Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bayram deyil, seyran deyil, metroda nə həngamədir belə?!



“Ardıcıl olaraq üç gündür ki, qatarlarda sərnişin sıxlığı müşahidə edilir deyə, gecikmələrin də sayı çox olur”

 

Son günlər Bakı metrosunda mütəmadi olaraq qatarların gecikməsi, sərnişin sıxlığı halları yaşanır. Bu gün səhər də eyni vəziyyət müşahidə olunub. Qatarlar arasında uzun interval yaranıb, üstəlik sərnişin sıxlığı narazılıqlara yol açıb.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib ki, son 3 gündə belə problem yaşanır: “Ardıcıl olaraq üç gündür ki, qatarlarda sərnişin sıxlığı müşahidə edilir deyə, gecikmələrin də sayı çox olur. Yəni səbəb sadəcə sərnişin sıxlığı ilə bağlıdır. Qatarlarda və stansiyalarda hər hansı bir problem yoxdur. Problem olanda isə özümüz dərhal ictimailəşdirməyə çalışırıq ki, sərnişinlər təşvişə düşməsinlər”.

“Metroda interval saniyə ilə ölçülmüş qrafiklər əsasında hesablanır. Lakin sərnişinlər bəzi stansiyalarda bir neçə dəqiqə qatarın qapılarının bağlanmasına mane olurlar deyə, qatar tərpənmir və növbəti stansiyaya iki-üç dəqiqəyə çatmalı olan qatar altı-yeddi dəqiqəyə çatır”, - deyə Məmmədov əlavə edib.

 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov şərhində bildirib ki, məsələ ətraflı araşdırılmalıdır: “Metrodan davamlı olaraq istifadə edən sərnişinlərin sayı demək olar ki, stabildir. Təbii ki, belə olan halda sual yaranır ki, söhbət hansı sıxlıqdan gedir? Bizdə, adətən hansısa mötəbər tədbirlərdə, bayramlarda şəhərə çoxsaylı turistlər gəlir və qismən də olsa, onlar metrodan və digər ictimai nəqliyyat vasitələrindən istifadə edirlər. O zaman bunu başa düşmək olar”.

“Lakin məndə olan məlumata görə, xüsusən də pik saatlarda intervalların iki dəqiqəyə endirilməsi gündəmdə idi və hal-hazırda da bu üsuldan istifadə edilir. Düşünürəm ki, əgər kəskin say artımı varsa, Metropolitendə sərnişindaşımaya cavabdeh olan aidiyyəti strukturlar bunu proqnozlaşdırmalı və uyğun tədbirlər görməlidir. Gözləyək, görək Metropoliten rəhbərliyi tərəfindən hansı tədbirlər həyata keçiriləcək”, - deyə ekspert əlavə edib.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10