
Masallı rayon Yeyənkənd kənd sakini Müslüm Məmmədov və həyat yoldaşı Məsimə Məmmodova öz qohumları tərəfindən otuz beş min manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığını bildirirlər.
Mənsumə Məmmədova:
“2017-ci il iyulun 10-da xəbər tutduq ki, qızıllarımız yaşadığımız evdən oğurlanıb. Bunu oğurlayanlar isə həyat yoldaşımın əmisi uşaqları Bağırov Azad, onun oğlu Bağırov Asiman, gəlinləri Əhmədova Mirbani və Həşimov Cavidandır. Biz bununla bağlı Masallı rayon Polis Şöbəsinə də müraciət etmişik. İyulun 7-də onların gəlinlərinin toyu oldu və gəlinimi toya yola saldım. Mən isə toya axşam gedəcəkdim, amma elə oldu ki, gedə bilmədim. Toydan mənə yemək gətirdilər və yeməyi yeyəndən sonra əlimi yuyanda gördüm ki, ağacın arxasında bir nəfər durub məni güdür. O, adam Cavidan idi və məni görən kimi qaçıb gizləndi. Bizi güddüklərini həyat yoldaşıma da demişdim. Gəlinimin qızıllarını toya getdiyi üçün boynuna taxdım, amma öz qızıllarımı isə mebelimin içində gizlətdim. Onlar da qızımın, mənim və qaynanamın qızılları idi və dəyəri də otuz beş manat idi. İyulun 10-da isə bu dəfə oğlan toyu oldu və biz də ailəvi toya getdik. Biz həm də qapı qonşuyuq. Toydan sonra evdə olanda xəbər tutduq ki, qızıllarım yerində yoxdur. Zəng vurub həyat yoldaşımı işdən evə çağırıb hadisəni ona da danışdım, həyat yoldaşım həkimdi. Hadisəyə görə qonum-qonşu qapıya gəldi. Dedim ki, polisə şikayət edək, amma yoldaşımın əmisi oğlu Azad Bağırov bizi qoymadı və dedi ki, gözləyin mən bir yer var ora gedim qayıdım danışarıq. O, həyat yoldaşını da götürüb getdi və axşam evə qayıtdılar. Azad bizə dedi ki, “mən qurd əli yazdırmağa getmişdim 200 manatını verdim, amma 400 manat da lazımdı”. Sonra isə dedi ki, qurd əli yazan yoxdur. Hiss etdim ki, bu adam bizi dolayır.
Səhəri gün hadisəylə bağlı Masallı rayon Polis Şöbəsinə müraciət etdim və polis əməkdaşları Pərviz Məmmədovla İntiqam adlı şəxsə izahat verdik. Polislər evimizə gəlib əl izləri də götürdülər. Müstəntiq qızılların dəyərini yazanda Azad dedi ki, “Mənsumə, nə qızılın oğurlanıb, onu yazdır, artıq yazdırma”. Onun bu sözünə mən də əsəbiləşdim və dedim ki, birinci dəfədir başıma belə iş gəlir, niyə artıq nəsə deyim ki? Sonradan bildim ki, qızıllarımı oğurlayanlar bunlardır və bizim üzdəşməmiz oldu və qarşı tərəf də qızılı bizim ailə üzvlərimizdən birinin oğurladığını dedi, törətdikləri oğurluğu boyunlarına almadılar. Mən Azadı bir neçə dəfə maşınla axrasına düşüb güdmüşəm və gördüm ki, o, polis şöbəsinə gedir. Üç dəfə onu polis bölməsində gördüm və əgər onun bu işdə əli yoxdursa, hər gün polisdə nə gəzir?”
Müslüm Məmmədov deyir ki, əmisi oğlu Azadın evinin hər tərəfində kamera var və onlara polis baxış keçirməli idi:
Müstəntiq Pərviz Məmmədov bizim evdən çıxandan sonra Azadı götürərək onların həyətinə getdi və təxminən 30-40 dəqiqə təkbətək söhbət etdilər. Onlar qayıdandan sonra polis əməkdaşları bizdən getdilər. Kameranın biri bütövlükdə bizim həyəti də çəkir. Polis o kameralara baxsa da, bizə məlumat vermir. Hadisəylə bağlı artıq üç ildir ki, yollardayıq. İki dəvə Daxili İşlər Nazirliyində və bir neçə dəfə də Baş prokurorluqda olmuşam. Ombudsmana müraciət etdiyimiz üçün evimizə nümayəndə gəldi və polis əməkdaşı İntiqamla başqa bir polis də bizə gəldi və dedilər ki, nümayəndəyə heç nə deməyin və tez bir zamanda sizin işinizi həll edəcəyik. Mən də işə baxılmamasıyla bağlı deyil, hadisənin necə baş verməsiylə bağlı məlumat verdim. Ötən il isə Baş prokuror Zakir Qaralov Lənkəranda vətəndaşlarla görüşə gəlmişdi və onda mənə xəbər etməmişdirlər. Axşam saatlarında Masallı rayon Prokurorluğundan və polis şöbəsindən zəng vurub dedilər ki, Baş prokurorun qəbuluna getmə. Amma sonradan peşman oldum bilsəydim belə olacaq, qəbula gedib problemimi deyərdim.
Bir dəfə Azad məni görüşə çağırdı və avtomobilimdə əyləşərək mənə dedi ki, “gəl bu işdə razılaşaq, qızılları alıb yerinə qoyaq”. Dedim ki, bu təklifə mən hazıram. O, dedi ki, gedim qardaşlarımla danışım sənə deyərəm, amma səhəri gün yeznəsinin atası İqbal mənə zəng vurub mənlə görüşmək istədiyini dedi. Mən İqballa da görüşdüm və o, da təklif etdi ki, bu işi yoluna qoyaq, çünki işdə oğlunun da adı hallanırdı. Mən də razılaşdım və dedim ki, qızılları qaytarın. İqbal mənə dedi ki, polis rəisinin müavini Polad müəllim deyir ki, Müslüm razılaşmasa, onu yanıma gətirərsiniz sizi razılaşdırıb yola salacam. Adama deyərlər niyə rəis müavini belə desin ki? Sonradan İqbal da dediyinin üstündə durmadı. O gündən bu günə kimi yollardayıq, müraciət etmədiyimiz yer qalmayıb. Bu gün həmin adamların hamısı Kazan şəhərinə gediblər və orda alver edirlər. Necə bu işin üstünə düşdüyümüzü eşitdilər və elə gecəylə də Kazan şəhərinə getdilər. İndi ata evlərində yaşlı anaları qalıb. Hadisəylə bağlı Masallı rayon İcra Hakimiyyətinin də qəbulunda olmuşuq və onlar da bu işin qarşısında aciz qalıblar.
Mən sizin vasitənizlə ölkə başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və Baş prokuror Zakir Qaralova müraciət edirəm. Xahiş edirəm bizə kömək etsinlər”.

Redaksiyadan: Yazıda adları hallana şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.