Bu il Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümü tamam olur. Düz 28 il bundan öncə müdafiəsiz qalan, sadəcə mülki insanlardan ibarət olan şəhərə hücum edən erməni vəhşiləri, 366-cı motoatıcı alayın iştirakı ilə bütün şəhəri yerlə bir etmiş, uşaqdan böyüyə qədər bütün şəhər sakinlərini xüsusi qəddarlıqla məhv etmişdilər.
Məhz bu səbbədən də Xocalı faciəsi bütün dünyada XX əsrin ən dəhşətli soyqırımı hesab edilir. Lakin erməni qaniçənlərinin Xocalıda törətdikləri qətliamın təhlili, mülki vətəndaşlara qarşı bəşər tarixində misli görünməyən ən qorxunc işgəncələrin tətbiqi gerçəyi Xoclaının yalnız XX əsrin deyil, bütün əsrlərin ən dəhşətli soyqırımı olduğunu göstərir.
Heydər Əliyevin Xocalı soyqırımına verdiyi unikal qiymət
Xocalı soyqırımı, bu soyqırımın mahiyəti və bunun Azərbaycan, eləcə də dünya tarixindəki yeri ilə bağlı ən dolğun təhlil, ən dərin siyasi analiz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən aparılıb. Xocalı soyqırımını erməni vəhşiliyinin ən bariz nümunəsi kimi dəyərləndirən ulu öndər, haqlı olaraq bunu yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı ən ağır cinayət kimi xarakterizə edib. Elə bu səbəbdən də Heydər Əliyev hesab edirdi ki, bütün bəşəriyyət, sivil dünya bu cinayətə biganə qalmamalı, erməni vəhşiliyini qınamalı, buna hüquqi-siyasi qiymət verməlidir.
Onu da qeyd edək ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması, dünya ictimaiyyətinin bu qorxunc cinayətlə bağlı məlumatlandırılması istiqamətində ciddi fəaliyyətə start verilib, bu yöndə sistemli addımlar atılıb. Hansı ki, bu gün bu missiya prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdə, Xocalı soyqırımı bir sıra dünya dövlətləri tərəfindən tanınmaqdadır.
Azərbaycan ədalət axtarışında: “Xocalıya ədalət” kampaniyası və tarixi ifşa!
Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən ən mühümü heç şübhəsiz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyasının aparılmasıdır. Uzun illərdir ki, “Xocalıya ədalət” şüarı ilə ən müxtəlif üsul və vasitələrlə Xocalı soyqırımını dünyaya tanıdan bu kampaniya, bu gün də beynəlxalq ictimai rəyi Xocalı həqiqətləri ilə bağlı ətraflı şəkildə məlumatlandırmaqda, erməni cinayətini, işğalçıların anti-insani əməllərini ifşa etməkdədir.
Məhz görülən bu işlərin nəticəsidir ki, Xocalı soyqırımı müxtəlif dövlətlərin parlamentləri tərəfindən tanınmaqda, bəzi parlamentlərdə isə müzakirəyə çıxarılmaqdadır. ABŞ-ın bir neçə ştatının Xocalı soyqırımını tanıması, bəzi beynəlxalq təşkilatların bununla bağl konkret mövqe sərgiləməsi “Xocalıya ədalət” kampaniyasının önəmindən xəbər verir.
Əminliklə demək olar ki, yaxın gələcəkdə yeni-yeni dövlətlər Xocalı soyqırımını tanımaqla erməni vəhşiliyini qınayacaq, Ermənistanın riyakar mövqeyi, qanlı əməlləri bir kəs daha ifşa olunacaqdır. Bu isə həm ermənilərin ifşası və tarixi ədalətin öz yerini alması, həm də Xocalı şəhidləri qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi baxımından olduqca vacibdir.
Şəfəq Salmanlı,
Ədliyyə Nazirliyi, 3 saylı Bakı Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinin rəisi