Çoxumuzun adi sandığımız addımların möcüzəsi
Göyəçöl kənd son illərə qədər Masallının onlarla kəndindən biri idi. Təxminən son 2 ildə isə könüllülərin, xeyriyyəçilərin köməyi ilə burada o qədər ürəkaçan işlər görülüb ki... az qala bütün rayona nümunə olalar.
Bu barədə bir neçə dəfə yazdığımdan təfərrüata varmaq istəmirəm. Sadəcə bəzi məqamları təkrar xatırlatmaq istəyirəm.
Göyəçöl kəndinə könüllülərin dəstəyi ilə hazırlanmış Şəhidlər Abidəsinin açılışı ilə bağlı dəvət olunmuşdum. Bu tədbirdən danışmazdan öncə isə qeyd edəcəyim bəzi məqamlar var.
Bakı-Astara yolunun əvvəlki trasından Göyəçölə dönən kimi rayon mərkəzindəki çala-çuxurlardan fərqli, olduqca rahat asfalt döşənmiş bir yola duşursən. Yol kənardakı səliqəli, mavi rəngli zibil qabları (kəndin zibil maşını da var), səliqəli avtobus dayancağı, yol boyu səliqəli həyətlər, dükanlar, sexlər...
Hazırda bu kənddə sosial obyekt adına nə desən var - müasir tipli məktəb, uşaq bağçası, stadion, həkim məntəqəsi,, kənd boyu 4-5 kilometrlik asfalt yol, həmin yolun kənarlarında gecələr kəndə yaraşıq verən elektrik işıqları... və sair. Bu işlərin isə yaradıcıları kəndin könüllüləri, xeyriyyəçi insanlarıdır. Göyəçöllülər zibilliklərin şəkillərin paylaşmır, onları könüllülər vasitəsi ilə toplayır, bu məqsədlə ayrılmış maşın vasitəsilə daşıyır, az qala hər fəsildə kənd ərazisində yüzlərlə ağac əkir, onlarla insana, eləcə də məktəb şagirdlərinə yardımlar edirlər. Artıq burada könüllü, xeyriyyəçi olmaq bir normaya, olmamaq, az qala ayıb bir işə çevrilib.
Kəndəki Şəhidlər abidəsi
Şəkildə gördüyünüz bu abidə kənd könüllürinin sonuncu işidir. Burada rəmzi abidə ilə yanaşı kəndin 6 şəhidinin xatirəsinə mərmər lövhələri də hazırlanıb. Qısa müddətdə xeyriyyəçilərin köməyi ilə inşa edilən bu kompleks yəqin ki, bundan sonra göyəçöllülərin and yerinə çevriləcək.
Abidənin açılışında Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla bir çox rayon rəhbərləri iştirak və çıxış etdilər. Çıxışçılar arasında kənd müəllimi, şəhid atası, xeyriyyəçi və digərləri var idi.
Məktəblilər təbirdə maraqlı kompozisiyalarla çıxış etdilər.
Kənd xeyriyyəçilərinin əsas təşkilatçılarından biri-Zaur Niftiyev kənddə, eləcə də bu abidənin açılışında zəhməti olanların adını qürurla xatırladı. Bildirdi ki, Əbil Muxtarov, Qulu Əbülfəzov, Akif Əsədov, Əbil Mirzəyev, Zaur Abiyev, Firqət Həsənov, İnşallah Abbasov, Məzahir Abiyev, Nasif İsrafilov, Sahəddin Mirzəyev, Elman Rəhimov, Rəşadət və başqaları bu xeyirxah işlərin reallaşmasında əməklərini və vəsaitlərini əsirgəməyiblər.
Göyəçüllülərin bəxti bir də onda gətirib ki, bu kənddə bütün ruhu ilə kəndə bağlı olan, hər çətin işdə həmyerlilərinə dayaq olan, imkanı daxilində vəsaitini əsirgəməyən Xudayar Rəhimov kimi iş adamı-xeyriyyəçisi var.
Bütün bu işləri təşkilatçılığı ilə daha səmərəli məcraya yönəldilməsində Zaur Niftiyevin də zəhməti yüksək dəyərə malikdir.
İnanırıq ki, yaxın vaxtlarda Göyəçöl kəndindən könüllülərin, xeyriyyəçilərin daha uğurlu işlərinin sorağını eşidəcəyik.
Cenub.az