Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın qorxunc həbsxanaları: adamyeyənlər, ayaqüstə yatanlar... - FOTOLAR


Məşhur bir söz var: bayırla həbsxana arasında fərq olmur. Bayırda ərazilər hüdudsuz, vaxt azdır, həbsdə isə yer darısqal, vaxt çoxdur...

Lakin dünyanın elə həbsxana hücrələri var ki, onlar sözün əsl mənasında zindandır. O türmələrə düşənlərə dünyanın dörd bucağı zülmət, qaramat, cəhənnəm olur.

Musavat.com oxucularını məhz həmin dəhşətli həbsxanalarla tanış edir.

Üç ölkədə “anasının əmcəyini kəsənlər"in cəhənnəmi

150 il əvvəl ABŞ-ın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası xüsusu yer tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır.

Həbsxananın bütün kameraları “anasının əmcəyini kəsən” cinayətkarlarla doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir.

1.jpg (180 KB)

Həbsxana nəzarətçiləri isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə, demək olar ki, yoxdur.

Venesueladakı "La Sabaneta" türməsi də ən pislər siyahısındadır. 15 min nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir.

Bəzi məhkumlar türmələrin dar dəhlizlərində çəkilmiş tordan yelləncəkdə yatmağa məcbur olur.

Argentinanın Mendosa şəhərindəki həbsxana da adamı vahiməyə salır: məhkumların döşəmədə yatması adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər.

Kamera və dəhlizlərdə günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.

2.jpg (10 KB)

Tadmor türməsi: balta, ip və taxta işgəncəsi...

Keniyanın paytaxt Nayrobi şəhərindəki türmə də məhbuslar üçün ölümə bərabərdir. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi rejimidir.

Suriyadakı Tadmorda hərbi həbsxanasını isə xüsusi demək lazımdır. Tadmordakı adi saxlanma rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan orta əsrə xas işgəncələrdən istifadə olunur.

Mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər.

Bir qədər üzü Qərbə gedəndə Paris yaxınlığındakı La Sante həbsxanası adamı dəhşətə gətirir.

Məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar.

Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır.

Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Sante əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.

4.jpeg (970 KB)

“Qara delfin”dəki qorxunc rejim...

Dünyanın ən qorxunc həbsxanalarından biri də Rusiyadakı “Qara delfin” dir. Burada aralarında adamyeyənlər, qatillər, qanlı terrorçular və digər təhlükəli canilərin də olduğu dünyanın ən qorxulu 700 məhkumu saxlanılır.

İçərisində dustaqlardan çox gözətçinin olduğu bu həbsxana girişində məhkumlar tərəfindən inşa edilən delfin heykəlinə görə elə, “Qara delfin” adlandırılır.

Bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir. Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da hər məhbusun ən az qətl törətməsi deməkdir.

Məhkum yüksək səslə danışa, mahnı oxuya və siqaret çəkə bilməz. Gündə yalnız yarım saat radioya qulaq asa bilər.

Məhkumlar gündə yalnız bircə dəfə öz kameralarından çıxaraq 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar.

Bu isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarəti ilə həyata keçirilir. Məhbusların bağça gəzintisi də eyni ilə belləri bükülmüş halda və ən az 3 gözətçinin nəzarəti ilə edilir.

3.jpg (123 KB)

Bir həbsxana kamerası 5-10 kvadrat metrdir. Bir kamerada 2-4 məhkum yatır. Adamyeyənlər və manyaklar tək adamlıq kameralarda cəzasını çəkir.

Xüsusilə təhlükəli cinayətkarlar “stəkan” adlandırılan dar qəfəsə salınır. Həmin kameralarda bütün günü, hətta gecələrdə işıq yanır. Məhkumların qaranlıqda yatması qadağandır.

Keniyadakı Kimiti həbsxanasına gəlincə, qoruqçuların sadomiya fantaziyalarına tuş gələn məhbuslar burada qidasızlıq, aclıq, vəba, taun xəstəliklərimdən əziyyət çəkirlər.

Dünyanın ən qatı cinayətkarlarının qaldığı həbsxanada məhkumlar qadınların kamerasına hücum edib onları zorlayırlar. Söhbət Braziliyadakı “Pedrinhas” həbsxanasından gedir.

Üç ay qandallı, ayaq üstə gecələmək...

Bankvanq həbsxanası - Banqkokdan 11 km aralıda yerləşir. Bu həbsxanada yeni məhbuslar ilk 3 ay ərzində ayaqlarına qandal bağlanaraq yaşayırlar.

Qitarama həbsxanası - Ruandada yerləşən bu həbsxana yer üzünün cəhənnəmi adlanır. Həbsxanada 500 məhbus saxlanacağı halda burada 6000 insan cəza çəkir.

Kamerada yer dar olduğundan bəzi məhbuslar ayaq üstə gecəməli olurlar. Həyat şəraitinin gərgin olduğu bu həbsxanada məhbuslar yoluxucu xəstəliklərə tutulurlar.

Nəhayət, dünyanın ən ağır cinayətlər törətmiş, terrorçuluğa görə həbs edilmiş məhkumlarını Quantanamo həbsxanasında saxlayırlar.

Kuba ərazisində yerləşən və ABŞ-ın nəzarətində olan bu həbsxana Quantanamo körfəzi ərazisində yerləşir, adanın cənub-şərqindədir.

Kuba hökuməti ABŞ-ın Quantanamodakı fəaliyyətini qanunsuz hesab edir. Amma 1903-cü ildə iki ölkə arasında müqavilə bağlanıb və Amerika bura əbədi nəzarət etmək imkanı əldə edib.

5.jpg (74 KB)

Körfəzdə Əfqanıstan, İraq və dünyanın bir sıra başqa ölkələrindən olan hərbi əsirlər də saxlanır.

Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. 2010-cu ildən Quantanamo bağlanmalıdır, lakin icra edilməyib.

Bundan başqa, ABŞ-ın İraq işğalının simvolu Əbu Qureyb həbsxanası idi. Ortaya çıxan şəkillərdə Əbu Qureybdə ABŞ əsgərlərinin işgəncə verdikləri, hətta öldürdükləri məhbuslarla “əyləndikləri” görünürdü.

Tam rəqəmləri əldə etmək mümkün olmasa da minlərlə məhkumun aylarla müxtəlif işgəncəyə məruz qaldığı, yüzlərləsinin bu səbəblə öldüyü təxmin edilir. Bir sözlə, cəhənnəmi bu dünyada görənlər az deyil. Ancaq əsassız da deyil. Çalışın, yolunuz oralardan düşməsin...

Emil Salamoğlu
Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10