Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Barmaqlarını qumbara aparan nadinc oğlan – Qorbaçovu taxtdan salan Yeltsin



1 fevral Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin doğum günüdür. Onun siyasi fəaliyyəti istər öz ölkəsində, istərsə də xarici dövlətlərdə birmənalı qarşılanmayıb, o cümlədən Yeltsinin prezidentlik dövründəki fəaliyyətinə də baxışlar fərqli olub. 

 Boris Yeltsinlə bağlı ən maraqlı faktları təqdim edirik:

1. 1931-ci il fevralın 1-də Sverdlovskun Butka kəndində anadan olan Boris Yeltsin orta məktəbdə təhsil alarkən nadincliyinə görə yeddinci sinifdə məktəbdən xaric olunub. Sonradan müəllimləri və valideynləri qarşısında ağıllı və tərbiyəli olacağına söz verən Yeltsin sözünün üstündə duraraq orta məktəbi əla qiymətlərlə bitirib.

2. Boris Yeltsin Kirov adına Ural Politexnik institutunun tikinti fakültəsini bitirib. Amma bu ali təhsillə yanaşı o, bir neçə il ərzində 12 peşəyə də sahib olub - sürücü, daşyonan, kran maşinisti və s.

3. Yeltsinin həyat yoldaşı Nainanın əsl adı Anastasiya olub. Qayınatası Anastasiyaya ilk gündən Naina kimi müraciət etdiyindən, hamı onu bu adla çağırıb. Nəhayət, 1960-cı illərdə Anastasiya rəsmi şəkildə adını dəyişərək pasportda və digər sənədlərdə Naina edib.

4. Cütlüyün dünyaya ilk qız övladı gələndə Yeltsin hədsiz dərəcədə əsəbiləşib. Hətta həyat yoldaşı doğum evindəki həkimlərə söyləyib ki, həyat yoldaşı qız övladına görə onu evə buraxmayacaq. Cütlüyün ikinci övladı da qız olub. Bundan sonra Yeltsin “daha doqmayacağıq” deyə qohumlar qarşısında bu məsələyə son qoyduğunu bildirib.

5. Boris Yeltsin hərbi xidmətdə olmayıb. Ona görə yox ki, o, xidmətdən qorxub, yayınmaq üçün əyri yollara əl atıb, əksinə, bir neçə dəfə bununla bağlı hərbi komissarlığa müraciət edib. Ancaq buna baxmayaraq, onu hərbi xidmətə göndərməyiblər, səbəbi isə sol əlində iki barmağının olmaması olub. Belə ki, hələ uşaqlıq illərində hərbi bazanın ətrafında dostları ilə birgə qumbara tapanda, həmin qumbara Yeltsinin əlində partlayıb və o, iki barmağını itirib.

6. Ali təhsilini başa vurduqdan sonra Boris Yeltsin əmək fəaliyyətinə öz ixtisası ilə başlayıb. Onun ilk tikdiyi evdə bu gün də yaşayış var – Yekaterinburq şəhəri, Qriboyedov küçəsi 22.

7. Boris Yeltsinin partiya orqanlarında işə keçməsində Sverdlovsk vilayət partiya komitəsinin birinci katibi Yakov Ryabovun böyük rolu olub. Məhz Ryabovun təqdimatı ilə Yeltsin Sverdlovsk şəhər partiya komitəsinə birinci katib təyin edilib. Bu təyinat uğurlu sayılsa da, Ryabov himayədarlıq etdiyi Yeltsinin kobudluğu ilə uzun illər mübarizə aparmalı olub.

8. Boris Yeltsin Sverdlovsk vilayətinə rəhbərlik edəndə ilk olaraq canlı efirdə tamaşaçıların suallarını cavablandırıb, onların problemini elə efirdə ikən həll edib.

9. Yeltsinin Sverdlovsk vilayətinə rəhbərlik dövrü bir çox hadisələrlə yadda qalıb. Məhz onun dövründə şəhərdə metro istifadəyə verilib, gənclər sarayı tikilib, yerli əhalinin mənzil problemi sürətlə öz həllini tapıb.

10. 1985-ci ildən Boris Yeltsin siyasi fəaliyyətini Moskvada davam etdirib. Əvvəlcə Mərkəzi Komitədə tikinti şöbəsinin müdiri, sonra Mərkəzi Komitənin katibi, daha sonra isə Moskvanın birinci katibi vəzifələrinə təyinat alıb. Ona siyasi karyerasında irəliləmək üçün Siyasi Büronun üzvləri Vladimir Dolqix, Yeqor Liqaçov və Mixail Qorbaçov kömək ediblər. Sonralar hər üçü Yeltsinə dəstək olmaqda böyük yanlışlığa yol verdiklərini etiraf ediblər.

11. Boris Yeltsin kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi olub. Məhz bu kəskin çıxışlarına, 1987-ci ilin noyabrında Qorbaçovun siyasətini tənqid etdiyinə görə onu Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsindən azad ediblər. Bunu haqsızlıq kimi qəbul edən Yeltsin dəftərxana qayçısı ilə özünə qəsd etmək istəyib.

12. 1989-cu ildə Boris Yeltsin yenidən böyük siyasətə qayıdıb və 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib.

13. Boris Yeltsinin prezidentlik dövrü kuryoz hadisələrlə zəngin olub. İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü saxlaya bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin arxasına keçib. Yaxud, 
1995-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecədən xeyli keçmiş sərxoş vəziyyətdə olan Yeltsin alt paltarında onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər onun qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq fikrindəymiş.

14. Yeltsin alkoqollu içkilərə hədsiz dərəcədə meylli olub. Hətta bir dəfə onu sərxoş vəziyyətdə körpüdən Moskva çayına atıblar.

15. Boris Yeltsin həm də qatı idman azarkeşi olub. Bu o dərəcədə olub ki, azarkeşlik etdiyi komandanın oyununa baxanda qonşu otaqda həkimlər növbə çəkiblər.

16. Boris Yeltsin prezdentlik müddəti başa catmadan könüllü istefa verib. 31 dekabr 1999-cu ildə günorta saatlarında o, televiziya vasitəsi ilə xalqı yeni il münasibətilə təbrik etdikdən sonra istefasını bəyan edib.

17. Boris Yeltsin 23 aprel 2007-ci ildə, 76 yaşında vəfat edib. Rusiya Federasiyasının ilk prezidenti Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10