbəbini bilirəm. Amma buna dəyməz. Bizim qurduğumuz dövlət xəyanəti sevmir, istər dövlətə qarşı, istərsə də qadınlara qarşı.
Araşdırmaçıların qənaətinə görə, marşal Tuxaçevskinin güllələnməsinin əsl səbəbi onun antisovet fəaliyyəti və hərbi çevrilişə cəhd etməsi deyil, məhz Vera Davıdova ilə münasibəti olub. Bunu belə əsaslandırıblar ki, Tuxaçevski hərbi çevriliş etmək gücündə olmayıb. Digər bir tərəfdən marşalın antisovet fəaliyyəti heç bir rəsmi təsdiqini tapmayıb.
Qarşıda isə Tuxaçevskinin aqibətini gözləyən növbəti bir məmur dayanırdı. Vera Davıdovaya eşq elan edən Henrix Yaqoda da Stalinin göstərişi ilə güllələnəcəkdi. Bu haqda növbəti saylarımızda...
İlham Cəmiloğlu, Musavat.com