Çingiz və oğlu Yavər Həşimovların gözlənilən məhkəməsinin fevralın 23-də baş tutacağı barədə Cingiz Həşimovun qardaşı Əlikram Həşimov məlumat verib. O həmçinin bildirib ki, Həşimovlar hazırda Kürdəxanıdakı təcridxanada saxlanılır. Onlar 22-si axşam qatarla Masallıya gətiriləcək və gətiriləndən bir neçə saat sonra məhkəmə zalına aparılacaqlar. Xatırladaq ki, Həşimovlarla bağlı olay xuliqanlıq kimi sənədləşdirilsə də, davanın bazar davası olduğu hamıya bəllidir.
Viləş çayının üzərində 70 metrlik körpü heç 5 yaşı tamam olmamış uçulub dağıldı. Təxminən 200 min manat da havaya belə sovruldu.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil müəllimin xəstəxananın qarşısında inşa etdirdiyi aptek-market və 2 mərtəbəli yaşayış binasına və meşədə tikdirdiyi villaya başı necə qarışıbsa xəstəxananın girişində günbəgün çoxalan çala-çuxurları görə bilmir. Yəqin Baş həkimin başı belə-belə işlərə qarışdığındandır ki, xəstəxanadakı axşam növbələrində hətta 80 yaşlı həkimlərin də eşq macəralarına nəzarət etməyə vaxtı olmur. Son məlumat isə ondan ibarətdir ki, Cəlil müəllimi Cəlilabadda yeni istifadəyə veriləcək Müalicə-Diaqnostika mərkəzinə rəhbər yollayacaqlar.
Lənkəranın icra başçısı Süleyman Mikayılovun və bu rayondakı digər məmurların əməllərindən narazılar var. Bəzi dəqiqləşdirmələrdən sonra yaxın saylarımızda onları sizə təqdim edəcəyik.
Masallının keçmiş meri İbrahim müəllim hazırda rayonun ən maraqlı adamına çevrilib. Belə ki, Belçikadan onun mobil telefonuna mesaj gəlib ki, 2.5 milyon avro udub. Özünün dediyinə görə Belçika səfirliyində də olub və Belçikadakı həmyerliləri vasitəsi ilə bu xəbərin nə dərəcədə doğru olduğunu araşdırır. Deyilənlərə görə, bu xəbərdən sonra, yenə onu vəzifəyə dəvət edənlər var. İbrahim müəllim isə bu xəbərdən sonra borcluların onu daha çox narahat etdiyindən təşvişə düşüb.
Cəlilabadda təcavüzə məruz qalmış imkansız qadından zorla toyuq-cücə və hinduşka alıb maşınına atan Xanbala Manaflının təsisçisi və baş redaktoru olduğu, ildə cəmi 1-2 dəfə çıxan Qanun alidir qəzeti Mətbuat Şurası tərəfindən reket qəzet elan olunub.
31 yanvar tarixli sayımızda dərc edilən Məktəb direktoru yazımızdan 4 gün sonra bu vəzifənin əvəzçiliklə idarə edildiyi 7 məktəbə - Ərkivan qəsəbə, şəhər 2 saylı, Şərəfə, Yeyənkənd, Mahmudavar, Ərəb və Təzə Alvadı məktəblərinə yeni direktor təyin edilib. Yeni təyin olunan direktorların 4-ü qadındır.
Ötən sayımızda Məktəb və ya ferma adlı yazı çap olunan gün isə Masallının Təhsil şöbəsinin rəhbərliyi Məmmədoba məktəbinin direktorundan kitab-dəftəri, möhürü alıb və əks tərəfə təhvil verib. Təhsil şöbəsində isə işdən çıxarma kampaniyası davam edir. Könüllü ərizə verməyənlərlə yeni müdir hər gün dava-qırğındadır. Bəzi təhsil işçiləri isə xəstəxanada yatır ki, bəlkə zaman keçdikcə mıxı mismar eləyən tapıla.