Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

21yanvar 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, harda qalmısan? Bu şaxtada ayaqlarım dondu ki.
- Tədbirə çağırmışdılar da. Özü də icra başçısının yanındakı tədbirə. Başçı əvvəl üzrxahlıq elədi ki, sizi Varşavaya, Vilnusa, Kiyevə ... daha haralara tədbirə çağırırlar, lakin biz sizi bəzi–bəzi səbəblərdən öz tədbirlərimizə çağıra bulmirik. Düzü mən istəyirəm e, intəhası ətrafım- da bir-iki cındır var, onlar imkan vermir. İnşallah, bazar yerini tamam- kamal satıb qurtarandan sonra by cür işlərə diqqəti artıracağıq.
- Bəs tədbirin adı nə idi ? Nədən danışırdılar?
- Tədbir ilin yekunlarına həsr olunmuşdu. Başçı demək olar ki, bütün rəhbərlərə təşəkkürünü bildirdi. İlk öncə maliyyə şöbəsini təriflərə qərq etdi. Dedi ki, duşmən olsaq da, aramızda ədavət olsa da, sirlərimizi dağıtmır. 100 manatlıq işə 100 min manat silsək də, sirrimizi heç qardaşına da bildirmir. Çünki Beynəlxalq Konvensiyanın sirlərinə bələddir. Bilir ki, rüşvətin, korrepsiyanın ədavətə, düsmənçiliyə heç dəxli yoxdur. Yəni, pulumuzu qazanaq, sonra düşmənçilik edərik də.
- Daha kimlərə təşəkkür düşdü?
- Elə iclas başdan-ayağa təşəkkürnamə idi də. Məsələn, hərbi komissarlığa təşəkkür etdi ki, o lay divar oğlanların arzusunu gözündə qoyub, yaxşı edir ki, onları şərəfli hərbi xidmətə göndərmir. Pullarını da alır, özlərini də bər-bəzəkli şirkətlərdə, restoranlarda, saunalarda çürüdür. Yoxsa, gəlib ordakıları da pozacaqlar. Başlayacaqlar ermənilərlə kalkotka alverinə.
- Bəs ünvanlı yardım edənlərə nə dedi?
- Sən bilirsən ki, başçımız müdrik adamdır. O, bəzən xalqın da səhvlə-rini düzəldir. Deyir ki, “unvanlı yardım” ifadəsini insanlar düzgün dərk etmir. Elə kasıb-kusubun ünvanı olmur ki, başçının da, nazirin də, prokurorun da ünvanı var. Ona görə bu ünvanlı yardımdan hər ünvana çatmalıdır. İndi, Allaha şükür yardım illik oldu, daha xırdaçılıq etməyib, elə əvvəldən həmin pulu əsas ünvanlara göndərib, sonra imkan olsa, bir az da kasıb–kusubun ünvanına çatdıracağıq. Buna görə də həmin idarənin rəhbəlinə böyük təşəkkürlər ünvanladı. Dedi, sağ olsunlar ki, binanı qəşəng təmir elətdirdilər. İndi divarlar şüp-şümaldır, nə qədər qarğış, söyüş olsa, şappadan sürüşür gəlir, divarlarda ləkəsi qalmır.
- Nə maraqlı iclas imiş. Deputat da gəlmişdi?
- Əlbətdə.
- Bakıba, restoranda dediklərini orada da dedi?
- Yox, burada çox sakit idi. Ancaq şəkil çəkdirdi. Amma başçı o məsə-ləyə toxundu. Bildirdi ki, bəziləri narahat olur ki, guya deputat deyir ki, biz bəzi atasını–anasını tanımayanlara da vəzifə veririk. Tutaq ki, ata- anasını tanıyan vəzifəlilər nə edir ki, bunlar nə edə. Əsas odur ki, hamı babasını tanıyır. İndi elə zamandır ki, bəzilərinin atasının dəqiq kim olduğunu təyin etmək üçün gərək onlara etnoqraf, ginekoloq... daha kimləri dəvət edəsən.
- Bəs ən maraqlı nə oldu?
