DANX: Respublika üzrə qeydiyyatda olan və texniki baxışdan keçən 13833 ədəd avtobus var
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən regionlardakı nəqliyyat sistemi, sərnişin daşımalarla bağlı vəziyyətin bərbad olduğunu deyib: "Onların istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaq. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik”.
Mövzu ilə bağlı ayna.az-ın sorğusuna cavab verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib ki, məsələ Nazirlik rəhbərliyi ilə Prezidentin görüşündə də müzakirə olunub: “Görüşdə yaxın vaxtlarda bu məsələlərlə bağlı nəticələrin ölkə rəhbərinə məruzə ediləcəyi bildirilib. Artıq DANX-nin 6 istiqamət üzrə fəaliyyət göstərən işçi qrupun əldə etdiyi təhlil və nəticələr var. İşçi qrupun tərkibində müəyyən istiqamətlərdə daşımalar üzrə - şəhərlərarası, Bakı istisna olmaqla regionlardakı vəziyyət, beynəlxalq daşımaların fəaliyyəti araşdırılıb. Eləcə də, 3 xidmət sahəsi üzrə vəziyyət monitorinq olunub. Bunlar taksi xidməti, sərnişindaşıma (müntəzəm və qeyri-müntəzəm marşrut üzrə) və yük avtomobilləri ilə bağlı sahibkarlıq faəliyyətləridir”.
DANX rəsmisinin sözlərinə görə, respublikada mövcud avtobusların fərqlənmə nişanının əldə olunması ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar: “Amma taksi və yük daşımalarla bağlı vəziyyət yaxşı deyil. Respublika üzrə qeydiyyatda olan və texniki baxışdan keçən 13833 ədəd avtobus var. Region üzrə avtobusların sayı 3363 ədəddir. Şəhərlərarası 617, Bakı istisna olmaqla, şəhərdaxili 122, rayon mərkəzlərindən kəndlərə isə 557 marşrut xətləri üzrə hərəkət var. 2206 fiziki, 71 hüquqi şəxs daşıyıcı kimi fəaliyyət göstərir”.
“Regionlarda avtobus parklarının yenilənməsinə başlanılıb. Respublika üzrə istifadədə olan sərnişin daşıyıcılarının 77%-nin istismar müddəti 10 ildən çoxdur. Amma bir il ərzində bu göstəricinin 67%-ə endirilməsinə nail olunub. Ölkə rəhbərinin çıxışında bir məsələ də vurğulandı ki, daşıyıclar üçün hər cür şəraitin yaradılması vacibdir. Qanun və nəqliyyat infrastrukturu daşıyıcıya dəstək verməlidir. Həmçinin daşıyıcı köhnəlmiş avtobusları artıq istismardan çıxarmalıdır. Bu səbəbdən bizim qurum tərəfindən utilizasiya proqramı ilə bağlı qanun layihəsinə tövsiyələr də təqdim edilib. Həmin tövsiyələrdə daşıyıcı qarşısında qoyulan vəzifələr əksini tapıb”, - deyə Allahyarova əlavə edib.
ayna.az