Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 oktyabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Eh, bunu bilməyə nə var ki. Həmin kanalizasiyanın iyi 2 səbəbdən zərərsizləşdirilmir. Birincisi, burada rəhbərlərdən tutmuş bir çoxları möhkəm yeyib-içəndir. Bəzən o qədər vururlar ki, ayılmaq çox çətin olur. Həmin vaxt bu kanalizasiyanın iyindən ayılmaq məqsədi ilə istifadə edirlər.
- Amma mən başqa şey eşitmişdim. Danışırlar ki, indi narkoz dərmanları çox təsirlidir. Narkoz alan xəstələr hələm-hələm ayılmır. Ona görə həmin xəstələri xərəkdə 2 dəfə bu kanalzasiyanın başına fırlanırlar. O da dərhal ayılır qaça–qaça gedir baş həkimlə halallaşmağa.
- Bu məsələyə görə narahat olma. Deyirlər, rayonun kanalzasiya sistemi əsaslı şəkildə yeniləşəcək, onda bu kanalizasiyanı da səhmana salırlar.
- Vallah, kanalizasiyasın istəmirik, yolları dağıdıb pis günə qoymasınlar. Oduye, qaz xətti adı ilə hər tərəfi dağıda-dağıda gedirlər. Sonradan dağıtdıqlarının üstündən asfaltı elə çəkdilər ki, elə bil yola qızıl suyu çəkirdilər. Qoymurdular ki, 80 santimtrlik asfalt 1 santimetr kənara dağılsın. Asfaltladığı yollar da ya bir yağışdan sonra çatlayır, ya da ki üstündəki gölməçələrdən keçmək olmur.
- Sən ki, başladın bu yol söhbətinə, indi başlayacaqsan ki, şəhərin və qəsəbələrin abadlığı, yol təmiri üçün ayrılan 500 min manat pulu da hələ may ayında belə yeyib, belə dağıdıblar. Ona görə söhbəti böyütməmək üçün keçək tikansız məsələlərə. Məsələn, Lənkəranda müəllimlər növbəti bayramını özünəməxsus halda təbrik edirlər. Belə ki, xeyli müəllimin yaşadığı Müzəffər Nəsirli küçəsindəki evlərin işığını düz 3 gün söndürdülər ki, müəllimlər qədim zamanlar, insanların şam işığında kitab oxuduğu əyyamlara əyani səyahət etsinlər.
- Sənə bir sual da verim. Şəhərimizin meri vəd etmişdi ki, veteranlar üçün bina tikəcək, onların toplandığı bağda yaşlılıarın normal istirahəti üçün nə lazımdır, düzüb-qoşacaq, hətta ayaqyolu da tikəcək, bəs nə oldu?
- Bunun birinci sohbəti odur ki, deyilənlərə görə əlində bir-iki obyekt var, onlarla məşğul olduqdan belə işlərə vaxtı yoxdur. İkincisi şəhərin asfaltlaşması üçün ayrılan 300 min manata yaxın pulun “levo”, “pravo” hissəsini bölüşdürməkdə xeyli əngəllərlə üzləşib. Ən başlıcası isə odur ki, “ağsaqqalları” ona məsləhət görüb ki, veteranlar üçün rahatlığı yaratmağa çox da bənd olmasın. Əgər bu veteranların hər cür rahatlığı olan binası, nə bilim toplaşdıqları bağda normal ayaqyolusu olsa, səhərdən axşama qədər burada əyləşib evə getməzlər. Amma vəziyyət anormal olsa, çayxanada bir az oturub, bir az domino oynayıb gedərlər öz komalarına.
- Həmişə belə xırda–mırda məsələlərdən danış. Heç kim də səndən küsüb-inciməsin. Yoxsa, başlayırsan böyük-böyük adamlara papaq atmağa, onlar özləri səbirli olsa da, ətrafındakılar meydanı elə qızışdırırlar ki, 50-60 adam yığışdıra bilmir, aləm də bizimlə düşmən olur.
- Düz deyirsən, bacılı. Bir məmur var, bizim yaxınlara deyib ki, o, iki arvad var ha, yəni biz, onları çəpərüstündən tamam-kamal yığışdırmasaq, çırpışdırdıqlarımızı rahat yeyə bilməyəcəyik. Belə ki, eşitdiyimə görə, bu çəpərin yerində hündür hasar çəkmək istəyirlər. Yəni biz bu hasarın hündürlüyündən bir-birimizi görməyək.
- Ürəyini qısma, çəpərin üstündən söz çatdıran hasarın altından da söz ötürə bilər. Əsas odur ki, səhvlərini təhlil edə biləsən və əqidədən dönməyəsən.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10