Faşist rejiminin bütün mümkün qəddarlıqları bu düşgərdə tətbiq olunub. Normal insan düşüncəsinə sığışmayan işgəncələr məhz bu düşərgədə “kəşf” edilib. Digərlərindən fərqli olaraq, bu düşərgədə azyaşlı uşaqlar da saxlanılıb.
“Salaspils” həbs düşərgəsi 1941-ci ildə nasist Almaniyası tərəfindən işğal olunmuş Latviyada, Riqa şəhərindən 18 kilometr aralıda Salaspils şəhərinin ərazisində salınıb. 19 hektara yaxın ərazidə yerləşən düşərgədə ilk vaxtlar yəhudilər, daha sonra isə hərbi əsirlər, qadınlar, uşaqlar saxlanılıb.
Hələ 1941-ci ilin oktyabr ayında bura gətirilən hərbçilər hava şəraitindən, fəsillərdən asılı olmayaraq, açıq havada saxlanılıblar. Soyuqdan qorunmaq üçün məcburiyyət qarşısında qalan hərbi əsirlər heç bir alət olmadan qəbir formasında özlərinə sığınıcaq düzəldiblər.
“Salaspils” düşərgəsini təsadüfi olaraq, “ölüm düşərgəsi” adlandırmayıblar. Bu məkanda olan dözülməz daxili rejim qaydalarına tab gətirmək, verilən işgəncələrə dözmək mümkünsüz sayılıb.
Düşərgədə adi hala çevrilən ölümün səbəbləri aşağıdakılar olub:
- Küt alətlərlə ölüm həddinə çatana qədər döyülmə;
- Aclıq nəticəsində ən adi xəstəliklərdən ölüm halları;
- Bir qadının gün ərzində dəfələrlə zorlanması;
- Xüsusi qaz kameralarında saxlanılma;
- İstənilən vaxt heç bir səbəb olmadan güllələnmə;
- Saxlanılan uşaqlardan ölüm vəziyyətinə düşənə qədər qanın alınması;
- Diri-diri torpağa basdırılma;
- Saxlanılanların üstünə bir neçə quduz itin buraxılması;
- İşgəncə metodu kimi əl və ayaq barmaqlarının kəsilməsi;
- İşə yarasız olanlara zəhərli məhlulların məcburi qəbul etdirilməsi;
Bunlar “Salaspils” düşərgəsəndə ölüm səbəblərinin bir qismidir.
“Salaspils”in ən dəhşətli faktları uşaqlarla bağlıdır. Fəaliyyət göstərdiyi 1941-1944-cü illərdə düşərgədən 12 min uşaq keçib. Onlardan 7 mini həlak olub. Təkcə 1942-1943-cü illərdə düşərgədə saxlanılan uşaqlardan Vermaxt əsgər və zabitləri üçün 3500 litr qan alınıb.
Uşaqlardan təkcə qan alınmaq üçün istifadə edilməyib. Həmçinin onların üzərində tibbi-bioloji sınaqlar da aparılıb.
“Salaspils”də ölən 7 min uşaqdan yalnız 623 nəfəri düşərgənin arxa hissəsində torpağa basdırılıb, qalanları isə yandırılıb.
Düşərgədə uşaqlara anaları ilə görüşmək qəti şəkildə qadağan edilib. Bu qadağaya etiraz edənləri isə daha ağır cəza gözləyib. Belə ki, analarının gözü qarşısında uşaqlara ölümcül hala düşənə qədər işgəncələr verilib.
