106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatığa namizəd, Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimov bu gün ATƏT-in regiondakı uzunmüddətli müşahidə missiyasının üzvləri Monika Luonqo və Yuri Şapovalov ilə görüşüb.
Tovuz şəhərində baş tutan və iki saata yaxın davam edən görüşdə Mütəllim Rəhimov ATƏT-in təmsilçilərinə seçki kampaniyası haqqında ətraflı məlumat verib. O, müşahidəçilərin diqqətini daha çox baş verən qanunsuzluqlara yönəldib və konkret faktlar təqdim edib. Bildirib ki, Ülviyyə Ağayevanın seçki kampaniyasına icra hakimiyyəti tərəfindən dəstək verilir. Bu isə tamamilə qanunsuzluqdur və seçki mühitinin bir nəfərin xeyirinə dəyişdirilməsi deməkdir. M.Rəhimov bununla bağlı Qazax rayonunun Ağköynək kəndində və Tovuz rayonunun Aşağı Quşçu kəndində Ülviyyə Ağayevanın keçirdiyi görüşləri misal çəkib. O deyib ki, bu görüşlərə müəllimlər və bağça işçiləri zorla gətirilib. Üstəlik, Seçki Məcəlləsinə zidd olaraq Ağköynək kəndində görüş seçki məntəqəsində, Aşağ Quşçu kəndində isə icra nümayəndiliyinin binasında təşkil edilib.
M.Rəhimov bütün bu qanunsuzluqlarla bağlı Dairə Seçki Komissiyasına şikayət edəcəyini də müşahidə missiyasının üzvlərinin diqqətinə çatdırıb.