Ramil Məmmədli: ”Etiket qaydalarına uyğun olaraq məmurlar rəsmi geyimlərdən istifadə etməlidirlər”
Prezident İlham Əliyev çıxışlarında “məmurların xalqın xidmətçisi” olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda məmurların davranışlarının cəmiyyət üçün bir örnək təşkil etdiyini diqqətə çatdırıb. Əlbəttə ki, dövlət qulluqçuları öz geyimlərindən tutmuş, əməllərinə qədər hər şeyə diqqət yetirməli və cəmiyyət üçün örnək olmalıdırlar. Ölkə rəhbərinin Neftçalanın DTX tərəfindən həbs edilən keçmiş icra başçısı haqda səsləndirdiyi iradlar da məhz buna yönəlib. Sitat: “O adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə biabırçı kadrlar onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir”.
Əlbəttə ki, Prezident öz iradlarında tamamilə haqlı idi. Axı yüksək post tutan məmur öz iş otağında bu cür qeyri-rəsmi geyimi ilə digərlərinə hansı nümunəni göstərə bilər? Yaxud özünü böyük bir rayonun rəhbəri kimi yox, hansısa kef məclisinin nümayəndəsi kimi aparan şəxs necə nümunəvi idarəçi ola bilər?
Politoloq Ramil Məmmədli bildirib ki, hər bir insan üçün xüsusi etiket qaydaları mövcuddur. Bu qaydalara xüsusən də məmurların əməl etməsi çox vacibdir: ”Etiket qaydalarına uyğun olaraq məmurlar rəsmi yerlərdə rəsmi geyimlərdən istifadə etməlidirlər. Hər hansısa bir naziri, yaxud idarə rəisini qəbul zamanı cins şalvarda, krasovkada və ya idman köynəyində görmək bizi təəccübləndirər. Bu cür geyim həm də qarşıdakı şəxsə qarşı qeyri-etik və qeyri-ciddi yanaşmanın təzahürüdür”.
Ramil Məmmədlinin sözlərinə görə, işdən kənar mühitdə sərbəst geyimi heç kim qadağan etmir: “Lakin rəsmi yerlərdə və görüşlərdə bu geyim qaydalarına xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, məmurlar digər vətəndaşlar üçün bir nümunə olmalıdırlar. Yaxşı xatırlayıram ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda hamımız gənc idik: ”Onun geyim qaydası, pencəyini düymələməsi belə bizdə böyük maraq doğururdu. Ulu öndərimiz geyimi və davranışı ilə hamımıza bir nümunə idi. Həmin dövrdə çoxlu sayda məmurlar da Heydər Əliyev kimi geyinməyə və davranmağa çalışırdılar. Odur ki, Prezident İlham Əliyevin məmurlara iradı tamamilə haqlıdır və yerindədir. Çünki məmurlar həm geyimləri, həm davranışları, həm də əməlləri ilə digər insanlara nümunə olmalıdırlar”.
konkret.az