Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadın Lallar kəndinin «danışan» dərdləri — Milli Qəhrəmanın kəndindən qeydlər



Lallar kəndi deyəndə ilk yada düşən Milli Qəhrəman Eldar Həsənov olur. Cəlilabadın Lallar kəndi rayon mərkəzindən 20 kilometr aralıda yerləşir. Burda yerli əhalini Canşalı da adlandırırlar. Lallar da canşalı tayfasının birinin adıdır. Mənbələrin verdiyi məlumata görə on doqquzuncu əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olub. 

Bu dəfə yolumuzu Lallar kəndinə saldıq. Milli Qəhrəmanımız Eldar Həsənovun qardaşı Mirvahid Həsənov həmişəki kimi bizi gülərüzlə qarşıladı. Kənd ağsaqqalıyla kəndin həll olunan və olunmayan problemlərindən də danışdıq. Şəhid qardaşıyla ilk öncə Milli Qəhrəmanın məzarının təmiriylə bağlı söhbət etdik. M.Həsənov deyir ki, ölkə başçısının şəhid ailələrinə verdiyi 11 min manat sığorta pulundan sonra şəhidimizin məzarı əsaslı şəkildə təmir edilib. 

Hətta bizim şəhidimiz haqda bir neçə yazımızdan sonra İTV-dan da kəndə gələrək şəhidimiz haqda veriliş hazırlayıblar. M.Həsənov bütün bunlara görə bizə öz minnətdarlığını bildirdi. E.Həsənov Lallah kəndinin tək şəhididir və bu gün onun məzarı kəndin Şəhidlər Xiyabanıdır. Məktəblilər keçirilən bütün tədbirlərdə onun məzarı başında çıxışlar edirlər. M.Həsənov şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıdan da razılıq etdi. 

Lallar kəndində cəmisi 70 ev var. Sovet dönəmində rayon mərkəzindən kəndə gələn yol təmir olunsa da, bir müddət sonra yük maşınları yolu bərbad hala salıb. Amma son beş il ərzində yol yenidən asfaltlanıb. Ona görə də avtomobillə rayon mərkəzindən cəmisi on beş dəqiqəyə kəndə çatmaq mümkün olur. Şəhidimiz təhsil aldığı Allah kənd orta məktəbi yenisiylə əvəzlənib və kənddə mobil tibli məktəb tikilib. Məktəbdə isə cəmisi 15 şagird dərs alır, ucaq kənd olduğundan burda müəllim çatışmazlığı da var. Uşaqların bir çox isə qonşu kənd olan Cəlair orta məktəbinə gedir. 

Kənddə mavi qaz yoxdur və ona görə də sakinlər qış aylarında odun sobalarından istifadə edirlər. Bildirilir ki, əgər mavi qaz olsa, meşələr də qırılmaz, sakinlər də rahat şəkildə qazdan istifadə edərlər. Odunun metrəsi isə 20 manatdır və bu da hər qış sakinlər üçün hər qış 400-500 manat xərcdir. İkinci bir problem isə kənddə elektrik xətlərinin bərbad vəziyyətdə olmasıdır. Elektrik xətləri o qədər aşağı məsafədən çəkilib ki, hər an insanlar və azyaşlılar üçün təhlükədir. Nimdaş elektrik dirəkləri də çoxdan dəyişilməlidir. 

Ümid edirik ki, aidiyyatı qurumlar adı çəkilən problemlərin həllində kənd sakinlərinin yanında olacaqlar.

Vasif Əlihüseyn
Fotolar müəllifindir
moderator








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10