Xəbər verdiyimiz kimi, Azərbaycanın 28-ci ildir işğal altında qalan Kəlbəcər rayonunda məskunlaşmış erməni politoloq Aleksandr Kananyan son günlər Tərtər çayı üzərində inşasına başlanmış yeni su elektrik stansiyasının tikintisinin dayandırılması tələbi ilə yanvarın 21-dən aclıq elan edib. Kəlbəcər şəhərindəki erməni orta məktəbinin şagirdləri də A.Kananyanın aksiyasını dəstəklədiklərini və 23 yanvar saat 13:00-dan etiraz tətilinə başlayaq dərsləri dayandıracaqlarını bildiriblər. Dünən Qarabağdakı separatçı rejimin “ombudsmanı”nın vasitəçiliyi ilə rejim rəhbərliyinin sözügedən obyektin inşasını dayandırması xəbəri yayıldı.
Rusiya mediasında yayılmış son məlumatlarda isə deyilir ki, Kəlbəcərdəki erməni müəllim və şagirdlər müvəqqəti olaraq tətili durdurmağa qərar versələr də, A.Kananyan yalnız Tərtər çayı üzərindəki yeni SES-in tikintisinin dayandırıldığına tam əmin olduqdan və ümumiyyətlə, Qarabağda, yəni işğal altındakı Azərbaycan ərazilərində kiçik SES-lərin təbiətə vurduğu ziyanla bağlı komissiya yaradıldıqdan sonra aclıq aksiyasını dayandıracağını bildirib. Bunun üçün o, bu gün – yanvarın 24-də Xankəndinə gələcək. A.Kananyan Qarabağdakı kriminal oliqarxiyanın sözünə etibar etmədiyini vurğulayıb...
Kəlbəcər və digər Azərbaycan bölgələrində sülənən erməni sakinlər də A.Kananyanı dəstəkləyib. Kəlbəcərdəki erməni məktəbinin müəllimi Narek Qalstyan deyib ki, nəinki Kəlbəcər rayonunda, “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərində də ekoloji durum ağırdır... “Vahid Ermənistan” “partiya”sının sədri Artur Osipyan, “Etibar” “partiya”sının lideri Qriqori Saakyan da erməni politoloqun tələblərinə dəstək verib...
P.S. Göründüyü kimi, heç Qarabağda doğulmamış, yalnız 2000-ci ildə Kəlbəcərə Gürcüstandan köçmüş bir erməni politoloq yalnız bu bölgənin deyil, bütövlükdə özünə vətən hesab etdiyi Qarabağın ekologiyasına ziyan dəyməməsi üçün canını, sağlamlığını ortalığa qoyur, uşaqdan böyüyə digər ermənilərin də buna hazır olduğu hiss edilir...
Bəs bizdə torpağa, Vətənə münasibət necədir? Allah 1988-dən bəri 20 Yanvar, 1-ci Qarabağ savaşı, Aprel döyüşləri və s. şəhidlərimizə rəhmət eləsin! Onlar canlarını qurban verdilər, Azərbaycandan, Qarabağdan ötrü... Fəqət, etiraf etməliyik ki, bütövlükdə xalq olaraq sovet dövründən bəri öldürülməkdə olan Vətən sevgimizi 1994-cü ildən bu yana ruhumuza, canımıza qoşulmuş “Atəşkəs” və korrupsiya “sistem”ləri yetərincə sarsıdıb. Və nə yazıqlar ki, bu gün əksəriyyət öz şəxsi problemlərini düşünür. Hazırda nəinki Qarabağdan didərginlər, heç qaçqın olmayanlar arasında da Qobu, Müşfiqabad, Masazır, Kürdəxanının və s. tozlu çöllərində tikilən yeni binalardan özlərinə mənzil əldə etməkdən, iki otaqlını üçotaqlıya, yuxarı mərtəbəni orta mərtəbəyə dəyişməkdən ötrü və s. min cildə, sifətə girənlər, əlaqədar qurumlardakı “xeyirxah” işbazlarla əlaqəyə girib minbir oyun quranlar, arvadından, ərindən saxta şəkildə boşanan, oğlunu sənəd üzərində evləndirənlər və s. var. Çox əfsuslar... Kimsə mənə etiraz edə bilər... Ancaq dediklərimizin əksi olsaydı... Qaçqınlar, köçkünlər, eləcə də yerli sakinlər kütləvi şəkildə yolları, Prezident Administrasiyasının, “Qaçqınkom”un, digər qurum və nazirliklərin qarşısını evdən, maşından, işıqdan, qazdan, sudan ötrü yox, torpaqdan, Qarabağdan ötrü kəsərdi...
moderator