Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səndə ağıl olsaydı, namizəd olmazdın...



Yaşamağa evi, yeməyə çörəyi olmayan adamlara dünyaya çox uşaq gətirməməyi tövsiyə edəndə, tamaşaçılar üzümüzə bozarırlar: "Camaat uşaq əkəndə, sizinlə məsləhətləşməlidir?"

İnsanlara düz yol göstərmək, əhalini reallıqla barışmağa səsləmək indi başqalarının işinə qarışmaq kimi qiymətləndirilir. Sən demə, işsiz-gücsüz ataya həyat yoldaşını ildə bir dəfə doğum evinə göndərməyini irad tutanda, başqalarının işinə burnumuzu soxmuş oluruq. Amma heç kim soruşmur ki, qışda palto yerinə pencək geyinən, məktəbə getməyən, ildə bir dəfə qarın dolusu yemək yeməyən bu uşaqların günahı nədir? Sən əlinə düşəni arağa verib qarnına tök, faydalı bir işin qulpundan yapışma, bütün gün avara-sərgərdan dolaş, dövlət də sənə uşaq böyütsün? Adını yaza bilməyən həmin uşaqlar niyə başqalarının yanında utanmalıdırlar? Bunları danışdığımız, yazdığımız üçün kimsə bizi söyəcəksə, cəhənnəmə söysün. Onsuz da gözləmirik ki, kimsə bizi öysün...

Bir dəfə də yazmışam: acından ölən adam üçün qara mərmərdən başdaşı qoyurlar. Ya da sağlığında bir tikə çörəyə möhtac olan adam dünyasını dəyişəndə, qohumları süfrəyə yüz cür naz-nemət düzürlər. Hansı ki, rəhmətlik sağlığında həmin nemətlərin heç birinin dadını bilməyib. Bu cür eybəcərliklər haqda yüksək səslə danışanda, yenə hansısa cüvəllağının qəzəbinə tuş gəlirik: "Dədəniz öləndə, siz camaatı ac yola salarsınız". İndi gəl bu qanmazı başa sal ki, bananı mənə yox, sağlığında dədənə verməliydin...

Heç bir resursu olmayan adamların qonşularının acığına seçki kampaniyasına qoşulmasını həmişə tənqid etmişəm. Ötən həftə bu barədə yazanda, bir ağzıgöyçək dedi ki, guya mən gənclərin yolunu kəsirəm. Hansı ki, mənim iradım gənclərdən çox yaşlı-başlı kişilərə aiddir. Uşağının boğazından kəsib şəkil çəkdirmək, buklet çap etdirmək axmaqlıqdır. Eşitdiyimə görə, bəzi namizədlər təbliğat aparmaq üçün bankdan pul götürüblər. Nisbətən şanslı adamlar isə qohum-qardaşdan borc alıblar. İki yüz buklet nəşr etdirməyə pulu olmayan adam xalqdan əvvəl, özü haqda fikirləşməlidir. Qırx ildə qırx gün faydalı işlə məşğul olmayan adamın seçiciyə hansı faydası ola bilər? Bunu danışmaq, yazmaq nə vaxtdan qəbahət olub? Niyə qohum-qardaş sənin səriştəsizliyin üzündən hər beş ildən bir əziyyət çəkməli, balalarının boğazından kəsib sənə pul xərcləməlidir?

Beş-altı gün əvvəl deputatlığa namizədlərdən biri ilə qarşılaşdım. Əlindəki şəkli lövhəyə yapışdırmaq istəsə də, tək olduğu üçün bu işin öhdəsindən gələ bilmirdi. Kişinin allı-güllü şəklini köməkləşib lövhəyə yapışdırandan sonra ağzımı qulağına yapışdırdım: "Əgər sənin şəkil yapışdırmağa bir adamın yoxdursa, niyə ortaya düşmüsən?"

Məndən deməkdir. Deyib borcumdan çıxdım. Seçkidən sonra siz də qohum-qardaşın borcundan çıxarsınız. Amma bu ağılla çətin ki, kiminsə borcundan çıxasınız...





moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10