
XƏCALƏT ÇƏKİRƏM
30 yaşın mübarək, ey kölə millətin Şəhidlər Xiyabanı!
Şəhidlərin yanında üzüm yenə qaradı:
Millət “yumruq” olmadı - yenə tikə-paradı.
Partiyanın sayı yox - hər evin öz firqəsi,
Parçalanmış “CƏBHƏNİN” daha gəlmir gur səsi.
Biri dartır İrana, biri çəkir Turana,
Elmə çağıran yoxdu, hamı cumub Qurana.
Mollalar at oynadır - cəhalət bərk güclənib,
İman ölüb gedibdi, dələduza güc gəlib.
Azadlığın adı var, zərrə qədər dadı yox,
Minib xalqın boynuna - kefindədi yenə tox.
Dönmüşük küt kütləyə - sürünürük sürütək,
Başımızı qaldırsaq “yeyirik” yağlı kötək.
Mikroblar yaman artıb bu millətin qanında,
Xəcalətəm, a qardaş, ŞƏHİDLƏRİN yanında:
Gözün aça bilmirəm parapərəst millətin,
Xırdalanır günbəgün, artırır öz zillətin.
Işıqlı ideyalar qafalara yol tapmır,
Zərərli vərdişləri bircə külfət də atmır.
Torpağım tapdaq altda, talan olur sərvətim,
Ivana “get” deməyə daha çatmır qeyrətim.
Ərşad Əzimzadə
20.01.2020
moderator