Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Toyuq qızıl yumurtlasın, amma dən istəməsin...



Hüseynbala Səlimov

Avropalılar "Breksit”ə hamılıqla səs verəndə mən bütün geosiyasi, geoiqtisadi və daha nə bilim, daha hansı mətləbləri bir tərəfə qoyub düşündüm ki, bəli, yalnız ingilislər,- başqalarının gözünə bir qısa tuman xalq kimi görünən ingilislər düşünə bilər ki, ayrılıqda Avropa Birliyindəkindən də daha varlı və azad yaşya bilərlər – bəli, bir daha deyirəm ki, bu cür lovğalıq yalnız onlara yaraşır...

Dünyanın qeyri xalqları isə daim başlarını soxmağa bir yer axtarırlar ki, bir təhər keçinsinlər bu dünyada...

Yox, mən ingilisləri elə də sevmirəm, onların pərəstişkarı deyiləm. Ölkələrində bircə dəfə belə olmamışam, dümanlı, çiskinli Londonlarını da qəti görməmişəm, üstəlik onun adı gələndə ixtiyarsız olaraq gözüm önünə sirli qəsrlər, qalalar və daha nə bilim nələr, gəlir, Londonun çiskini havası sümüklərimə işləyir və mən Şerlok Holmsayağı xəyalən sobanın yanına çəkilib qəlyanımı sümürmək istəyirəm... 

Yeri gəlmişkən, Sizə ərz edim ki, sobam olmasa da, alababat bir qəlyanım var və onu mənə İstanbuldan bir qadın həmkarım almışdı, amma min təəssüf ki, bu da hələ hamısı deyil: üç ay bundan əvvəl özümün otuz yeddi illik dostuma – siqaretə "yox” dedim, çünki daha çəkə bilmirdim, boğulma məni üzürdü, ona görə də qərara gəldim ki, ömrümün qalan hissəsini yalnız özümə həsr edim – bəli, tütünə, siqaretə yox, məhz özümə...

Nə isə, qayıdaq "Breksit”ə və Avropa Birliyinə. Deyəcəyəm ki, hər ikisinə sayğım var. İngilislərə və qərarlarına hörmətim böyükdür və bir daha ərz edim ki, belə lovğalıq və belə eqoizm yalnız onlara yaraşır. O ki qaldı Avropa Birliyinə, bəzi savaddan yarımçıqlar arabir onu SSRİ-lə müqayisə edir, amma qətiyyən belə deyil; bəli, bir vaxt M.Qorbaçov da SSRİ-ni Avropadakl inteqrasiya formulu ilə müqayisə etməyi sevirdi, di, gəl, xalq çörəyi qulağına yemir və odur ki, Qorbaçova da, onun SSRİ-sinə də "xudahafiz!” dedilər...

Bu günümüzə gəldikdə isə, Avropa Birliyini heç bir halda SSRİ-nin aqibəti gözləmir, ən azı ona görə ki, olmayan bir şeyi olan başqa bir şeyin aqibəti axı necə gözləyə bilər? Demərəm, birdən Avropa liderləri də durub geosiyasi xəyallara düşərlər və onda həqiqətən də nəsə baş verə bilər, amma indi Avropa Birliyi Azad Avropa İnsanının sanki boynuna ölçüblüdür. 

Elə sözün həqiqi mənasında, bu gün – 21-ci əsrdə Avropa İnsanına necə deyəsən ki, yox, sən, məsələn, Danimarkada yaşaya və işləyə bilməzsən! Bunu hətta təsəvvür etmək olmur, çünki Vikinqlər yaşayış yerlərini daim özləri seçiblər...       

O ki qaldı bizə... Biz guya Şərqlə Qərb arasında daim qapı olmuşuq, yəni nə oldan olmuşuq, nə bundan. Amma ötən əsrin sonunda kontinentdə cahanşümul proseslər başlayanda avropalılar bizi də cərgələrinə qatmaq qərarına gəldilər. Daha doğrusu, əvvəlcə Baltikyanı üçlüyü sıralarına çəkdilər. Daha sonra GUAM qurub MDB-ni bir az da sarsıtmaq fikrinə düşdülər və oradan da üç ölkəni tərəflərinə çəkməyi qət etdilər və çəkdilər də: Gürcüstan, Ukrayna və Molova üzv olmasalar da, Avropa Birliyi istiqamətində çox ciddi bir addım atdılar. 

Biz yaxamızı bu dəfə də qırağa çəkdik, gördük GUAM bizlik deyil, Mərkəzi Asiya və Belarus kimi ölkələr var ki, onların fonunda biz daha yaxşı seçilə bilər və özümüzü daha rahat hiss edərik. İndi Şərq Tərəfdaşlığı Proqramı ölkələrindən AB ilə saziş imzalamayan yalnız bir biz, bir də ki, Belarus qalıbdı və niyə "Biz, bir də belaruslar qalıbdır?” sualının cavabını bilmək üçün Britaniya Ensiklopediyasında eşələnmək lazım deyil, hər şey Gün kimi aydındır.

Səbəblər də budur ki, biz deyirik, toyuq qızıl yumurtlasın, amma dən istəməsin, yəni Azərbaycan əhli asqıranda da burnundan fırtıq əvəzinə ləl-cəvahirat tökülsün, daş - qaş, brilyant səpələnsin, amma bu insanlar dönüb özləri üçün heç nə istəməsinlər; bəli, nə iş, nə də çörək-dolanışıq tələb etsinlər, ələlxüsus da azadlıq və demokratiya kimi bizə heç yaraşmayan şeylərin eşqinə düşməsinlər, ağılları çaşmasın və bilsinlər ki, bizim hökumətimiz nəyisə imzalamırsa, deməli, belə də lazımdır, daha bəzi para jurnalistlər kimi lap sözün çürüyünü, şitini çıxarmasınlar ki, ayə, bəs Avropa ilə saziş niyə imzalanmır, niyə yubadılır və s. və i... 

Burada da hər şey Molla Nəsrəddininin məşhur lətifəsində olduğu kimidir. Molladan çərəz istəyəndə qayıdır ki, elə-belə! İndi yadınıza düşdümü? Bizim hökumətdən də soruşanda ki, niyə AB ilə saziş imzalamırsan, o, da qayıdır ki, elə - belə, yəni ki, istəmirəm! Salamatı budur, belə sualları ümumiyyətlə verməyəsən. Nəyimizə lazımdır axı?..





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10