Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 may 2010 Çəpərüstü söhbət


- Qıza, sən bilirsən də, yayda istirahət etməsəm, rahat olmuram. Yaşılburun adalarına səyahətim alınmayandan sonra kişini də götürüb, üz tutdum Qırmızıburun adalarına. Bizim xasiyyətimizi bilirsən də, dedik, əvvəlcə buranın bazarına bir baş çəkək. Orda bazar, burda bazar, bazar tapa bilmədik. Axırı bir nəfər bizi başa saldı ki, burada ən böyük bazar adanın səhiyyə, təhsil və polis şöbələridir. Öncə təhsil şöbəsindən başlamağı qərara aldıq. Məlum oldu ki, bura rəhbərlik edənlərin çoxu heyvandarlıqla məşğul olduğundan, elə insanlara da mal-qara kimi yanaşırlar. Təhsil şöbəsində gördüyümüz bir mənzərə fikrimizi daha da möhkəmləndirdi. Belə ki, 5-10 metodist, inspektor təhsil şöbə müdirini çəpiş kimi ortada oynadıb, çəpik çala-çala: “Başçı bu ceyranı haradan almısan, tovlaya-tovlaya bura salmısan” mahnısını oxuya-oxuya, halay gedirdi. Onlar oynamaqda olsun, bacın sənə danışsın buradakı işlərdən.
- Sənə demişəm ki, həmişə səfərin ən maraqlı yerlərini danış.
- Ən maraqlı deyəndə, bu ölkə dünyada onunla məşhurdur ki, kimin ki əsil-nəcabəti gündə bir neçə dəfə söyülür, o, bu yurdun ən hörmətli adamlarından sayılır. Məsələn, müdir evə çatan kimi atası söruşur: “Bu gün məni neçə nəfərə söydürdün, neçə ölümüzü qəbirdən çıxardırıb, biabır etdirdin?” Bu rəqəm nə qədər yüksək olarsa, deməli, o müdir daha hörmətlidir. Məsələn, burada məktəb direktorlarından biri daha yüksək göstəricilərə malikdir. Lap son məlumatı deyim. Belə ki, onu yaxından tanıyanlar bu şəxsə “Gözü ilə görən dəyyus!” adı veriblər. Bilirsən, nə qədər adam bu ada görə ona gözaydınlığına gəlib?
- Bəs orada kimlərlə tanış oldun?
- Çox adamla. Biri deyir ki, direktor olanda məktəbimizdə uşaq zorlamışdılar, əvəzində məni böyüdüb təhsilə metodist gətirdilər. O birisinin direktorluğu dövründə saxta attestat məsələsi aşkarlandığına görə onu da təhsilə metodist gətiriblər. Nə bilim, biri də var, elə arvad qoltuğunda cükküldəyə-cükküldəyə gedir. O da direktor işləyəndə ana olmayan qadını analıq məzuniyyətinə çıxartdığına görə təhsil şöbəsində çörəkli işə gətirildi.
- Bəs mən eşitmişəm ki, həmin ölkədə xanımlara daha çox vəzifə verirlər.
- O, düz söhbətdir. Bilirsən, direktor orada çox çörəkli sənətdir. Nə qədər zarısalar da, hərəsi ildə 2 maşın dəyişir. Buna görə hansı direktor postundan gedir, ən azı gəlinini ora yerləşdirir. Amma bunların içində bir Allahın bəlası da var. Onu əsas yox, qıraq kəndlərdən birinə direktor təyin ediblər. O da burada fəğan edir. Belə ki, məktəbi təhvil alan kimi hər xadimədən 300 manat boğub. Müəllimlər də hər ay 20 manatı quzu balası kimi qoyurlar onun ovcuna.
- Nə əcəb o yerlərin qəzeti bu barədə yazmır?
- Nə bilim, vallah, deyir, elə onu himayə edən yazanlardan biridir.
- Lap biabırçılıqdır ki.
- Burada biabırçı olmayan iş yoxdur. Şəhərin yarısından çoxu bir-birinin üzünə durur. Şəhər qəribə şüarlarla doludur. Şərəfsizlərə eşq olsun! Bir pitiyə vətəni satanları min yaşasın! Və sairə.
- Orada daha hansı çörəkli işlər var?
- Elə götürək təhsil şöbəsində inspektorluğu. İndi bu vəzifənin tası 10 mindən aşağı deyil.
- Bu adam nə qədər qazanacaq ki, o qədər pulu çıxartsın?
- Ay avam. Hər ayın başında həmin inspektorun təhkim olunduğu 20-dən artıq məktəbin direktorunun hər biri ona 50-100 arası pul verir, əlavə yoxlamalar, şikayət məktublarının araşdırılması, kadr işi... 4-5 aya mayanı çıxardırsan.
- Bunların ən pis xasiyyəti nədir?
- Nə qədər pulları olsa, ciblərinə pul qoymurlar, elə zarıyırlar. Məsələn, bu yaxınlarda oranın təhsil şöbə müdiri çayüstü parkda keçmiş araq dostu olan əməli saleh direktor da daxil xeyli adamla ad gününü qeyd edib. Sonda müdirin hesabı verməyə pulu çatmayıb. Məcbur olub, ad gününə gətirilən hədiyyələrin bəzisini verərək, rüsvayçılıqdan qurtarıblar. Badə dostu görür ki, müdirin ayılmaq təhlükəsi var, birtəhər sürüyə-sürüyə onu gətirir evlərinə. Bunu da onu istədiyindən etmir ha. İnspektorluq üçün ona 10 min manat verib, qorxur, bu bədbəxt ölər, pul batar. Amma onu da deyim ki, bu müdirin ürəyində kin yoxdur. Hələ özü direktor olanda buradakı inspektorlardan biri ona idarənin qabağında dədə-nənə söyüşü vermişdi, indi onunla qardaşlıq edir.
- Bacı, sənin bu söhbətlərin daha qəzetə sığmır. Bir də qorxuram ki, o ölkənin abırsızlıqlarından, ləyaqətsiz və şərəfsiz işlərindən çox yazarsan, bizim namuslu məmurlar oxuyub pozular, biabırçılıq olar. Odur ki bu günlük bəsdir. İmkan olsa, bu biabırçılıqlardan 2 seriyalı bir film çəkərik.
Sərraf Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10