Dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələrə təyinat məsələsində Leonid İliç Brejnevin xüsusi təşəbbüskarlığı olub. Brejnevlə Yuri Andropov yaxın dostluq münasibətində olsalar da, baş katib DTK şefinə qarşı həmişə ehtiyatla davranıb. Düzdür, Brejnev Andropovu bu vəzifəyə təyin etdikdən sonra onun səlahiyyətlərini artırıb, qurumun ştat vahidi böyüyüb, yeni bölmələr, şöbələr, idarələr fəaliyyətə başlayıb. Amma bununla yanaşı Brejnev ehtiyat tədbirlərini də unutmayıb. Sözsüz ki, bu da səbəbsiz olmayıb.
Brejnev 1964-cü ildə Xruşovun devrilməsi zamanı DTK sədri Vladimir Semiçastnının fəaliyyətini və səlahiyyətlərini müşahidə etdikdən sonra yəqin ki, özlüyündə qərar verib ki, bu quruma ciddi yanaşmaq lazımdır. Elə bu səbəbdən də Andropovun təyinatından sonra onun fəaliyyətini nəzarətdə saxlamaq üçün baş katib öz ailə dostlarını Semyon Sviqunu və Georgi Tsinevi ona müavin təyin edib. Brejnevin DTK ilə bağlı təyinat məsələləri bu iki şəxslə bitməyib. Moskva şəhər və vilayət dövlət təhlükəsizlik idarəsinin rəisi Viktor Alidin də məhz Brejnevin təqdimatı ilə baş tutub.
Viktor Alidinlə Brejnevin tanışlığı isə çox-çox əvvəllərdən başlayıb - hər ikisi Ukraynada partiya orqanlarında çalışdığı illərdən.
Viktor Alidin 1911-ci ildə Tverin Kimrı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra üç il ayaqqabı fabrikində işləyib. 1930-cu ildə işlədiyi fabrikin komsomol təşkilatı tərəfindən milis orqanlarında işləməyə göndərilib. Artıq dörd ildən sonra çevikliyi və bacarığı ilə fərqlənən Viktor Alidin Kimrı rayon milis şöbəsinin cinayət-axtarış bölməsinə rəhbərlik edib.
1933-cü ildə Viktor Alidin hərbi xidmətə yollanıb, 56-cı dəmiryolu alayında xidmət edib və həm də alayın ilk komsomol təşkilatının katibi seçilib.
Ordudan tərxis olunduqdan sonra komsomol orqanlarında iş təcrübəsi olan bir şəxs kimi Viktor Alidin partiya orqanlarına işə qəbul olunub.
1941-ci ildə müharibə başlananda Viktor Alidin müharibəyə səfərbərlik, partizan hərəkatının yaradılmasında ən fəal kommunistlərdən biri olub. 1941-ci ilin sentyabrında çağırışçıları döyüş bölgəsinə aparanda düşmən mühasirəsinə düşüb. Bir ay mühasirədə qaldıqdan sonra həmin ilin oktybar ayında Viktor Alidin özü ilə bərabər 128 nəfəri mühasirədən çıxarmağa nail olub.
1951-ci ilə qədər Viktor Alidin Ufa, Kiyev, Xersonda partiya komitələrində müxtəlif vəzifələrdə işləyib. Mərkəzi Komitə yanında Ali Partiya Məktəbini bitirib. 1945-ci ildə Xerson vilayət partiya komitəsinə katib təyin edilib.
1951-ci ilin iyul ayında Mərkəzi Komitənin təqdimatı ilə Viktor Alidin dövlət təhlükəsizliyi orqanlarına xidmətə göndərilib. Əvvəlcə “NKVD”-nin 7-ci idarəsinin rəis müavini, 1954-cü ildə qurum DTK-ya çevriləndə şöbə rəisi, 1959-cu ildə isə 7-ci idarənin rəisi vəzifəsində xidmət edib. 1967-ci ildə DTK-ya sədr təyin edilən Yuri Andropovun mühafizə xidmətini məhz Viktor Alidin təşkil edib.
1971-ci ildə Viktor Alidin Moskva şəhər və vilayət dövlət təhlükəsizliyi idarəsinə rəis təyin edilib, SSRİ DTK-sı kollegiyasının üzvü seçilib. Andropov Viktor Alidini bacarıqlı və peşəkar kadr kimi qiymətləndirsə də, onun bu vəzifəyə təyinatını arzulamayıb. Səbəb isə o olub ki, Viktor Alidinlə Brejenvin arasında yaxın münasibətlər hökm sürüb və bu təyinat Brejnevin təşəbbüsü ilə baş tutub.
Viktor Alidin sonralar öz xatirələrində bu münasibətlər haqqında yazıb:
“Mənim Andropovla həm xidməti, həm də şəxsi münasibətlərim normal idi. Ancaq mən onu da bilirdim ki, mənim Brejnevlə münasibətim onu narahat edir. Moskva DTK-sına rəis təyin edildiyimdən bir neçə gün sonra Brejnev məni qəbuluna dəvət etdi. Kabinetə girəndə iş stolunun arxasından çıxıb məni qarşıladı, əl tutdu, köhnə dostlar kimi qucaqlaşıb öpüşdük. Məni təbrik edəndən sonra ölkədəki siyasi vəziyyətdən danışdı:
- Viktor İvanoviç, hər şey biz istədiyimiz kimi deyil. Mənim siyasi fəaliyyətimlə barışmayanlar da var. Vəziyyət təxminən 50-nin 50-yədir. Vaxtilə yaxın olduğum adamlardan da gözlənilməyən münasibət görürəm hərdən. Bunlar məni çox təəssüfləndirir. Sən də belə məsələlərə qarşı diqqətli ol...
O, açıq şəkildə bəzu məmurların adlarını da çəkdi, xüsusilə Şelepinin “fəal komsomolçuları”nın adını da vurğuladı...”
Brejnev bu görüşdə Viktor Alidinə onunla istədiyi vaxt görüşmək səlhiyyəti də verib.
Viktor Alidin Moskva şəhər və vilayət dövlət təhlükəsizliyi idarəsinə düz 15 il rəhbərlik edib, general-polkovnik rütbəsinə qədər yüksəlib. Bu dövr bu gün də “Alidin epoxası” adlandırılır.
Viktor Alidin ilk dəfə Moskvada terrorçuların Yak-40 sərnişin təyyarəsini qaçırmaq cəhdinin qarşısının alınmasında əməliyyata rəhbərlik edib və həmin əməliyyat uğurla sona çatıb. Dəfələrlə xarici ölkə kəşfiyyatının Moskvadakı fəaliyyəti məhz Viktor Alidinin peşəkarlığı sayəsində ifşa olunub. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarında təhlükəsizliyin təmin edilməsində Viktor Alidinin əvəzsiz xidmətləri olub və buna görə DTK generalı dövlət mükafatına layiq görülüb.
Viktor Alidin SSRİ-nin ən yüksək 58 orden və medalı ilə təltif olunub.
1986-cı ildə istefaya çıxan general ömrünün son illərinə qədər yaradıcılıqla məşğul olub, 6 kitabın müəllifidir. “Dövlət təhlükəsizliyi orqanlarının əfsanələri” silsilə filmlərinin biri Viktor Alidinə həsr edilib.
Viktor Alidin 2002-ci ildə, 90 yaşında vəfat edib. O, Moskvada Vaqankova qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com