Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının icra başçısı Şahin müəllim 100 günün işığında




Nələr etdi, nələri etmədi, nələri edə bilərdi?

(1-ci hissə)

 

Hər bir rəhbərin  ilk işə başladığı 100 gün əsasən ölkə başçılarının fəaliyyətinə aid edilsə də, bəzən icra başçılarının da fəaliyyətinə bu 100 gün müddətindən nəzər salmaq lazım gəlir.

Bir az keçmişə nəzər salaq.

XXI əsrdə Masallıya (Şahin müəllimə qədər) 5 nəfər rəhbərlik edib. Şirəli Əhədov, Azər Səfərov, Oqtay Əliyev (Hərəsi kiçik ay fərqli ilı 2 il), Qəzənfər Ağayev 6 il, Rafil Hüseynov 7 il 7 ay, 7 gün. Ötən əsrdə isə Masallıya ən uzun müddət rəhbərlik edən Əlövsət Baxışov və Ələddin Həsənov olmuşdur. Hər biri 8 ildən yuxarı.

Masallıya yeni təyinat alan Şahin müəllim isə bura gələn qədər 1 ili Samux, 14 ili Ağcabədi olmaqla 15 illik icra başçısı təcrübəsi ilə gəlib. Bu yazının sonunda Ağabədi ilə bağlı maraqlı müqayisələr də aparacağıq, indi isə...

Öncə onu bildirim ki, Şahin müəllimin 100 günlük fəaliyyəti haqqında yazacaqlarım, onun uğurları, eləcə də nöqsan adlandıra biləcəklərim   bir juranalist və Masallı sakini kimi şəxsi müşahidələrimdir. Ola bilsin ki, nələrdəsə səhv edim, yanılım. Maksimum çalışacam ki, hər şeyi tərəfsiz mövqedən, necə deyərlər, qərəzsiz, obyektiv  təqdim edim.

Hər şey inamdan başlayır. İnama  gedən yol isə əsil aşkarlıqdan keçir

Bəzən biz icra başçılarından hədsiz çox şey - fövqalədə işlər, az qala qəhrəmanlıq tələb edirik. Çünki rayonun “Nazirlər Kabineti” də, “Milli Məclisi” də, “Ali Məhkəməsi” də rayon səviyyəsində onlardır. Hər səlahiyyət səndədirsə, hər işi də səndən tələb etməliyik.

Keçək mətləbə. Yəni, Şahin müəllimin uğurlarına və uğur içində...

  1. Şahin müəllim fəaliyyətə partizanlıqdan, asıb-kəsməkdən, hədədən, hay-küydən başlamadı. Mehribançılığa, sülhə, insanı münasibətlərə üstünlük verdi.
  2. 3 ay öncə yazdığım kimi əvvəlki başçı Rafil Hüseynovun  verdiyi “qızıl pasdan” faydalanaraq “Köhnə bazar” adlanan ərazinin ətrafında küçələri asfaltlatdı, həm da gediş-gəlişi fərqli istifaqamətdən istifadə etdirməklə hərəkəti çox rahatladı. Nə bilim, su yoluna qədər işlər gördürdü. Həm də bazar ətrafındakl küçə ticarətinə son qoydu. Çox yaxşı. (Amma maraqlı idi ki, həmin 100-dən artıq küçə ticarətçisi ay ərazində yerindən asılı olaraq 20-50 manatı rusum adı ilə kimə pul verirdi? Həmin adamlar həmin  3-4 min manatı necə rəsmiləşdirirdi? Niyə bunu edənlər Şahin müəllimə bu gün daha doğmadır?).
  3.  Şahin müəllimin ağac əkməyə, yaşıllaşdırmaya hədsiz diqqət göstərməsi də çox yaxşı haldır. Məcburi iməçilikləri nəzərə almasaq, qısa müddətdə rayonda 10 mindən artıq ağac əkilməsi diqqətəlayiqdir. (Lakin hər il bundan artıq ağacın meşələrimizdə talan olunmasına,”Viləş”in sahillərinin amansızcasına dağıdılmasına  da belə həssaslıqla yanaşılsaydı, yəqin ki, nə meşələr belə talan olardı, nə də meşələrdən sərin mehdən çox narkotik havası gələrdi).
  4.  Yeni il şənliyininin işıqlı və qaranlıq mənzərələri də maraq doğurdu.  Bir neçə il öncə, 3 il ardıcıl,  Masallıda 10-dan artıq ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən Folklor festivalından sonra sanki masallılar kütləvi bayram tədbirinə həsrət idilər. Şahin müəllimin Masallıda möhtəşəm yeni il şənliyi təşkil etməsi, işıqlı “heyvanların” ətrafı bəzəməsi çoxlarının marağına səbəb oldu. Lakin, bu tədbir də qüsurlardan xali deyildi. 1. Gecə tədbiri üşün ətraf lazımınca işıqlandırılmamışdı. 2. Hündür səhnə olmadığı üçün oxuyanları və danışanları kiçik bir qrupdan başqa kimsə görmürdü. 3. “Partlayıcıların” hədsiz istifadə olunması çoxlu narahatçılıq yaratdı. 4. Tədbirə müğənni kimi artıq səhnə ömrünü bitirmiş Nisə xanımın dəvəti də bəzi “niyələr“ yaratdı.

