Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin dairələr üzrə siyahısını açıqlayıb.
Cenub.az yeniavaz.com-a istinadən xəbər verir ki, 9 fevral tarixində keçiriləcək parlament seçkilərində ümumilikdə 1554 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədlərin 266 nəfərinin namizədliyi mənsub olduqları partiya tərəfindən irəli sürülüb. Ən çox namizədi (151 nəfər) hakim Yeni Azərbaycan Partiyası göstərib.
Maraqlıdır ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bəzi şəxslər seçkiqabağı təşviqat zamanı partiyanın deyil, onların rəqiblərinə dəstək nümayiş etdirirlər.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 24 saylı Nizami Birinci seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Könül Nurullayeva dəstək məqsədilə onun təşviqat görüşlərində iştirak edib.
Qeyd edək ki, 24 saylı Nizami Birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Elnur Mustafayevdir. Elnur Mustafayev eyni zamanda "Socar Petroleum" QSC-nin Baş direktorunun müavinidir.