Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diktator arvadı olan, milyardlar xərcləyən bar gözəlçəsi – İmelda Markosun zəngin həyatı


“Polad kəpənək”... Nə vaxtsa bir konfetə görə amerikalı əsgərlərin qarşısında oynayan, əyyaşların, tufeylilərin yığışdığı gecə barlarında, kafelərdə rəqs edib qəpik-quruş yığan bu qadın çox qısa müddətdən sonra bu ada sahib olub. Qara günlərinin üstündən xətt çəkən, ağ günlərə qovuşan İmelda Markos keçmişini unudub, həmin günləri ona xatırladanları isə ciddi cəzalandırıb, özünü əvvəllər də zəngin yaşayan bir xanım kimi təqdim edib.

Yoxsulluqdan yaxa qurtarmaq üçün bütün vasitələrə əl atan İmelda Markos estrada müğənnisi olmaq istəyib. Amma həyat onu fərqli bir istiqamətə aparıb, ona yaşadığı ölkənin birinci xanımı olmaq statutusu bəxş edib.

İmelda Markos (ata soyadı Pomualdes) 1929-cu ildə Filippinin paytaxtı Manilada anadan olub. Özünün söylədiyinə görə, ailəsi zəngin yaşayıb. Amma onu tanıyanlar bu faktı təkzib ediblər. Vəkil işləyən atası ailənin çətinliklə dolandırıb. Elə bu səbəbdən də İmelda Markos hələ yeniyetməlik illərindən şənliklərdə, restoran və kafelərdə mahnı oxumaqla, rəqs etməklə pul qazanmağa başlayıb. Əslində onun zövq oxşayacaq ifaları, musiqi talantı olmayıb. Sadəcə, o, öz gözəlliyi ilə müştərilərin diqqətini cəlb edib.

İmelda Markos yerli kolleclərin birində təhsil alıb. Xoş rəftarı və gözəlliyi ilə həmyaşıdlarından fərqlənib. Bu fərqli cəhətlər ona 18 yaşında ilk uğurunu qazandırıb. O, Manilada keçirilən gözəllik müsabiqəsində birincilik əldə edərək “Manila gözəli” titulu qazanıb. Filippinin ən populyar jurnallarının üz qabığındakı şəkilləri onu bütün ölkədə məşhurlaşdırıb.

Zəngin həyata can atan İmelda Markos növbəti uğurunu bir neçə ildən sonra, 1954-cü ildə qazanıb. Şəhər tədbirlərinin birində o, konqresmen Ferdinand Markosla tanış olub. Bu tanışlıqdan cəmisi 11 gün sonra onlar ailə həyatı qurublar.
İmelda Markos həyat yoldaşının siyasi karyerasında böyük rol oynayıb. O, bir dəqiqə də olsun Ferdinanad Markosu sakit buraxmayıb, onun gələcəyi üçün planlar cızıb, ölkənin ən nüfuzlu siyasətçilərinə, yüksəkçinli məmurlarına yollar tapıb, ərinin siyasi imicini qaldırmaq üçün mümkün olan bütün variantlardan istifadə edib. Təsadüfi deyil ki, Ferdinand Markos öz xanımını “Mənim gizli silahım” adlandırıb.

Ferdinand Markosun birinci kürsü uğrunda mübarizəsi uğurla sona çatıb. O, 1959-cü ildə Senata seçilib, 1963-1965-ci illərdə Senatın sədri vəzifəsinə sahib olub, 1965-ci ildə isə prezident seçkilərində qalib gəlib. Prezident taxtının ləzzətini dadan Ferdinand Markos 1972-ci ildə konstitusiyada dəyişiklik edərək ölkədə faktiki olaraq diktatura rejimi yaradıb. Bununla da ölkənin birinci xanımı titulunu qazanan İmelda Markosun zəngin həyat arzusu gerçəkləşib.

İmelda Markos Filippinin siyasi həyatında ən ötkəm simalardan biri sayılıb. Hətta onun bu ötkəmliyi, ölkədə əsas söz sahibi olması prezidentin səlahiyyətlərindən də üstün olub. Paytaxtın qubernatoru vəzifəsinə təyin olunan İmelda ölkə üçün ən vacib olan məsələlərə özü müdaxilə edib. Bütün maliyyə məsələləri əvvəlcə onunla razılaşdırılıb. O, prezidentin şəxsi nümayəndəsi kimi SSRİ, Çin, Rumıniya, Macarıstan, İraq, Kuba və digər ölkələrə rəsmi səfərlərə gedib, həmin ölkələrin dövlət başçıları ilə prezident səlahiyyətli bir şəəxs kimi görüşlər keçirib.