Yəqin ki, növbəti tədbirlərdə bu iradlar nəzərə alınacaq.

 

  1. Şahin müəllimin 100 gündəki uğurlu işlər sırasına  bərbad kənd  yollarına 300 maşından çox qum və çınqıl döşənməsi illərin adi və ağrılı nöqsanlarına bir rahatlıq gətirdi.
  2. Nəhayət kadr məsələsi. Şahin müəllimin gəlişinin ilk günlərində işində ciddi nöqsanlar olsa belə, kadr dəyişikliyinə 2 qruplu bir uşaq bağçası müdirinin çıxarmasından başlaması birmənalı qarşılanmasa da,  fəaliyyətinin 100-cü günündən bir neçə gün sonra 1-ci müavini Nadir Abıyevlə vidalaşması, ciddi marağa səbəb oldu. Dünən bu barədə yazdığım məqalədə qeyd etdiyimiz kimi, Şahin müəllimdən əvvəlki başçılar-Qəzənfər Ağayev (6 il), Rafil Hüseynov ( 7 il 7ay) uzun müddət Nadir Abıyevlə “küsdüm-küsdüm” oynasa da, məsafədə saxlasa da, tədbirlərə çağırmasa da, hətta tapşırıq verməsə də, nə aylıq 1000 manata yaxın əmək haqqın kəsdilər, nə mükafat, nə xidməti maşının ala bilmirdilər, nə orden almaq istəyini. Qısası, bütün cəhdlərinə baxmayaraq onu vəzifədən çıxartmağa güc tapmadılar. Şahin müəllimin bu addımın “Köhnə bazar” küçəsinin təmirindən sonra 2-ci uğurlu addım saymaq olar. N. Abiyevin işdən çıxarılması necə maraq doğururdusa, yəqin onun yerinə təyin olunacaq şəxs də elə maraq doğurur.

Bəs iradlarımız nədir?

Öncə masallılar bilmək istəyir ki, yeni icra başçısının hədəfləri nədir və həmin hədəflərə doğru hansı işlər görülür? Paklıq siyasəti nə vaxtadək davam edəcək?

Rayonda ictimai nüfuzu birmənalı qarşılanmayan digər müavinlər, eləcə də digər aparıcı vəzifə sahiblərinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə münasibəti necə olacaq?

İcra başçısının fəaliyyətində aşkarlıq və medianın müasir imkanlarından necə faydalanacaq? 

Biz detalları ilə biləcəyikmi, rayonun şəhər və qəsəbələrinə nə qədər təmir pulu ayrılıb? Məktəblərin texniki işçilərinin hansı “ölü”, hansı “diri” siyahısındadır?

Beləliklə, bu yazının sonrakı bölümlərində oxuyun – 

Icra başçısı hesabatında şablonlardan qaça bildimi?

Ağcabədi ilə müqayisələr hansı mətləblərdən xəbər verir?

İcra başçısının təhsil sevgisi nələrlə sonlanacaq?

Başçının ətrafındakı beyin mərkəzinin aparıcı fiqurları kimlərdir? Belə beyin mərkəzi varmı? 

Hər tədbirdə, hər təltifdə eyni adamların görünməsi kimin əməyinin məhsuludur? Rayonda kifayət qədər ictimai nüfuzu, yüksək intellekti olanlar niyə kənarda qalıb?

Bütün bu və bunabəzər digər məqamlarla bu yazının sonrakı bölümlərində tanış ola biləcəksiniz.

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10