“Eşitdim ki, qonşu ölkəmiz İranda da 20-dən çox insan koronavirusdan dünyasını dəyişib. Dövlət Gömrük Komitəsi isə insanlara tövsiyə edir ki, vacib işiniz yoxdursa, İrana getməyin. Axı bir tövsiyəli xalq deyilik”
Bunu yazıçı Seyran Səxavət dünyanı lərzəyə gətirən koronavirus haqda danışarkən deyib. Yazıçı bu səbəbdən İranla sərhədlərimizin bağlanmasının vacibliyini vurğulayıb:
“Quşlar asqıra-asqıra gəlib quş qripi adıyla dünyanı lərzəyə salıb çıxıb getdi. Bunların təsirindən qurtarmamış indi də bütün dünyaya koronavirus yayılıb. Mən də bu ölkənin və dünyanın vətəndaşı kimi çox narahatam. Eşitdim ki, qonşu ölkəmiz İranda da 20-dən çox insan koronavirusdan dünyasını dəyişib. Dövlət Gömrük Komitəsi isə insanlara tövsiyə edir ki, vacib işiniz yoxdursa, İrana getməyin. Axı bir tövsiyəli xalq deyilik. Məsələn, bizə tövsiyə edirlər ki, maşını yolda yavaş sür, amma biz saatda 140 kilometr sürətlə sürüb məhv olub gedirik. Yəni bizim Dövlət Gömrük Komitəsi nəzərə almalıydı ki, biz tövsiyəlik xalq, camaat deyilik. Eşitdim ki, Xarici İşlər Nazirliyi xaricə gedən vətəndaşlarımıza deyir ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edin. Bizim camaat heç bilmir ki, belə bir qurum var, ya yox. Koronavirus faktına bu iki dövlət qurumumuzun yanaşmasını qeyri-ciddi hesab edirəm. Öyrəndim ki, Türkiyə, İraq, Suriya və başqa hansısa dövlət İranla sərhədləri bağlayıb. Mən tövsiyə yox, xahiş və tələb edirəm ki, İranla sərhədlərimizi bağlayaq.
Əsas səbəblərdən biri də bundan ibarətdir ki, bizim xəstə səhiyyəmizin özünün müalicəyə ehtiyacı olduğunu mütləq nəzərə alaraq İranla sərhədlərimizi bağlamalıyıq. Biz yer üzündə yeganə xalqıq ki, yalnız öləndən sonra xəbər tuturuq ki, xəstəymişik. Belə bir lətifə də var:
Bir yəhudi həkimi iş gününün sonunda tibb bacısına deyir ki, qəbulda kim var? Tibb bacısı deyir ki, adların bilmirəm, amma qəbulda bir yəhudi və bir müsəlmandır. Həkim deyir ki, yəhudiyə denən getsin, o, hələ şübhələnib ki, on il bundan sonra xəstələnə bilər, ona görə həkimə gəlib. Amma müsəlman yəqin ki, ölüm ayağında olduğu üçün gəlib və ona görə də müsəlmanı içəri burax.
Bütün əlaqədar təşkilatlardan, söz adamlarından xahiş edirəm ki, məni dəstəkləsinlər və İranla sərhədlərimizi bağlayaq. Mən söz virusu üzrə mütəxəssisəm, inanın ki, dünyada ən dəhşətli virus sözlə düşən virusdur, amma koronavirus da söz virusu qədər dəhşətlidir”.
moderator.az