Buradakı apteklərdə də maska yoxa çıxıb
Masallı Mərkəzi Xəstəxanasının (Publik Hüquqi şəxsi), direktoru Cəlil Nəzərovun cənub.az-a bildirdiyinə görə, Azərbaycan Səhiyyə Nazirliyi koronavirusla bağlı bütün səhiyyə şəbəkələrinə, o cümlədən Masallı Mərkəzi Xəstəxanasına müvafiq təlimatlar və göstərişlər göndərib. Həmin təlimata uyğun olaraq Mərkəzi Xəstəxananın İnfeksiya şöbəsində 5 palata ayrılıb. Hər palata bir xəstə üçün nəzərdə tutulub və bu palatalara giriş və çıxışın tam fərqli istiqamətdə olması təmin edilmişdir. Həmçinin həmin palatalar hər cür avadanlıqla və ləvazimatla təchiz olunub. Ehtiyac yaranarsa, ehtiyat palatalar da nəzərdə tutulub.
Həmçinin istər həkimlər, istər tibb bacıları, eləcə də əhali arasında ciddi maarifləndirmə işi aparılır.
Bu xəstəliyin əsas əlaməti qızdırma olduğu üçün, kimdəsə bu hal müşaşahidə olunduqda o xüsusi nəzarətə götürülür.
Bu sahədə mətbuatda gedən materiallar dərhal öyrənilir və müvafiq işçilər məlumatlandırılır.
Onu da bildirək ki ölkənin hər yerində olduğu kimi Masallı apteklərində də maskalar yoxa çıxıb. Adını açıqlamayan aptek müdiri bildirdi ki, hər gün bizə cəmi 50 ədəd maska verilir. Maska üçün müraciət edənlər isə yüzlərlədir. Hətta qonşu kəndlərdən və rayonlardan maska üçün gələnlər var.
Kimi deyir ki, Çinə yollayıblar, kimi də deyir ki, elə bura Çindən gətirirdilər, indi yollamırlar.
Şəfa Allahverdiyeva,
Cenub.az-ın müxbiri