Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”



“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.

Bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

“Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:

“Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.

Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:

“Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günahkar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla üz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10