Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdakı qətlin heç yerdə eşitmədiyiniz təfərrüatları (video)


Atası Ərkivan qəsəbəsindən, anası Həsənli kəndindən olan 16 yaşında  qətlə yetirilən qızın
qısa həyat hekayəsi
 
 Toyundan 2 həftə sonra qətlə yetirilən qız haqqında xəbər az qala ölkə saytlarının əsas xəbərinə çevrilib. cenub.az müxtəlif mənbələrdən  həmin qızın həyat yolu haqqında əlavə məlumatlar əldə edib. Həmin məlumatları təqdim etmədən öncə bu barədə rəsmi xəbəri bir daha diqqətinizə çatdırırıq:
 
 
“Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıb.
 
Məlumatda deyilir:
 
"Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
 
Məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.
 
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
 
Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib”
 
cenub.az-un əldə etdiyi məlumatlar
 
cenub.az saytı olayla bağlı əlavə məlumatlar əldə edib. Məlum olub ki, qızın atası İbrət Qəmbərov. Ərkivan qəsəbəsindəndir. Məlumata görə,  İbrətin digər arvadı da olub. Qətlə yetirilən qızın  anası  ilə isə rəsmi nikah olmadan yaşayıb. Onlar bir ildən artıq bir yerdə yaşadıqdan sonra ayrılıblar. Qətlə yetirilən Fatimənin anası  İbrətdən boşandıqdan sonra Bakı şəhərinə ərə gedib, Fatimə isə Həsənli kəndində, nənəsinin himayəsində yaşayıb.
 
Noyabr 1-də təhsildən ayrılan qız
 
Fatimə Qəmbərova ötən dərs ilində Həsənlə kənd tam orta məktəbini bitirib. Müəllimlərinin bildirdiyinə görə, o dərslərini yüksək səviyyədə bilməsə də, çox sakit, tərbiyəli bir şagird olub.
Ötəl ilin oktyabrında anası təkidlə onun məktəbdən azad olunmasına xahiş edib. Səbəb kimi də onu göstərib ki, Fatimınin ana babası Rusiyada yaşayır, bunlar da onun yanına köçür. Nəhayət, 2019-cu il noyabr ayının 1-də  valideyini-ananın təkidi ilə Fatimənin məsələsi  məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə təkidlə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.
 
Toyları  “Möcüzə”də olub
 
 cenub.az bildirir ki, Fatimə məktəbdən azad edildikdən 2 ay sonra, yanvar ayının 5-də  Masallı Şadlıq zallarının birində onun üçün qız toyu olub, yanvarın 10-da isə oğlan üçün – İman üçün Çaxırlı kəndindəki “Möcüzə”  Şadlıq Sarayında toy edilərək qızı ər evinə, Təklə Ərazi Dairəsinin Xoşçobanlı kəndinə köçürdüblər.
 
 19 yaşlı bəyin boyu balaca olduğu üçün
hərbi xidmətə aparılmayıb
 
Fatimınin ərə getdiyi 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Boyu balaca olduğu üçün hərbi xidmətə aparılmayıb.  Daha sonra Sumqayıt şəhərindəki kollecin əyani şöbəsinə daxil olub və orada oxuyurmuş. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.
cenub.az saytına Xoşçobanlı kəndindən verilən məlumata görə, bu gün, səhər tezdən  kəndə xəbər yayılıb ki, Fatimənin  ciddi qızdırması var, komaya düşüb. Onu  oğlanın dayısının maşınında təcili Masallı Mərkəzi Xəstəxanasına  aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.
 
Fatimənin əvvəldən xəstəliyi olduğu bildirilir
 
Bəzi, tam dəqiqləşdilimiməmiş məlumata görə, qızın əvvəldən bəzi xəstəlikləri də olub. Hətta, bu xəstəliyə görə həkimlər onun ailə qurmasını məsləhət bilməyiblər. Yanvarın 28-də axşam ailə zəminində qızla oğlan arasında mübahisə olub. Sonra mübahisə dava-dalaşa çevrilib.
 
 Iki bacının tək qardaşı
 
İman ailənin 3 övladından biridir. Özündən kiçik 2 bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası tibb işçisidir. Hadisə baş verən gün səhər çağı Sumqayıta gedib ki, oğlu üçün ayrıca ev tutsun ki, İman ailəsini, Fatmanı yanına apara bilsin. Əksəriyyət bu ailəni olduqca sakit, təbiyəli  ailə kimi tanıyır. Heç kim İmanın Fatiməni öldürdüyünə inanmaq istəmir.
Hələ ki, hadisənin dəqiq detalları bəlli deyil.
 Fatma sabah dəfn olunacaq.
Bizim araşdırmalarımız davam edir.
                                
Zahir Əmənov. cenub.az
Qeyd: Yazıdan istifadə zamanı  istinad vacibdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10