7 yaşında “Salaspils”ə düşən və düşərgədən sağ çıxmağa müvəffəq olan Anya Bordyukova sonralar həmin dəhşətli səhnələri belə xatırlayıb: “Biz ailədə 5 uşaq idik. Anamızla birgə bizim hamımızı düşərgəyə gətirdilər. Yük maşınından düşən kimi bizi anamızdan ayırdılar və uşaqlar üçün nəzərdə tutulmuş baraka apardılar. Balaca bacımın 4 yaşı var idi. O, məndən çörək istəyirdi. Mən isə ona yeməyə heç nə verə bilmirdim. Bir neçə gündən sonra beşimizi də düşərgənin ərazisində yerləşən və xəstəxana adlandırılan yerə apardılar. Otaqda stolun üstündə müxtəlif tibbi alətlər var idi. Mən nələrin baş verəcəyini anlamırdım. Hündürboylu, ağ xalatlı alman həkim əvvəlcə məndən bir yaş böyük olan qardaşımı yanına çağırdı. Əvvəlcə qollarına baxdı, sonra köhnə kətilin üstündə uzanmağı əmr etdi. Qardaşım müqavimət göstərmək istəyəndə onu kətilə bağladılar. Həkim iynəni onun damarına yeritdi, yarım litrlik şüşə qab qanla dolduqdan sonra iynəni çıxartdı. Sonra bu ağ xalatlı cəllad balaca bacımı şağırdı. O, ağlamağa başlayanda həkim onun qolundan dartıb, kətilə uzatdı və çox soyuq səslə dedi: “Ağlamaq lazım deyil. Siz onsuz da öləcəksiniz. Heç olmasa, ölənə qədər yaralı əsgərlərimizə bir xeyiriniz dəysin”. Beləliklə hamımızdan qan aldılar. Qardaşım və iki bacım düşərgədə öldülər...”
“İslah əmək düşərgəsi” adı altında təqdim olunan düşərgədə almanlar işgəncə hallarını, dözülməz şəraiti, ölüm faktlarını gizlətmək üçün düşərgəyə kənar şəxslərin giriş-çıxışına məhdudiyyət qoyublar. Hətta bəzi yüksəkçinli almanlar da düşərgənin ərazisinə buraxılmayıb. Yalnız Almaniya daxili və xarici təhlükəsizlik baş idarəsinin rəhbərliyinin xüsusi buraxılışı ilə düşərgəyə girmək mümkün olub.
“Salaspils”də saxlanılanların ərzaq təminatı gün ərzində 80 qram çörəkdən və tərəvəz tullantılarından hazirlanmış şorbadan ibarət olub. Sanitar-gigiyenik vəziyyətin sıfır dərəcəsində olması isə il ərzində infeksion xəstəliklərin yayılmasına səbəb olub ki, bu da kütləvi ölüm halları ilə nəticələnib. Saxlanılanlara ayda iki dəfə soyuq su ilə çimməyə icazə verilib.
Qorxu içində yaşayan “Salaspils” sakinləri nəzarətçilərdən daha çox ağ xalatlı həkimlərdən qorxublar. Onların tez-tez düşərgəyə “təşrif” buyurması qan almaq məqsədi daşıyıb. Buna görə də düşərgə çox vaxt “qan bankı” adlandırılıb.
1944-cü ildə sovet qoşunları Latviyanı faşist işğalından azad edəndə, son məqamda “Salaspils”in komendantı Rixard Nikels düşərgədəki bütün barakların, yardımcı otaqların və inzibati binanın yandırılması əmrini verib. O, bu əmri ilə “Salaspils”də alman faşizminin törətdiyi cinayət və vəhşiliklərin izini itirmək məqsədini güdüb.
4 ilə yaxın bir müddətdə “Salaspils” düşərgəsində 100 mindən artıq insan həlak olub.
1967-ci ildə “Salaspils” düşərgəsinin ərazisində Avropada ən böyük xatirə komplekslərindən biri sayılan Salaspils Memorial Kompleks Abidəsi yaradılıb.
Bu acı tarixi gerçəklilərə baxmayaraq, hələ bu gün də dünyada faşist xislətində olanlar az deyil. 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilən Xocalı soyqırımı buna bariz sübutdur.
İlham Cəmiloğlu,
Musavat.com