- Ən maraqlısı tədbirdə şeytanın etiraz məktubunun oxunuşu oldu. Sən demə, həccə gedən bəzi məmurlarımız orada problemlə üzləşib. Onlar şeytana daş atan məqamda bir də görüblər ki, şeytan bunların üstünə gəlir. Əvvəl-əvvəl çaşırlar. Başlayırlar yaltaqlanmağa ki, biz sənə daş atmırdıq. Elə əlimizdə bir-birimizlə beşdaş oynayırdıq. Şeytansa gözün bərəldib deyir ki, mənə treninq keçirsüz, mənə kələk gəlirsüz? Mən sizi gəldiyiniz yerə təhkim etmişəm ki, orada şeytanlıq edəsinız, oranı qarış-dırasınız, orada firıldaqlar edəsiniz. Postunuzu yiyəsiz qoyub bura niyə gəlmisiniz? Ona görə şeytan tələb edir ki, elə şeytan qanunları ilə onlar cəzalandırılsın, təhkim olunduqları yerlərdə öz qəbirlərini öz ekskava-torları ilə qazdırsınlar. Yoxsa işi Şeytanların Beynəlxalq Məhkəməsinə verəcək.
Deyirlər, məclisdə kövrəklənənlər də oldu?
- Heç bilməzdəm ki, başçı belə nazik qəlbli imiş. Hamıya təşəkkür etsə də, özünə məzəmmət etdi. Dedi ki, hara tamah eləsəm də, gərək bu abunə məsələsinə tamah eləməyəydim. Bir-iki uşaq-muşağın sözünə uyub, yalançı abunə pulundan gələn payı gərək qaytaraydım. İndi başa düşürəm ki, özünə hörmət qoyan rəhbər bu qədər sərvətin içində kasıbçılıqdan ufuldayan müəllimlərin pulunu abunə adı ilə, mədəni dilənçıliklə mənimsəməməli idim. Tamah bizi məhv edib də, neyləyək?
- Yəni bu qədər humanustdır?
- Bəs necə!? Butun xəbərçilərinə tapşırıb ki, kimin 10-15 mindən yuxarı pulu var, mənə xəbər verin ki, onları oğrudan, quldurdan qoruyum. Lap istəsələr, köçürtsünlər büdcədənkanar fonda, pullarını orda saxlayaq.
- Bəs iclasda bizdən bir şey demədilər?
- Niyə, bizə də xeyli təşəkkür etdi. Dedi, sağ olun ki, əsas qiymətləri – dükan yeri, saxta qırmızı bilet, ünvanlı yardım və sair mühüm sahələrə aid qyimətləri, dəllalların tasını vaxtaşırı çap edib əhalini məlumatlandırırsınız. Yoxsa, çox qarışıqlıq olar.
- Lap elə belə də dedi. Sifətində heç bir dəyişiklik olmadı?
- Başqa bir şey olmadı. Amma bu məsələdən danışanda nəsə həyəcanlandı, əlində dollara bükülü bir şey var idi, onu iyləyib sonra danışdı. Hətta iclasdan çıxanda mənə yaxınlaşıb bildirdi ki, sonuncu sayınızdakı karikaturaya görə bizə xüsusi minnətdarlıq düşür. Çünki, bu kişi narahat imiş ki, xalq 5-6 aya ayılar, ayağa qalxıb, onun bu fırıldaqlarının haqq-hesablarını çəkər. Amma papaq altında yatan oğlanların çox şirin, möhkəm yatdığını görəndən sonra tam arxa-yınlaşıb. Deyir ki, o şəkillərə baxandan sonra elə bil ürəyimə su səpildi. Arxayın oldum ki, bu millətin nərləri, şirləri papaq altında elə şirin yatıb ki, hələ on illər ayılmaq təhlükələri yoxdur, lap köynə-yin, şalvarın çıxartsan da, xəbərləri olmaz. Amma gərək üstlərinə bir az pul da səpəydiniz. Çünki belələri pulu yuxuda da görəndə, vicdan, qeyrət, filan–pəsməkan yadlarından çıxır.
- Qısası, kişinin ürəyi dolu idi. İntəhası qonşu rayondakı patronunun yanına məsləhətə gedirdi, ona görə sohbəti yarımçıq saxladıq. Lap sonda heç kimə bildirməmək şərti ilə lap yavaşdan soylədi ki, 1 milyon manatlıq villada tikinti başa çatmaq üzrədir. İşlər bitən kimi çıxıram aradan.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10