Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ölüləri” buraxıb, “dirilərdən” yapışmaq zamanıdır



Bəzi peşələr var ki, artıq onlara tələbat azalır, əvəzində yeniləri meydana çıxır

 

Zaman keçdikcə insanların dünyaya baxışı, tələbatı dəyişir. İnformasiya Texnologiyalarının (İT) inkişafı zamanı daha da sürətləndirir və ortaya çıxan yeniliklər peşələrə, sənətlərə də öz təsirini göstərir.

 

Bəzi peşələr var ki, artıq onlara tələbat azalır, bəzilərinə isə əksinə daha çox tələbat yaranıb. Məsələn, son illər dünyada və Azərbaycanda sosial media meneceri (SMM) və marketinq sahələri geniş inkişaf edib. Bəs hansı peşələr tarixə qovuşur?

 

Cenub.az xəbər verir ki, ayna.az-ın əməkdaşı xaricdə yaşayan soydaşlarımızla bu mövzu ətrafında həmsöhbət olub.

ABŞ-da yaşayan Ehtiram Əsgərovun sözlərinə görə, elə peşələr var ki, Amerikada onlara daima ehtiyac var: “Bunlardan tikinti sahəsi, restoran işi, qida sənayesini göstərmək olar. ABŞ-da bu sahələrdə daim işçiyə tələbat olur. Son zamanlar, əsasən Donald Trampın Hindistan vətəndaşlarına tətbiq etdiyi məhdudiyyətdən sonra burada İT sahəsi üzrə mütəxəssislərə tələbat artıb. Burada bütün sahələr kompüterləşir. Artıq bir çox sahələrdə insan əməyindan az istifadə etməyə çalışırlar. Ona görə də ən çox İT üzrə tələbat var. İT sahəsində işləyən insan aylıq, minimum 7-8 min dollar pul qazana bilir. Azərbaycanlılardan da burada İT üzrə işləyənlər var”.

 

“ABŞ-da, həmçinin daşınma işlərinə böyük ehtiyac var. İnternet üzərindən daha çox alış-veriş edildiyi üçün kuryerlərə ehtiyac çoxdur. Taksi işçilərinə də hər zaman böyük ehtiyac olur”, - E.Əsgərov bildirib.

 

Uzun illərdir İspaniyada yaşayan Fərid Mustafayevin dediyinə görə, İspaniyada, ümumiyyətlə Avropa ölkələrinin əksəriyyətində vəziyyət fərqlidir: “Belə ki, burada adət-ənənə qorunur. Məsələn, bir ailə çörək birişib satıbsa, bu gün də onun peşəsini ailənin yeni nəsli davam etdirir. Onlar səhərlər başqa işlə məşğul olur, axşamlar isə çörək bişirirlər. O çörəyi daha baha qiymətə satırlar. Amma deyim ki, həmin çörəyə tələbat dükanda satılan çörəklərdən daha çoxdur. Yaxud at saxlayan insanlara bunu şamil etmək olar. Və ya dəmirçilik sənəti. Ulu babası dəmirçi olan biri bu gün də hərdən ulu babasının dəmirçi alətini qoruyur və bəzən işə salıb nəsə hazırlayır. Onlar bunu pul qazanmaq üçün yox, adət-ənənə itməsin deyə edirlər. Hətta dövlət də bunun üçün həmin insanlara pul ayırır”.

“İspaniya Avropada balina ovuna görə hər zaman birinci yerdə olub. Balina ovçuları xüsusi qayıqlarda 10 nəfər sağda, 10 nəfər solda və onları idarə edən bir nəfər idarəçi ilə gedirlər. Balina sahilə yaxın görünəndə, ən azı 7-8 qayıq sahildən çıxıb, balinaya doğru üzürmüş. Adətə görə ilk balinaya çatıb, ona qarpunu vuranlar balinanı ovlayacaqdılar. Balina ovlamaq qadağan edildiyi üçün bu peşə itib, amma balina ovunun adətlərini qayıq yarışı kimi saxlayıblar. Artıq qayıqların sürət yarışını keçirirlər. Qeyd edim ki, bu idman növü ilə məşğul olanlar da az deyil”, - deyə F.Mustafayev bildirib.

 

İspaniyada yaşayan həmyerlimiz qeyd edib ki, həm cüzi gəlir, həm də dövlətin dəstəyi insanları peşələrini davam etdirməyə motivasiya edir: “Ona görə də İspaniyada heç bir peşə itib-batmayıb. O ki qaldı yeni peşələrə, bu gün Azərbaycanda yeni sayılan bir çox peşələr 20-30 ildir Avropada mövcuddur. Məsələn, bu gün Azərbaycanda yeni sayılan marketinq sahəsi Avropada illərdir geniş yayılmış sənətdir. Eyni zamanda, avropalılar mətbəx, kənd təsərrüfatı, səhiyyə sahələrində birincidirlər”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10