Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadlının ||--||təcavüzü, Masallıların yardımı



 Həmin yazıda 3 uşaq anasına polis işçisinin ağlasığmaz təcavüzü, prokurorluğun bu işə biganə münasibəti ilə yanaşı qeyd etmişdik ki, bu qadın işıqsız, susuz, televizorsuz, mebelsiz, bir otağı döşəməsiz komada çox acınacaqlı vəziyyətdə yaşayır. Gözləmək olardı ki, yüzlərlə sahibkarı, məmuru, bir neçə millət vəkili, mindən yuxarı Hacısı, Kərbəlayısı olan bu rayondan kimsənin səxavət və insanlıq damarı tərpənəcək, ən azından bu ailəyə maddi yardım göstəriləcək. Çox təəssüf ki, dəfələrlə yazılmasına, ölkənin ən aparıcı qəzetlərində və internet saytlarında yer almasına baxmayaraq Cəlilabad rayonundan kimsə bu evin qapısını açmadı. Nəinki açmadı, Xanbala adlı müxbirin fürsətdən istifadə edib həmin qadının həyətindən hinduşka və toyuq-cücə çırpışdırması faktını da lazımınca araşdırmadı. İnsanlıq xətrinə yardımlar bir yana, heç Allahın ünvanlı yardımını da 3 uşaqla çıxılmaz vəziyyətdə yaşayan bu insana qıymadılar.

Nəhayət, bu günlərdə Masallıdan 5-6 nəfər gənc bu kimsəsizin evinə üz tutub. Onlar 300 metrdən artıq kabel gətirərək uzaq məsafədən evə elektrik xətti çəkib. Bundan əlavə evdaxili işıqlandırmanı da bərpa etmək üçün ehtiyac olan bütün yerlərə pozetka, elektrik açarı quraşdırıb, döşəməsi olmayan bir otaq üçün rəndələnmiş bir kub taxta gətiriblər. İşlərini bununla bitmiş hesab etməyən bu gənclər ailəyə xalça, rəngli televizor, soyuducu, uşaqlar üçün bir neçə dəst paltar, çoxlu kartof, soğan, un, cücə və sair ərzaq, eləcə də digər gündəlik tələbat mallarını hədiyyə ediblər. Onlar həm də vəd ediblər ki, bayram ərəfəsində yenə də bu ailəyə yardım göstərəcəklər. Bu gənclər evə elektrik xətti çəkən zaman evin sahibi Rəna Niftullayeva nə qədər təkid etsə də, onlar bu kimsəsizin evində çörək də yeməyib, maşında oturub özləri ilə gətirdiyi yeməkdən nahar ediblər. Həmçinin qadına təklif edilib ki, o da namaz qılsın. Bu, Allaha daha çox xoş gedər.

Ən maraqlısı odur ki, bir kimsəsizə 10 manat yardım edən kimi 50 manatlıq video çəkiliş apartdırıb özlərini reklam etdirənlərdən fərqli olaraq bu gənclər adlarının qəzetdə, televizorda çəkilməsinin, onlara minnətdarlıq edilməsinin qəti əleyhinə olublar. Biz bunu Allah xətrinə eləmişik, heç kimdən də buna görə sağ ol ummuruq-deyiblər. (Biz həmin gəncləri tanısaq da, təkidli xahişlərini nəzərə alıb, adlarını çəkmirik).


Redaksiyadan: Biz bu xeyriyyəçilik əməlini uzun-uzadı şərh etməsək də, hesabat iclaslarında boğazdan yuxarı xalqa qayğıdan danışıb, yüz min manatları eyş-işrətdə dağıdanlar, özləri üçün xalq malından topdağıtmaz imarətlər quran rəhbərlər və onlara yaltaqlıq edənlər üçün elə bilirik ki, kifayət qədər ibrətamiz bir olaydır. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10