- Leriklilərin məktubu daha maraqlıdır. Sən bilirsən də Ukraynanın prezidenti olmaq istəyən Yuliya Timoşenko onların gəlinidir. Yəni, onun birinci əri Lerikdən olub. Buna görə Yuliya xanımın prezident seçilməməsindən çox kədərləniblər. Leriklilərin Yuliya xanıma yolladıqları təsəlli məktubunda deyilir: Əziz gəlinbacı Yuliya xanım. Bizim oğlan sənə vəfasız çıxsa da, biz həmişə səninləyik. Seçki məsələsində problemin var idi, bizə deyəydin də. Sənə seçki səslərini saxtalaşdırmaq üzrə 5-10 peşəkar məntəqə sədri, bir o qədər də hər sifətə düşə bilən məntəqə üzvü göndərərdik, onda baxardın bizimkilər Yanukoviçin səslərini nə günə qoyardılar. Özü də bizimkilər ucuzçudur. Elə Kiyev ətrafında bir-iki dükan yeri versəydin, bizimkilər hər işə razılaşardı.
- Yaxşı, dağlardan en aşağı. Görək Masallıda, Cəlilabadda nə xəbər var?
- Bu tərəfin əsas xəbəri VTK deyilən, əlillik kitabçası satan idarə ilə bağlıdır. İqtisadçılar hesablayıb ki, belə getsə bölgəmizdə əlillərin sayı ölülərdən də, dirilərdən də çox olacaq. İndi VTK-çılar polis mühafizəsi altında işləyir, axşamlar da idmanla məşğul olurlar.
- İdman məsələsi xeyir ola?
- Çünki şikayətçilər çox qalmaqal salanda VTK-çılar otağın pəncərəsindən tullanıb qaçır. Amma ekspertlər bildirib ki, bu heç də uğurlu yol deyil. Elə bundansa, qapı ağzında dəllalların sayını artırsalar, işləri daha yaxşı gedər. Çünki bu dəllallar onlar üçün təzə müştərilər tapmaqla yanaşı, sözə baxmayan şikayətçiləri şərləməyi, lazım gəlsə döyməyi də bacarırlar. İndi isə bu işlərin sorağı lap yuxarıya çatıb. Hazırda VTK-çıları ölümünə yoxlayırlar. Yoxlama ilə dil tapa bilməsələr, onların əlil olması gözlənilir.
- Şəhərimizin merinin bələdiyyə sədrliyinə bəzi namizədlərdən alıb-qaytarmadığı pul məsələsi nə yerdə qaldı?
- Vallah, babalı deyənlərin boynuna. Deyirlər ki, indi əsas işlərin dəllallığını o edir. Hacı N adlı biri də guya ona 50 min verib ki, sədrliyə, heç olmasa müavinliyə onun məsələsini həll etsin. İndi bütün istiqamətlərdə işlər pozulub, amma həmin Hacı N pulunu ala bilmir.
- Elə yaxşı edirlər, onların pulunu vermirlər. Desən ki, bazarın dalına 5-6 maşın qum tök, min bəhanə gətirərlər. Ona görə əcəb edirlər, beləsinin vəzifə üçün verdiyi pulları batırırlar.
- Onda sənin deməyinlə Qüdrət Həsənquliyevə gərək qəhrəman adı verələr.
- O neyləyib ki?
- Daha neyləyəcək? Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə təklif edib ki, zorlama əməli törədən kişilər uzun müddətə həbsə atılmaqla yanaşı, həm də axtalansın.
- Rəhmətliyin qızı, onsuz da bu millətin mərdliyini, alicənablığını, cəsarətini, səxavətini çoxdan axtalayıblar. Onu istəyirsən ki, bir-iki müstəqil, azad fikirli insan qalıb, sabah onları da şərləmək üçün bir Sevgiladəni öyrədib zorlama adı ilə durquzsunlar üzünə, sonra da desinlər həmin müxalifətyönlünü axtalamaq lazımdır.
- Qıza, bunları yazanda qorxmursan ki, bəzi-bəzi şəxslər hirslənib, əllərindən xata çıxardar?
- Çox hirslənərlər, atarıq onları Cəlilabaddakı 50 tonluq su çəninə, əsəbləri sakitləşər.
- Həmin çəni unut. Seyrəngahı quranda o böyüklükdə çəni elə söküb satdılar ki, heç qırıntısı də qalmadı.
- Onda daha hamısını demə, çünki bu rayonla bağlı xüsusi söhbətlərimiz olacaq. Hələ Kövüzbulaqdakı zorlama hadisəsinin də, necə deyərlər, gün görməyən tərəfləri var imiş.