İmelda Markos öz zəngin həyatını nümayiş etdirməkdən də çəkinməyib. İki gün ərzində Hyu-York mağazalarında 2 milyon dollar xərcləməsi, bir həftə ərzində İsveçrədə 9 milyonluq alış-veriş etməsi onun üçün adi hal sayılıb.

Birinci xanım xarici səfərlərə, istirahətə gedəndə geyimlərini daşımaq üçün 100-dən artıq çamadandan istifadə edilib.

Amerika Birləşmiş Ştatlarında, Fransada, İsveçrədə və digər ölkələrdə dəyəri milyonlarla ölçülən villalara sahib olmasına baxmayaraq, o, həmin ölkələrə gedərkən ən prestijli mehmanxanalarda yaşayıb.

“Zənginlik” o həddə çatıb ki, İmelda Markos bir rulonu 30 dollara başa gələn ipək tualet kağızından istifadə edib. Onun bir həftəlik geyim, ərzaq məhsulları, gəzintisi üçün 200 min dollara yaxın pul sərf olunub.

1980-ci ildə prezident Ferdinanad Markosun səhhətində ciddi problemlər yarananda İmelda Markos üçün daha böyük imkanlar yaranıb. O, təkcə dövlət büdcəsindəki pulları deyil, həm də Amerika Birləşmiş Ştatlarının Filippin iqtisadiyyatına kömək məqsədilə aiırdığı pulları da mənimsəyib. Qısa bir müddətdə İmelda Markos xarici banklara 11 milyard dollar yatırım etməyə müvəffəq olub.

Qızıl və brilyant hərisi olan qadının zinət kolleksiyasında dünyanın ən nadir daşları toplanıb. Kolleksiyanı zənginləşdirmək üçün bu işə 100-dən artıq adam cəlb olunub.

Markos ailəsinin zəngin həyatı Filippini acınacaqlı vəziyyətə salıb, ölkənin xarici borcları ilbəil artıb, əhali yoxsulluq və ehtiyac içində yaşayıb.

1986-cı ildə Filippində keçirilən prezident seçkilərində Korason Akino Ferdinanad Markosa rəqib olub. Saxtalaşdırılan seçkidə Ferdinand Markos yenidən prezident seçilib. Korason Akino diktatura rejiminə qarşı çıxmaq üçün əhaliyə müraciət edib. Ordu və əhali onu dəstəkləyib. Ferdinand Markosun yeganə çıxış yolu ölkədən qaçmaq olub. Ailə xüsusi təyyarı ilə ABŞ-a uçub.
Ailənin yaşadığı iqamətgahda axtarış aparılarkən İmelda Markosun qarderobu hamını təəcübləndirib. 3 min cütə yaxın ayaqqabı, bahalı xəz kürklər, 850 paltar, 50 cüt əlcək və s. Təkcə İmelda Markosun qarderobunu siyahıya almaq üçün 23 kağız səhifəsi lazım olub. Məhz bu həmin ərəfə olub ki, Filippində yoxsulluq ucbatından əhalinin qırx faizinin ayaqqabı almağa imkanı olmayıb.

Markoslar ailəsi ABŞ-da məskunlaşıblar. 1986-cı ildə Ferdinanad Markos böyrək şatışmazlığı xəstəliyindən vəfat edib. Onu Filippində dəfn etməyə icazə verməyiblər.

3 ildən sonra Filippin hökuməti İmelda Markosun ölkəyə qayıtmasına icazə verib. Onun haqqında 54 maddədən ibarət cinayət işi açılıb və sabiq birinci xanımı 18 il azadlıqdan məhrumetmə cəzası gözləyib. Ancaq İmelda Markos apelyasiya şikayətindən sonra özünü xilas edə bilib. Bəzi versiyalara görə, onu həbsxana təhlükəsindən külli miqdarda verdiyi pul qurtarıb.

İmelda Markos siyasi fəaliyyətini davam etdirərək növbəti prezident seçkilərinə qatılıb. O, prezident seçkilərində məğlub olsa da, konqresə üzv seçilib. İmelda Markos sonuncu dəfə 2013-cü ildə konqresin üzvü olub.

Hazırda İmelda Markosun 91 yaşı var və o, taladığı Filippində rahatlıqla ömrünü davam etdirir.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10