Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya koronavirusla necə mübarizə aparır - faktlar


Azərbaycanda bağça, orta və ali məktəblərdə tədris dayandırıldı; müvafiq qurumlar önləyici tədbirləri davam etdirir

Azərbaycanın ən yaxın qonşusu olan İranda koronavirusa yoluxanlar və ondan ölənlərin sayı artır. İran Səhiyyə Nazirliyi ölkədə daha 12 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib. Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb.

Ölkədə ölümcül virusa yoluxanların sayı isə daha 523 nəfər artaraq 1 501 nəfərə çatıb. Koronavirusdan sağalanların sayını İran 291 nəfər elan edir: “İndiyədək ölkədə 7 280 nəfər xəstəxanalara müraciət edib. Onlardan 4 312 nəfərdən yaxma nümunəsi götürülüb və 1501 nəfərin analizinin nəticələri müsbət çıxıb”.

Dünən həmçinin daha bir Avropa ölkəsində - Portuqaliyada koronavirusa yoluxma faktı aşkarlanıb. Yoluxan şəxs bir neçə gün əvvəl İspaniyadan gəlibmiş. Almaniyada isə yoluxma faktları sürətlə artır. Ölkənin səhiyyə naziri dünən canlı yayına çıxaraq vətəndaşları virusdan qorunmaq üçün təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Gürcüstan ölkənin bütün sərhəd-keçid məntəqələrində xüsusi çadırlar qurub. Koronavirusun yayıldığı ölkələrdən gələnlərin hamısı bu çadırlarda ilkin müayinədən keçirilir, daha sonra ixtisaslaşmış hospitallara yerləşdirilir.

Qazaxıstan isə Azərbaycan da daxil omaqla, virusun yayıldığı bütün ölkələrin vətəndaşlarına işçi vizalarının verilməsini dayandırıb. Eyni zamanda Qazaxıstan hökuməti eyni səbəblə Azərbaycanla uçuşların sayını azaltmaq və xəstəliyin baş verdiyi yerlərdə İran vətəndaşlarının ölkəyə girişi üçün müvəqqəti qadağa tətbiq etmək niyyətindədir.

Qazaxıstanın sənaye və infrastruktur inkişaf nazirinin müavini Berik Kamaliyevin mətbuata verdiyi açıqlamaya görə, martın 5-dən etibarən Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək:“Almatı-Bakı istiqaməti üzrə uçuşlar həftədə beş dəfədən bir dəfəyədək, Aktau-Bakı üzrə uçuşlar isə həftədə 7 gündən bir günədək endiriləcək. Nur-Sultan-Tokio aviareysi üzrə uçuşların sayı da bir dəfəyədək azaldılacaq”.

Kamaliyevin sözlərinə görə, bununla əlaqədar, martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.

Nazirlər Kabineti yanında yaradılmış qərargahın açıqladığı məlumatlarda indiyədək Azərbaycanda 3 nəfərin bu virusa yoluxduğu qeyd olunub. Virus təhlükəsi ilə karantinə alınanların sayı isə 200 nəfərdən yuxarıdır. Hazırda ölkə ictimaiyyətinin əsas müzakirə mövzusu virusun yayılmasının qarşısını almaq üçün orta və ali məktəblərin, bağçaların bağlanması ilə bağlıdır. Belə ki, virusun aşkarlandığı ölkələrin əksəriyyətində kütləvi təmasları azaltmaq üçün məktəb və bağçalar bağlanır. Qonşu Gürcüstanda 3 nəfərdə virus aşkarlanıb, buna görə də baş nazir Giorgi Qaxariyanın qərarı ilə məktəb tətilinin vaxtı dəyişdirilib. İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb.

Ermənistanda və Rusiyanın virusun qeydə alındığı şəhərlərdəki məktəblərdə də tətil başlayıb. Yaponiya isə mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağlayıb. Amerikada koronavirus 2 nəfərin ölümünə səbəb olub, virusun qeydə alındığı şəhərlərdə məktəblilər tətilə gedib. Almaniya, İtaliyada kütləvi yoluxmanın qarşısını almaq üçün məktəblərdə tətillə bağlı müzakirələr aparılır.

Koronavirus ile ilgili görsel sonucu

Azərbaycan ictimaiyyəti və tanınmış ekspertlər virusun yayılmasını önləmək üçün analoji addımın atılmasını zəruri sayırlar. Bununla bağlı iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hökumətə müraciət edərək dünya təcrübəsinə əsaslanmaqla ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan), eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq baxçaları və məktəblər, kollec və universitetlərin əvvəlcə 1 həftə müddətinə bağlanmasını, zərurət yaranarsa bu müddətin Novruz bayramınadək uzadılmasını təklif edib: “Hesab edirik ki, bu  müddət ərzində bütün  səviyyəli təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı, onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlərdə yerləşdirməlidir".

Tanınmış təhsil eksperti, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov da baş nazirə müraciət edib. Müraciətdə bildirilir ki, koronavirusun ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz: “Ölkədə fəaliyət göstərən 4447 məktəbin heç də hamısı maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə deyil. Onlar arasında isitmə sistemində, havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var.

Digər tərəfdən isə apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb. İnanıram ki, bizim üçün şagirdlərin sağlamlığı hər şeydən üstündür deyib Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək".

Koronavirus ile ilgili görsel sonucu

Təhsil Nazirliyi isə təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Nazirlikdən aldığımız məlumata görə, qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək: “Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal Nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.

Koronavirus ile ilgili görsel sonucu

Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər".

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirib ki, koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir: “Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”.

Ümumitəhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.

i Cəsarət Valehov ile ilgili görsel sonucu

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldğımız məlumata görə, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən idarənin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata əsasən koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir: “Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.

Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır".

Nazirlər Kabineti həmçinin 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondundan dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün on milyon manat məbləğində vəsait ayırıb.

Bakı Nəqliyyat Agentliyində də qərargah yaradılıb ile ilgili görsel sonucu

Koronavirus (COVİD-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində də qərargah yaradılıb. Bununla yanaşı, qurumda (012) 404-79-95 nömrəli “Qaynar xətt” fəaliyyətə başlayıb: “Eyni zamanda bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib. Həmçinin qeyd edək ki, ”Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb".

Son olaraq bildirək ki, Azərbaycan Nazirlər Kabineti yaranmış təhlükəni nəzərə alaraq ali və orta məktəblərdə, uşaq bağçalarında tədrisin dayandırılması barədə qərar qəbul edib. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahdan verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir:“Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10