Necə deyərlər, “gələcək” “keçmiş”
qarşısında məğlub oldu
Ötən çağırışlarda Elmira Axundovanın 2 dəfə millət vəkili olduğu Masallıdakı 71 saylı dairədə bu dəfə ki seçkilərdə qızğın seçki mübarizəsi gedəcəyi gözlənilirdi. Həmin dairədə meydanda 20-dən artıq namizədin adı dolaşsa da, seçki günü yaxınlaşdıqca bu namizədlər bir-bir “buxarlanırdı”. Bütün gözlər isə Bədalan kəndində anadan olmuş, 42 yaşlı, ötən ilə qədər Bakı şəhərinin 100 minlik Səbail rayonunun Bələdiyyə sədri olmuş Firdovsi Cəbrayılova tikilmişdi.
Firdovsi Cəbrayılov təşviqat kompaniyası başlar-başlamaz yüksək fəallıq göstərməyə başladı. Boradigah və Ərkivan qəsəbələrində, Bədalan, Hişkədərə, Kolatan və digər kəndlərdə digər namizədlərlə müqayisədə həqiqətən möhtəşəm görüşlər keçirtdi.
Hətta Respublikanın Əməkdar Artisti Baloğlan Əşrəfov və digər tanınmış müğənnilər onun seçki təbliğatına qoşulmuşdu.
Bir çoxları Firdovsi Cəbrayılovdan möcüzələr gözləməsələr də, güman edirdilər ki, seçki günü qızğın səsvermə olacaq.
Digər qəribə proqnozlar söyləyənlər də var idi.
Kimisi deyirdi ki, ortada əsas namizəd haqqında ciddi kompromatlar var, səs verməyə ciddi nəzarət olunacaq, seçkinin nəticələri ləğv olunacaq.
Kimisi deyirdi ki, Firdovsi Cəbrayılovu formal da olsa, görüntü yaratmaq üçün sona qədər namizəd kimi tanıyıb, sonda “könüllü” məğlub olmasına nail olacaqlar.
Lakin deyilənlər olmadı. Seçki təşkilatçıları zərrə qədər də işıq gələn yer qoymadılar.
Beləliklə, 71 saylı DSK-da “gələcək” “keçmişə” məğlub oldu. Fevralın 9-da bu dairədən YAP təmsilçisinin bir reklam çarxında deyildiyi kimi “ağrısız”, “iyənəsiz”,.. “tarix” yazacağına, yerdə qalan 8 namizədə demokratik qaydada “qalib” gələcəyinə kimsənin şübhəsi qalmadı.
Zahir