Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gülsüm Biləndərli: “Xocalını 365 gün fikirləşirəm”


Sinif otağında rəqs edən müəllim: "Təhsil Nazirliyinin məni müadfiə etməsi isə daha çox sevindirdi"
 
Bir neçə gündür, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri orta məktəb müəllimi Gülsüm Biləndərlinin rəqs etməsidir. Sinif otağında rəqs edən xanım müəllimin barəsində xoşagəlməz ittihamlar səslənsə də, böyük əksəriyyət onun müdafiəsinə qalxıb.
 
- Gülsüm müəllim, sosial medianın müzakirə mövzusuna çevrilmək sizə də qismət oldu. Necəsiniz?
 
- Bəli, baş verənlərə təssüf edirəm, amma oldu. Mən həmin videonu öz həmkarlarımın qrupunda paylaşmışam. Oradan da kimsə mediaya ötürüb. Bu barədə polis orqanlarına müraciət etmişəm, həmin insanın tapılıb cəzalandırılmasını istəyirəm. Çünki bu, şəxsi məsələdir. Məni çox insan müdafiə etdi, buna görə hər kəsə təşəkkür edirəm. Təhsil Nazirliyinin məni müadfiə etməsi isə daha çox sevindirdi. Xahiş edirəm, mənə qəhrəman kimi baxılmasın, mən qəhrəman deyiləm. Bir sıravi təhsil işçisiyəm, yorğunluğumu atmaq üçün, sadəcə oynamışam. Bunu da dərs saatında yox, boş vaxtımda və gərgin iş vaxtında etmişəm. Etdiyim hərəkətdə də qəbahətli heç nə yoxdur.
 
- Sizi qınayanların əsas arqumenti Xocalı stendi altında oynamağınızdır...
 
- Mən Moskva şəhərində yaşamışam, amma Vətənimi sevdiyim üçün geri Vətənimə qayıtmışam. Ötən illər ərzində işimlə bağlı nəsə bir tənqid olmayıb. Həmişə geyimimdən tutmuş, dərsimə, şagirdlərimə münasibətə qədər nümunə olduğumu düşünürəm. Xocalılardan belə bir qınaq eşitdim. Amma bilsinlər ki, mənim də şəhidim var, Xocalı mənim üçün 1 gün - 26 fevral yox, 365 gün var. Azərbaycan ərazisinin kiçilməsinə həmişə yanıram. Şagirdlərimə hər zaman vətənpərvərlikdən danışıram. Bir də bu video yanvarın 29-da çəkilib. Bir daha xatırladıram ki, həmin gün sinif müəllimi olduğum üçün otağımda idim.
- Sizin rəqs etdiyiniz mahnı da tənqid olunur...
 
- Bu mahnı hər tərəfdə səslənir, təəccüblü heç nə yoxdur. Həmin saatda da o qədər yorğun idim ki, elə notbukumda ilk çıxan mahnı o oldu.
 
- 9 fevral növbədənkənar seçkilərdə müəllimlərdən çox danışıldı. Ola bilər ki, sizin videonu yayan müəllim, konkret sizin haqqınızda qəsdən bu işi etmiş olsun?
 
- Mən hər hansı seçki prosesində iştirak etməmişəm. Məni heç kəs oradakı işə qoşulmağa təşviq edə bilməz. Mənim yaşadığım yer bəllidir. Səbail rayonunda yaşayıram, iş yerim Qaradağ rayonundadır. Direktor müavini haqqında şayiələr çıxıb ki, guya o, bunu edib. Heç cür ola bilməz. Çünki mən öz həmkarımı gözəl tanıyıram. Seçki məsələsi çox yanlış yanaşmadır. Mənim mübariz, dürüst olduğum hər halımdan bilinir. Müəllimlərin nüfuzuna xələl gətirməyi bitirsinlər.
 
- Yeri gəlmişkən, ibtidai sinif müəllimi kimi dərs yükünüz çoxdur. Elə bu barədə də qeydinizi edərdiniz. Müəllimlərin bu gərginliyi nə zamana qədər davam edəcək?
 
- Mən bu barədə də müraciət etmək istəyirəm. Elə yayılan videoda bir məqam da var. Mən orada qarşımda kağız-kuğuzu, vərəqləri göstərirəm. Bəli, bunu bilməyərəkdən etmişəm. Amma bizim işimiz doğrudan çox ağırdır. Bildiyimə görə, Nazirlik də dərs yükünün azaldılması barədə düşünür. Çünki əlavə hesabata, qiymətləndirmələrə sərf olunan vaxta şagirdlərə, elmə daha çox vaxt sərf etmək lazımdır. Buna daha çox ehtiyacımız var.

Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10