Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

15 cöngəylə mandat qazanmaq layihəsi



Bir ay əvvəl deputatlığa namizədliyini partapart irəli sürən şəxslərin hazırda namizədliklərini xırtaxırtla geri çəkdiyi bu günlərdə ortalıqda yeni məzəli söhbətlər var.

Əslində iddiası Avstraliyadakı meşə yanğını kimi yeri-göyü yandıran namizədlərin 1650-dən 1400-ə düşməsi özü də məzəli məsələdir. “Sürüşdü birdən-birə, dəydi üz üstə yerə”, adam durdu neylədi, MSK-ya söylədi: “Namizədliyimdən imtina edirəm”.

Xub. Yaxşı eləyirsən. Amma o adamlar siyahıya alınmalı, adları MSK-da tərtib olunan xüsusi elektron reyestr qovluğuna salınmalıdır ki, gələn dəfə namizəd olmaq istəyəndə onlara imza vərəqi verilməsin və səbəbini belə desinlər: “Siz etibarsız namizədlərsiniz, sonradan geri çəkilirsiniz, bizə də iş artırırsınız, sizə imza verən camaata da”.

Gerçəkdən də deputatlığa namizəd olmaq bir şeydir, özünə “deputatlığa namizəd” emalatxanası açmaq, 5 ildən bir ortaya atılıb, sonra yavaşca geri çəkilmək başqa şey.

Belə olur ki, prosesi müşahidə edənlərin lağlağısı ərşə dirənir. Ta nələr yazmırlar. Həm də haqlıdırlar.

Budur, bir qrup deputatlığa namizəd də yaşlı nənələrin əllərini öpürlər və camaat yenə lağlağı edir.

İlk baxışdan bu hərəkət lağlağıya gəlmir, çünki səngərdə can qoyan oğulları öz əlləri ilə bələyə-bələyə, çimizdirə-çimizdirə, belinə küpə qoya-qoya böyüdən və bir gün düşmən çəpəri edən anaların əlləri öpülməyə layiqdir, amma bunun seçki kampaniyası çərçivəsində edilməsi qıraqdan pis görünür. Başqa vaxt öpsünlər, məsələn, seçkidən altı ay sonra əllərində bir səbət sovqat qəfildən içəri girsinlər, desinlər, gəlmişik.  Həm də bunu edərkən ortada çəkiliş-filan olmasın, heç biz bilməyək. Bilənlər onsuz da biləcəklər və orda-burda deyəcəklər. O zaman heç kəs istehza etməz, qulp qoymaz.

Bizim camaat bir az itoynadandır, nəyi bacarmasa da, sözdən söz çıxarmağı, hər şeyə bir söz qoşmağı, düz sözlə əyri sözü bir-birindən ayırmağı yaxşı bacarır.

Namizədlərin seçki posterlərinə yazılan şuarlara min bir cür söz qoşulması da xəlayiqin bu xasiyyətindən qaynaqlanır. Əlbəttə, ortada bir rəqabət məsələsi də var - namizədlərin komandaları bir-birinin seçki şüarına rişxənd eləyir. Bəzən baxırsan ki, hər iki tərəf düz deyir, nə bunun “Səsimə səs verin, səsiniz olum” (məsələn) şüarı unikal və effektivdir, nə də onun qafiyəli şüarı.

Seçicilərin rəğbətini qazanmaq üçün onlara konkret olaraq maddi şeylər verənlər də var. Məsələn, sosial şəbəkədə şəkillər paylaşmışdılar, görünürdü ki, bir namizəd cöngə kəsdirib, seçicilərin hərəsinə bir kilo ət paylatdırıb, camaat da növbəyə durub alıb. Əgər cöngənin təmiz əti (qarnı, əl-ayağı, başı xaric) 200 kilodursa, bu, o deməkdir ki, o paylar 200 evə gedəcək və hər evdə orta hesabla 3 seçici varsa, bir cöngəylə 600 seçicinin səsini almaq olar.

Bu hesabdan 10-15 cöngə ilə mandat söhbətini bağlamaq olar. Amma təminat yoxdur. Camaatımız qədirbilən olsa da, nankor olmasa da, praqmatikdir, əti alıb aparıb dolma bişirəcək, bir öynəsini yola verəndən sonra fikirləşəcək ki, bəs lift məsələsi necə olsun, küçəyə marşrut da gəlmir, məhəllə asfaltlanmalıdır, dam qırlanmalıdır, zirzəmidən su çəkilməlidir. Hətta ola bilər ki, namizədin pay verdiyi bir kilo əti alıb yemiş seçicinin ona acığı tutacaq ki, buna bax, bir kilo ətlə başımızı aldadır. Hanı sənin platforman, konsepsiyan, “yol xəritən”?

Hələ seçicilərə siqaret payladığı deyilən namizəd barədə yazmışdılar, amma deyəsən, təkzib olundu. Hər kim bu niyyətdədirsə, daşınsın. Adamın adını səhiyyə düşməni çıxardarlar, vallahi, ömür-billah mandat üzü görməz.

Bundansa bəzi rayonlarda  gənc seçicilərə dolu “Kazbek” paylamaqla daha çox səs almaq olar. Kim səs qazanmaq üçün belə bir riskə girmək istəyirsə, belə şüarlardan da istifadə edə bilər: “Çox şeyiniz olacaq”; “Səs verin, gələcəyə birlikdə uçaq”; “Nəşəli günlər gözləyir sizi” və s. Amma bilmirəm, buna hüquq-mühafizə orqanları nə deyər. Əl-əlbət xoşları gəlməz və namizədin saf niyyətini pis başa düşərlər.

Musavat





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10