Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

11 may 2010 Çəpərüstü söhbət


- Qıza, bugünkü söhbətə çox maraqlı bir əhvalatla başlamaq istəyirəm. Deməli, bizim qadınlardan ibarət futbol komandamız İrana yarışa gedir. Məlumdur ki, İran komandasındakı qadınlar bircə sifəti görsənməklə meydana örtülü geyimdə çıxırlar. Qadınlarımız şübhələnir ki, rəqib komandanın tərkibində arvad paltarında kişilər var. Yəni həmin arvad paltarındakı kişinin qırxılmış bığ-saqqalının yeri aydın bilinirmiş. Bizimkilər şikayət edir, baxan olmur. Axırda qadın futbolçularımız həmin oyunçunu kruqa salıb, praktiki şəkildə yoxlayıb görürlər ki, futbolçu kişi imiş.
- Belə şeyləri dəqiqləşdirməyə nə var. Hünərin var bizdə min dona girən nakişiləri müəyyənləşdir.
- Yaxşı, bu söhbəti qoyaq kənara. Keçən dəfə söz vermişdin ki, bizi Yaşılburun adalarında sənə bağışlanan Qırmızıboyun Ubuşun oğlu və onun cındır xatirələri ilə tanış edəcəksən.
- Eləyim də. Öyrəndiyimə görə bu adam Yaşılburun adalarında ən mənəviyyatsız adamlardan biridir. Elm, təhsil işlərinə baxsa da, pula görə hər alçaqlığa gedir. Bu adam kabinetinin yuxarısına gör nə şüar yazdırıb: “Sözdən qızarmaz ki, bozarmış üzlər!” Yəni, məni necə söysəniz, kefimə deyil, təki pulumu verin. Hətta öz eyiblərini faş eləməkdən də utanmır. Gör bu adam kitabında nə yazır: “Mənim əsas istedadım tülkü Badaşın oğlu ilə ev yıxmağa başlayandan sonra üzə çıxdı. İkimiz daşınıb, düşünəndən sonra dəqiq başa düşdük ki, ar, namus, nə bilim vicdan, ləyaqət boş şeydir. Hamı - şərəfsiz də, şərəfli də bir qəbiristanlıqda basdırılır. Bundan sonra başladıq hər cür alçaqlığa. Rəhbərimiz bizə öl desəydi, ölərdik, bütün cəddi-əbanı tapdala - tapdalayardıq. Kimin əlini desə, onun başını gətirərdik. Təki pul məsələsində bizə mane olmasın. Buna görə çoxu məni zarafatla rəhbərin 7-ci arvadı adlandırırdı. (Ona görə 7-ci ki, məndən qabaqda bu vəzifəni icra edən xeyli şəxs vardı).
- Hə, nə olsun ki, adama arvad deyəndə nə olar, guya bununla mənim pulum azalacaq?
- Daha saxla. Lap ürəyim bulandı. Arvadlığımla min belə kişiyə dəyərəm. Adamın imkanı ola, belə kişiləri bağlayasan bir-birinə, dəstəsi 5 qəpikdən Dağıstan bazarında satasan dəyər-dəyməzinə.
- Amma keçən dəfə Yaşıl Burun adalarının polis rəisi haqqında dediklərim özünün yaman xoşuna gəlib. Zəng eləyib dedi ki, çox sağ ol, bilməyənləri də başa salırsan ki, rəis xırda-mırda götürmür. Bir də xahiş etdi ki, qəzetimiz vasitəsi ilə bildirək ki, rayonun cənub tərəfindəki girişində qeyri-rəsmi post qoymuşuq. Çilə gətirən, balıq gətirən, qısası yük maşınında satlıq mal gətirən hər şəxs pulumuzu vaxtında ödəyib, sonra alverini eləsin. Yoxsa, atacağam içəri, sonra biabırçılıq olacaq. Qısası, adı pul verənlərin siyahısında olmayanların işi fəna olacaq. Bəri başdan deyim ki, şəxsiyyət vəsiqəsinin də qiymətini qaldırmışam. Bəlkə, dərindən nəfəs alanlara, bərkdən asqıranlara da haqq qoyası olduq. Böyüyümüzlə də danışmışam. Deyib ki, onsuz da bunları parçalamışam, gəl, biz birləşək, yerli sakinləri necə lazımdısa, o cür də əzək.
- Yazıq Yaşıl Burun adalarında yaşayanların halına. Onlar gəlib bizdə din, imanla, vicdanla, namusla işləyən başçını, rəisi görsə, bağrı çatlayar.
- Yadıma düşdükcə deyirəm. Mən Yaşıl Burun adalarında olanda qəribə bir söhbətin də şahidi oldum. Birindən soruşdum ki, nə əcəb sizdə vəzifəyə ən çox başıxarabları, ar-namus bilməyənləri, findifüruşkaları təyin edirlər?
- Hə, nə dedi?
- Dedi ki, bu, bizə atalardan miras qalıb. Deməli, burada bir oğlan anasının burnunu, qulağını... kəsir. (başqa variantı da var). Qadın da gedir padşahın yanına şikayətə. Şah əhvalatı eşidən kimi, deyir, oğlanı gətirin yanıma. Elə də edirlər. Padşah qadına deyir ki, sən get evinə, mən bunun cəzasını verərəm. Bir aydan sonra qadın eşidir ki, padşah onun oğlunu vilayətə qubernator verib. Başı lovlu gəlir şahın yanına və bunun səbəbini soruşur. Şah qımışa-qımışa deyir ki, bacı, sən hələ də bilmirsən ki, vəzifəyə ancaq anasının, bacısının qulağını kəsənləri verirəm? Çünki ana-bacısı ilə belə rəftar edənlər, xalqın qulağını daha asanlıqla kəsir.
Sərraf Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10